Natiq Güləhmədoğlu qardaşının və dayısı oğlunun həbsinə aydınlıq gətirdi
Dünən Sabirabad polisi qəzetimizin əməkdaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlunun qardaşını və dayısı oğlunu həbs edib. Hakimiyyət həbs üçün xüsusi nə isə uydurmağa ehtiyac duymayıb. Onlar ənənəvi “narkotik” ittihamıyla tutulublar. Natiq bəy “facebook” səhifəsində bu həbslərə münasibət bildirib.
Bilmirəm geniş izahata ehtiyac varmı? Bu gün Sabirabad polisi qardaşım Muradı, dayım oğlu Səbuhini ayrı-ayrı yerlərdə müəyyən zaman aralığı ilə həbs edib. Onları narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirirlər.
Murad da, Səbuhi də mənim “qurban”ımdı.
Hökumət yenə də xislətinə sadiqdir, mənə belə təsir etmək istəyirlər. Murada dəfələrlə demişdim ki, mənə görə sənin başına min bir oyun gətirə bilərlər, çünki son vaxtlar aramsız təhdidlər almaqdayam, sadəcə ictimai xofu gücləndirməmək üçün onlara xəbər eləməyə qıymırdım.
AŞ PA-ya səfərim zamanı təhdidin lap şərəfsiz forması gəldi və onlara xəbər yetirdim ki, əbəsdir.
Xülasə, bu gözlənilən hadisəydi.ÿ
Səbəbi kiməsə xüsusi izah etməyə gərək varsa, mən hazır. Məqsəd məni susdurmaqdır; AXCP-də, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramındakı fəaliyyətimdir.
Bunu bacaracaqlarımı? Hətta belə bir sualla məni kim qarşı-qarşıya qoysa, özümə həqarət sayaram.
Heç nə yox, qızı, özü şərlənərək həbsə atılan Tofiq Yaqublunun azadlıqda qalan və bizlə çiyindaş olan o biri qızı Nərgiz nümunəsi var.ÿ
Atası, oğlu ağır məhbəs həyatına ürcah olan Təzəxan Mirələmlidən ayıbdır.
Natiq bir an da tərəddüd etməyəcək. Lap günü sabah Muradın iki köprə qızını da götürüb həbsə atın. Alınmayacaq.
Zülmlə mübarizədə güzəşt yoxdur. Şümürlər, Yezidlər güclü ola bilər, ancaq ədalətsiz olduqlarına görə həmişə qarşımızda zəlil olaraq qalacaqlar.
Işin halları ilə bağlı bəzi məqamlar.
Bu qeydlər yazılanda qardaşımın və dayım oğlunun saxlanmasından 8 saatadək vaxt ötüb. Buna baxmayaraq Sabirabad polisi bizim israralarımıza rəğmən həbslə bağlı bizə rəsmi açıqlama verməkdən imtina edir. Kim bilir, bu müddətdə onlara işgəncə verib boyunlarına hansı bəşəri cinayətləri qoymaq istəyirlər…
Mən həm də AXCP Sabirabad şöbəsindən Ali Məclis üzvüyəm. Ötən bazarkı qərarımıza görə, martın 10-u kənddə, bizim evdə genişləndirilmiş müşavirəmiz keçirilməlidir.
Sabirabad rəhbərliyi həmişə bizim belə müşavirələrimizi ajiotajla qarşılayır, təkcə onu yada salmaq kifayətdir ki, sonuncu belə müşavirədə (dekabr) mən və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı elə bugünkü həbsi həyata keçirən adamların zorakılığına məruz qalaraq şöbədə saxlanmışdıq.
Baş verən bu həbsdə Sabirabadın yerli hakimiyyətinin əvəzsiz rolu danılmazdır, lakin Natiq Ədilovun bu və eləcə də başqa işlərə görə hədəfi heç vaxt lokal səviyyəyə enməyəcək. Bais və hədəf hansısa üzəduran və böhtançı polis yox, Ilham Əliyev, onun yarıtmaz idarəetməsidir.
Həbslə bağlı təfərrüatları növbəti gün çatdıracağam.