Şəhid qardaşı sosial müavinət ehtiyacının qurbanı oldu; İcra başçısı onu aşağıladı; Bacısı başçıya “Azadlıq”da cavab verdi
Yanvarın 27-də Azərbaycanda daha bir intihara cəhd olub. Yevlax sakini, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov rayonun Sosial Müdafiə Mərkəzinin qarşısında özünü yandırıb. Nizami Kərimov hazırda Yevlax şəhər xəstəxanasındadır. Yaxınları “Azadlıq”a onun vəziyyətinin çox ağır olduğunu bildiriblər.
Nizami Kərimov əlildir, kiçiyinin 5 yaşı olmaqla, 3 uşağı var. Qardaşı Fəxrəddin Kərimov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova axar.az-a deyib ki, qardaşına Sosial Müdafiə Fondundan almaq istədiyi müavinətin altı aylıq məbləğini onlara vermək tələb olunub. O isə bununla razılaşmadığı üçün get-gələ salınıb: “Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Mərkəzinə müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan. Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm”.
Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov olayla bağlı danışıb. İcra başçısının sözlərinə görə, Nizami Kərimov 2013-cü il oktyabrın 1-nə kimi sosial yardım alıb. Ancaq aparılan araşdırma nəticəsində məlum olub ki, onun sosial vəziyyəti yaxşıdı, hətta özünə aid maşını da var. Elə bu səbəbdən də Nizami Kərimova verilən sosial yardım dayandırılıb.
İcra başçısı Nizami Kərimovun ailə üzvlərinin hadisəyə görə Sosial Müdafiə Mərkəzini günahkar sayması ilə razılaşmır: “Səhər saatlarında özüm də şəxsən xəstəxanaya getmişdim. Müstəntiq Nizami Kərimovdan özünə qəsdin səbəbini soruşsa da, o heç bir açıqlama vermək istəmədi. Bundan başqa, onun həm psixoloji problemləri var, həm də spirtli içki qəbul edir. Elə bu kimi səbəbləri nəzərə alaraq məsələni nəzarətdə saxlayırıq və lazımi araşdırmalar aparılır”.
Nizami Kərimovun bacısı oğlu Elnur Vəliyev “Azadlıq”a açıqlamasında icra başçısının dediklərini təkzib edib. O, dayısının spirtli içki qəbul etmədiyini bildirib: “Mənim dayım içki içən deyil. Deyilənlər yalandır. Son aylar get-gələ salmışdılar. Çıxış yolu kimi bu addımı atdı”.
Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova da “Azadlıq”a açıqlamasında icra başçısının dediklərinə vacab verib: “Ekspert çağırtdıracağıq, qardaşımın içki qəbul edib-etmədiyini müəyyənləşdirsin. Bezdirdilər, o da özünü yandırdı. Kim durduğu yerdə özünü yandırar? Dörd aydır get-gələ salıblar. Pul istəyirdilər, onun da həmin məbləği ödəməyə imkanı çatmırdı”.
Rəbiyyə Kərimova qardaşının vəziyyətinin ağır olduğunu və Bakıdan həkim aparıldığını bildirib.
Yevlax Rayon Polis Şöbəsindən isə “axar.az”a deyiblər ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır: “Bu dəqiqə onun özünü harada, necə yandırdığı haqqında məlumat yoxdur. Hazırda araşdırma aparılır”.
Səhiyyə Nazirliynin mətbuat xidmətinin rəhbəri Anar Qədrili “virtualaz.org”a açıqlamasında bildirib ki, Nizami Kərimov hazırda reanimasiyadadır və vəziyyəti orta ağırdır.
Yada salaq ki, sosial problemlərlə üzləşən əlillərin bu cür intihara əl atması ilk dəfə deyil Ötən ilin son ayında II qrup Qarabağ əlili Zaur Həsənov özünü yandırmış, üç gün sonra vəfat etmişdi.
Ramin DEKO