Bəri başdan etiraf edək ki, bir vaxtlar, lap elə sovet dönəmində “Ilanı Seyid Əhmədin əli ilə tutmaq” ifadəsi “hörməti-izzəti” olan fraza idi. Buna çox vaxt soyuq müharibə də deyirdilər. Yəni Seyid Əhməd “ilanı” qovalayırdı, onu bu işə təhrik edənlərin kimliyi haqda isə əfsanələr dolaşırdı. Məsələn, uzaq Afrika ölkəsində çevrilişə görə, SSRI-dən şübhələnsələr də, bunu sübut etmək mümkün deyildi. Sovet hökuməti devrilməkdə olan rejimlə əməkdaşlığı son günə qədər davam etdirir, ona yardım belə edirdi. Müxalifət qalib gəlirdi, devrilmiş diktator, Moskvaya gəlirdi və az sonra yeni iqtidar da Kreml ilə münasibətləri “qaydaya salırdı”. Buna qədər müxaliflərə yardım edən ABŞ və digər kapitalist ölkələrinin isə, bunu həzm etməkdən başqa çarəsi qalmırdı. Çox keçmirdi ki, SSRI başda olmaqla sosialist düşərgəsi də oxşar tələyə düşürdülər. Hazırda dünyadakı ən böyük terror təşkilatları da soyuq müharibədən qalan mirasdır.
Misal üçün, hazırda ölmüş hesab edilən(!) “Əl-Qaidə” lideri Bin-Laden və təşkilatı bir vaxtlar Əfqanıstanda Sovet Ordusuna qarşı döyüşürdü. Lakin 2001-ci ilin sentyabrında onun əslində kim olduğu məlum oldu. Son çeçen-rus müharibələrində baş verənlər də buna əyani sübutdur. Bir vaxtlar Cövhər Dudayevlə birlikdə rus imperiyasına qarşı vuruşanlar hazırda Rusiyanın Çeçenistanda vuran əlidir…
Yəni bu “Seyid Əhməd” məsələsi o qədər qəlizdir ki, bunu yalnız illər keçəndən sonra anlamaq olur. Digər tərəfdən isə, bu böyük dövlətlərə xas olan siyasətin bir formasıdır. Uzun sözün qısası, bu bizə aid olan bir şey deyil. Çünki bizdə seyid əhmədlər çoxdan leqal fəaliyyətdədir, yəni onların hamısı iqtidara işləyir…
“Azadlıq” qəzetinin faktiki olaraq, çökdürülmə kampaniyası buna parlaq misaldır. Bu kampaniyanı birbaşa Ilham Əliyevin apardığını sübut etməyə yəqin ki, ehtiyac yoxdur. Məsələ o qədər aydındır ki, burada “Seyid Əməd” izi də axtarmağa ehtiyac yoxdur. Yəni “Ilham Əliyev bizi ”Qasid” fimasının, Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun əli ilə çökdürmək istəyir” frazaları belə bu günün reallığında çox gülməli görünür. Və ən dəhşətlisi odur ki, bu gün bizdən “inciyən” və hakimiyyət tərəfindən sıxışdırılan “Yeni Müsavat” qəzetinin kollektivi günahı bəzi məmurlarda(!) “görür” və bizi də bunu “görməməkdə” suçlayır. Yəni biz də, “Seyidə” yəni “Qasid”in altında 85 min manatlıq “Mersedes”i olan deputat sahibinə və “Əhməd”ə, Bakı Metropliteninin rəisi Tağı Əhmədova qarşı hücuma keçməliyik. Və Ilham Əliyevə… mətbuatın dostu(!) deyə xitab edib, ondan kömək gözləməliyik. Hətta burada “ilanı Seyid (”Qasid”) Əhmədin (Bakı metropoliteni) əli ilə tutmaq” ifadəsindən də imtina etməliyik. Bir sözlə, özümüzü axmaq yerinə qoymalıyıq.
“Yeni Müsavat” qəzetindən olan dəyərli həmkarlarımın nəzərinə gözəl bildikləri bir neçə həqiqəti çatdırmaq zorundayam…
Metro keçidlərində ticarətə birbaşa Ilham Əliyevin əmisi oğlu nəzarət edir. Yalnız giriş qapısından içəridəki ticarət obyektləri Tağı Əhmədovun ixtiyarındadır. Maraqlıdır ki, bunu ilk dəfə ölkə ictimaiyyətinə duyuran da, elə hazırda Tağı Əhmədovu mətbuatın “düşməni” elan edən “Yeni Müsavat” qəzetidir. Tağı Əhmədov da bunu heç kimdən gizlətmir. Hətta müsahibələrinin birində dedi ki, “keçidlər mənim olsaydı, mən nələr edərdim, nələr…”
Qəzetlər isə, keçidlərdə satılır, keçidlərdə, mənim əzizlərim…
“Qasid” rəhbərinin isə, yuxarıda qeyd etdiyim kimi, təkcə “Mersedes”inin dəyəri bizə olan borcundan çoxdur…
Yəqin ki, Binə ticarət mərkəzinin kimə məxsus olmasını yazmağa ehtiyac görmürəm, çünki bu, “Azadlıq” qəzetinin “şəxsi” problemidir…
Heç olmasa, Tağı Əhmədovdan, “Qasid” firmasından “Seyid Əhməd” düzəldib bizi günahlandırmaq olardı ki, bəs biz də müxalifət qəzetiyik, bizi də “boğurlar”, niyə bizim də adımızı çəkmirsiniz?..
Bunu etmək bir yana, özlərini müstəqil adlandıran mətbu orqanları bu gün “Azadlıq”ı boğmaq istəyənlərin “Seyid Əhməd”inə çevriliblər. Halbuki, ən azı susmaqla həmrəylik göstərmək olardı. Görünür, bu da “qadağan” imiş…
“Azadlıq” qəzetinin hədəfi kiçik məmurların kaprizləri deyil, elə o məmurlarla bilikdə, 9 milyonluq xalqı girovluqda saxlayan Əliyevlər rejimidir…
Yeri gəlmişkən, bu gün məmur boyunduruğunda olan onlarla KIV var ki, müstəqil mətbuatın yeganə ünvanı olan “Azadlıq”a qarşı kampaniyaya qoşulmamaqla imic mücadiləsi verir.
Biz bunun da fərqindəyik və qiymətləndiririk…