Dünyanın nüfuzlu nəşrləri yenə Azərbaycan hökumətinin repressiya siyasəti və korrupsiyasını ifşa edir
«Idmançılar, xarici jurnalistlər çıxıb gedəcəklər, Azərbaycan xalqı isə qalıb bunun bədəlini ödəməli olacaq»
Belə görünür ki, Bakıda keçirilən birinci Avropa Oyunları başa çatana qədər dünyanın ən nüfuzlu media orqanları Azərbaycanda insan hüquqlarının real vəziyyəti, Əliyev hakimiyyətinin mahiyyəti, repressiyalar barədə bütün dünya ictimaiyyətini kifayət qədər məlumatlandıracaq. Gündəlik milyonlarla oxucusu olan “The Guardian”, “Haaretz”, “Der Spiegel” və s. nəşrlər Bakıda keçirilən turnir fonunda bu ölkədə diktatura rejiminin hökm sürməsindən, zahiri parıltının arxasındakı insan fəryadından bəhs edir. Nüfuzlu media orqanlarının Azərbaycan barədə məqalələrini ixtisarla təqdim edirik:
“The Guardian”: “Azərbaycanın siması hazırda həbsxanada olan dəyərli insanlardır”
Ötən həftənin sonu müasir idman tarixində ən pis hadisələrdən biri başlandı. Olimpiya Hərəkatı Bakıda ilk Avropa Oyunlarını keçirir. Nəzəri baxımdan bu Avropa üçün Pan-Amerika, Asiya Oyunları tipli bir turnirdir. Hərçənd, buna heç bir ehtiyac yox idi. Çünki Olimpiya oyunlarının hər biri üzrə Avropa çempionatları keçirilir.
Avropa Olimpiya Komitəsinin irlandiyalı prezidenti Patrik Hikki rəhbərlik etdiyi qurumun vəsaitlərinə qənaət etmək məqsədilə pullu tiranlar axtarmağa başladı. Əvvəlcə Belarus diktatorunu bu işə qoşmaq istədi. O, qoca və zalım Aleksandr Lukaşenkoya Olimpiya hərəkatına yatırım qarşılığında böyük mükafat vəd etdi. Lakin onun bu cəhdləri əbəs idi. Çünki Lukaşenkonun çox pis idarə etdiyi ölkə belə turniri keçirmək üçün həddindən artıq kasıbdır. Belə olan halda, Hikki Azərbaycandakı mafiyaya üz tutdu. Böyük neft dollarlarını ələ keçirmiş Azərbaycan hakimiyyəti beynəlxalq aləmdə nüfuz qazanmaq üçün həmin pulları xərcləməyə razılıq verdi.
Azərbaycanda həbsdə olan siyasi məhbusların – jurnalistlərin, fəallarının azadlığa buraxılması üçün etiraz aksiyaları keçirən “Insan hüquqları naminə idman!” kampaniyasının təşkilatçıları Bakıdakı Avropa Oyunlarının boykot olunmasını istəməyiblər. Onlar istədiyi budur ki, Avropa dövlətlərinin hökumətləri, idmançıları, olimpiya komitələri Azərbaycan hakimiyyətini siyasi məhbusları azadlığa buraxmağa çağırsınlar. Məsələn, Xədicə Ismayılova kimiləri… O, hökumətdə korrupsiyanı ifşa edən yazılarına görə həbsxanaya salınıb. Ismayılova həbsxana kamerasından “The New York Times”a göndərdiyi məktubda yazıb ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət heç vaxt indiki qədər acınacaqlı olmayıb. Ölkəsinə gələnlərdən də xahiş edir ki, oradakı parıltıya aldanmasınlar, korrupsiyadan, repressiyalardan diqqəti yayındırmasınlar.
Turnirin təşkilatçıları iştirakçıların tənqidi fikirlərinin qarşısını almağa çalışırlar. Yarış iştirakçılarına toplantı keçirmək, siyasi, dini, irqi mövzularda təbliğat xarakterli çıxışlar etmək qadağan olunub.
Azərbaycanın siması bu oyunların təşkilatçıları və ondan faydalananlar deyil, hazırda həbsxanada olan dəyərli insanlardır.
“Haaretz”: “Əliyevin gizlətməyə çalışdığı gerçəkliklərdən pərdəni götürənlər həbs olunur”
Bakıda Avropa Oyunlarının açılışı Olimpiada miqyasında keçirildi. Bu, Əliyev hökumətinin ölkənin sərvətlərini mənimsəməsini, Azərbaycanda insan haqlarını boğmasını ört-basdır etmək üçün həyata keçirdiyi planın tərkib hissəsi idi.
Xəzər dənizinin sahilində yerləşən Bakıda çoxsaylı yeni binalar, parlaq mərmər və qranitlər, avto-salonlar, son Italiya dəbindən olan paltar mağazaları gözə dəyir.
Ölkənin neft-qaz gəlirlərinin əhəmiyyətli hissəsi prezident Ilham Əliyevin repressiv rejiminin saxlanılmasına sərf olunub. Onun atası, mərhum Heydər Əliyev Azərbaycanın müstəqilliyindən əvvəl “KQB”nin rəhbəri, Kommunist Partiyasının Bakıda birinci katibi, Moskvada Siyasi Büronun üzvü olub.
Uzun illərdir ki, Azərbaycana Əliyevlər rəhbərlik edir. 2012-ci ildə Bakı “Eurovision”a “ev sahibliyi” etdi. Bu məqsədlə dəniz sahilində xüsusi konsert zalı inşa olundu. Ötən həftənin beşinci günündən isə Azərbaycan daha böyük şou – Avropa Oyunlarının keçirilməsinə başladı. Açılış 65 min tamaşaçı tutumu olan, yeni tikilmiş stadionda keçirildi.
Azərbaycanda Əliyev hökumətinin ört-basdır elədiyi gerçəkliklərin üzərindən pərdəni qaldırmağa çalışanlar təqiblərlə üzləşir, həbs olunur, ölkədən qaçmaq məcburiyyətində qalır. Məsələn, çoxsaylı beynəlxalq mükafatların sahibi olan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı, Əliyev və ətrafındakıların korrupsiyasını ifşa edən Xədicə Ismayılova. Onu yaşadığı mənzilə gizli şəkildə kamera yerləşdirilərək, yataq otağında lentə alınmış intim görüntülərilə şantaj etdilər. Xədicə Ismayılova şantaj qarşısında geri çəkilmədikdə həmin görüntülər internetdə yayımlandı. Ismayılova ötən ilin dekabrında saxta ittihamlarla həbs olunub və hələ də həbsxanada məhkəməsini gözləyir.
Ismayılova hazırda Azərbaycanda həbsxanada olan onlarla jurnalist, blogger, vəkil, hüquq müdafiəçisindən biridir. Başqalarının hüquqlarını müdafiə edən Rəsul Cəfərovun özü də ötən ilin avqustundan həbsxanadadır. Həbs olunana qədər onun həyata keçirdiyi işlərdən biri də Azərbaycanda insan haqlarının vəziyyətinə diqqət çəkmək məqsədilə təşkil olunan “Insan haqları naminə idman” kampaniyası idi. Cəfərov Avropa Oyunları ərəfəsində bu kampaniyanı keçirmək istəyirdi.
Siyasi repressiyalar sistemli ola bilər, amma çox nadir hallarda effektli olur. Rəsul Cəfərov qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 6 il 6 ay azadlıqdan məhrum edildi. Onun apellyasiya şikayəti üzrə məhkəmə prosesi Avropa Oyunlarının açılış gününə təyin olunsa da, bir neçə gün əvvəl təxirə salındığı bildirildi. Görünür, hakimiyyət dairələri başa düşür ki, ölkədə bu qədər xarici jurnalist olduğu bir vaxtda həmin məhkəmənin keçirilməsi Azərbaycanın imici baxımdan məqsədəuyğun deyil. Yeri gəlmişkən, hökumət özü üçün “potensial problem” saydığı xarici jurnalistlərə də viza verməkdən imtina edərək ölkəyə buraxmayıb. Maraqlıdır ki, hakimiyyət Avropa Oyunlarından maksimum faydalanmağa çalışdığı bir vaxtda bu haqda yazacaq jurnalistlərin ölkəyə gəlişinə də qadağa qoyur.
Avropa Olimpiya Komitəsi də Azərbaycan hökuməti kimi həyəcanla bu turnirin uğurlu keçməsinə çalışır. Necə ki, FIFA-nın devrilmiş prezidenti Zepp Blatter 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün yeni stadion və mehmanxanaların tikintisində öldürücü istidə çalışan fəhlələrin ən adi hüquq və təhlükəsizlik normalarına əməl olunmaması səbəbindən ölüm hallarını ört-basdır etməyə çalışırdı. Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki də yalnız Azərbaycan hökumətini tərifləməklə məşğuldur.
Məlumata görə, Bakıda keçirilən Avropa Oyunları Azərbaycana ən azı 7 milyard dollara başa gəlib.
FIFA ilə bağlı son həbslər, beynəlxalq araşdırmalar bir daha üzə çıxartdı ki, Olimpiada, dünya çempionatı, Formula-1, Qran-pri yarışları diktatura rejimləri, keçmiş sovet ölkələri, ərəb dünyası üçün sanki vitrin rolunu oynayır. Onlar pul hesabına bu yarışları almaqla özlərinə imic yaratmaq, yol tapmağa çalışırlar. Nəzarət olunmayan büdcə korrupsiya, çirkli pulların yuyulması kanalına çevrilir.
Gələn il Bakıda Formula-y yarışları keçiriləcək, dünyanın ən sürətli avtomobilləri bu şəhərin küçələrində şütüyəcək. Diktatorlar və idman təşkilatlarının prezidentlərini ümumi maraqlar birləşdirir.
Avropa Oyunlarının nüfuzuna ilk zərbə ötən həftənin əvvəlində – Hollandiya növbəti dəfə 2019-cu ildə keçiriləcək bu turnirə “ev sahibliyi” etməkdən imtina edəndə dəydi. Belə çıxır ki, əgər Rusiya və ya keçmiş sovet ölkələrindən hər hansı biri addım atmasa, o halda, Bakı bu Avropa Oyunlarını keçirən birinci və axırıncı ölkə olacaq.
Avropanın bir sıra hökumətləri Azərbaycandakı vəziyyətə etiraz olaraq, Bakıda açılış məraisiminə qatılmadı. Almaniya isə kifayət qədər aşağı ranqlı rəsmi şəxslə təmsil olundu.
Israil Avropa Oyunlarına 140 idmançı göndərib. Nəzərə alsaq ki, Avropanın tanınmış atletlərinin çoxu bu yarışa gəlməyib, bu halda, medal aclığı çəkən israillilər üçün yaxşı fürsət yaranıb. Israil Azərbaycanda insan hüquqlarının vəziyyətinə görə bu turnirdən təsir üçün istifadə edən sonuncu ölkə ola bilər. Bunun da dərin səbəbi var. Azərbaycan Israilin strateji müttəfiqidir, Israilə əsas neft satıcılarından biridir, eyni zamanda rəsmi Bakı Israildən böyük məbləğdə silah-sursat alır. Azərbaycan Iranla sərhəddə yerləşir. Bu da Israil kəşfiyyatı üçün tərəfdaş olaraq Azərbaycanın dəyərini artırır.
Azərbaycanın Avropanın bir çox ölkələrilə neft-qaz müqavilələri var. Futbol üzrə dünya çempionatından, Olimpiadadan fərqli olaraq, Avropa Oyunları bir o qədər əhəmiyyətli turnir olmadığından elə də böyük diqqət cəlb etmir.
Əliyevlər üçüncü dərəcəli mini-Olimpiadanı böyük bir hadisəyə çevirməyə çalışır. Olimpiya bürokratları, idmançıları, xarici media nümayəndələri çıxıb gedəcəklər, Azərbaycan xalqı isə qalıb bunun bədəlini ödəməli olacaq.
“Der Spiegel”: “Bakıda Əliyev, Rəhimov və Hikkinin gizli razılaşması…”
Bakıda keçirilən Avropa Oyunları Azərbaycanın mütləq hakimi Ilham Əliyevin təbliğat şousudur. Bu idman yarışının təkcə özü yox, tarixi də şübhəlidir.
Dünyanın idman liderləri bu ölkədə insan haqlarının pozulmasına, mətbuat azadlığının məhdudlaşdırılmasına etiraz etmədilər və Bakıdakı yeni Olimpiya stadionunun tribunalarında Ilham Əliyevlə yanaşı əyləşərək, onu alqışladılar. Ilham Əliyev diktatorlardan biri olmaqla yanaşı, həm də Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. Həm də səxavətlə pul xərcləyəndir.
Əliyev öz təbliğatı üçün ən azı 6 milyard dollar xərcləyib.
Avropa Olimpiya Komitəsi hələ 2007-ci ildə Avropa Oyunları keçirmək qərarı vermişdi. Bundan dörd il keçsə də, “Deloitte” hüquq firması təşkilatçılar üçün tələblər paketini hazırlayıb Patrik Hikkiyə təqdim etməmişdi.
Sonradan qərara alındı ki, Avropa Oyunlarının Londonda 2012-ci ildə keçirilən Olimpiadadan 3 il sonra keçirilməsi məqsədəuyğundur.
Əliyev 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində Patrik Hikkini Azərbaycana dəvət etmişdi. “Eurovision”un finalına 3 gün qalmış Beynəlxalq Olimpiya Komitəsinin Kanadada keçirilən toplantısında Icraiyyə Komitəsi 2020-ci il Olimpiadasına “ev sahibliyi” edəcək dövlətlə bağlı verdiyi qərarla ikinci dəfə rəsmi Bakının ümidini dəfn elədi. Bundan əvvəl Azərbaycan 2016-cı il Olimpiadasına “ev sahibliyi” etmək üçün müraciət etmiş və bu cəhdi uğursuz olmuşdu. Hikkinin Bakıya səfəri gerçəkləşirdi. Kanadadan qayıdan idman naziri Azad Rəhimov şefi Əliyevə bu haqda hesabat verdi.
Əliyev, Hikki və Rəhimov razılaşma əldə etdilər. 2020-ci ilin Olimpiadası əvəzinə, 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verildi. Paralel olaraq, nazir Rəhimov 2019-cu ildə keçiriləcək Yay Universiadasına (tələbələrin idman turniri) “ev sahibliyi” etmək üçün də ərizə verdi. Lakin bunun əvəzinə Azərbaycana 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyununu keçirmək hüququ verildi – hazırda Britaniya Olimpiya Assosiasiyasının rəhbəri olan Lord Kounun köməyilə.
Avropa Oyunlarına “ev sahibliyi” məsələsilə bağlı razılaşma 2012-ci ilin dekabrında Romada 38 nəfər lehinə, 8-i əleyhinə olmaqla rəsmiləşib. Özü də bu turnirə “ev sahibliyi” etmək üçün Azərbaycandan başqa namizəd olmayıb. Kou da səsvermə zamanı Azərbaycanın xeyrinə mövqe nümayiş etdirib.
Kounun Bakıda, keçmiş sovet ölkələrindən Türkmənistanda da biznesi var.
Növbəti Avropa Oyunlarının 2019-cu ildə Hollandiyada keçirilməsinə qərar verilmişdi. Lakin bir neçə gün əvvəl Hollandiya maliyyə sərfiyyatının çoxluğunu əsas gətirərək, bu turniri keçirməkdən imtina etdi.
Hikki və köməkçiləri indi ümidsizcəsinə çıxış yolu axtarırlar. Ən yaxşısı budur ki, turnirə “ev sahibliyi” edəcək ölkə demokratik olsun – bəs pulu kim ödəsin? Ümid diktatorluğuna görə 2012-ci ilin yayında London Olimpiadasına buraxılmayan və Hikkinin yaxın dostu olan Aleksandr Lukaşenkoya qalıb