80-ci illərin sonlarından başlayaraq, Azərbaycanın ali məktəb auditoriyalarında 17 və 30 yaşa qədər olan tələbələr az qala bərabər sayda idilər. Bu tələbələri, müəllim və məktəb partasından yenicə ayrılan uşaqlar bəzən zarafatla “Lomonosov” deyə çağırırdılar. Vəziyyət o qədər “xarakterik” idi ki, biz, yəni hərbi xidmətdən sonra ali məktəbə daxil olanlar, yada belə “düşmədik”. Təxminən bir aydan sonra, lomonosovlar öz bilik və bacarıqları ilə hamını heyran buraxdılar, müəllimlər belə mühazirəni onların üzünə baxaraq danışmağa başladılar. Bizdən fərqli olaraq, onlar bütün müəllimləri tanıyırdılar. Bizim “hardan tanıyırsan” sualına “80-ci ildə məndən qəbul imtahanı götürüb”, “82-də məni ”konkursa saldı” kimi cavablar alırdıq. Kin saxlamazdılar, mehriban idilər. Bütün regionları əhatə edirdilər. Onların, demək olar, hamısı ailəli idi və birinci kursdan sonra qiyabi şöbəyə keçərək kəndə qayıdırdılar. Fəhləliyi bir kənara tullayaraq, kənddə müəllimlik etməyə başlayırdılar. Alimlik üçün nə vaxtları, nə də maddi imkanları oldu…
Onlar Heydər Əliyevin Sovet Azərbaycanında qurduğu rüşvət sisteminin qurbanları idilər. Ali məktəbə daxil olmaq üçün tələb olunan rüşvətin olmaması bu zəka sahiblərini on il, bəzən də 15 il geriyə atmışdı.
Belələri on minlərlə idi, onların çoxu eləcə savadlı fəhlə və kolxozçu olaraq qaldı…
Bu gün Azərbaycan cəmiyyəti movcudluğuna görə o illərə, yəni Heydər Əliyevsiz keçən o yeddi ilə borcludur. Məhz həmin illərdə təhsil alan ziyalılar bu gün cəmiyyətin aparıcı qüvvələrinin başında gəlir.
Rejimin bu qədər yaşamasında bərbad günə salınmış təhsilin rolu çox böyükdür. Obrazlı desək, “savadsızlıq fonunda rejim ağıllı görünür”…
Bunu gözəl başa düşən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələn kimi təhsili yenidən həmin illərə qaytardı. Səhv etmirəmsə, 1994-cü ildə, ovaxtkı Milli Məclisin spikeri Rəsul Quliyev ali məktəb müəllimləri və elm adamları ilə görüşü zamanı maddi vəziyyətdən şikayət edən ziyalılara “gedin o vaxt necə işləyirdinizsə, indi də elə işləyin” komandası verdi. Bu eyni zamanda rüşvətə çağırış idi, çünki bundan əvvəl Rəsul müəllim onlara “Heydər Əliyevin vaxtında necə idi işləriniz” sualını vermişdi. Ziyalılar isə, ona “dərdimizi tərpətməyin, o zaman adam kimi yaşayırdıq” cavabını vermişdilər…
…Saysız-hesabsız özəl ali məktəblər bundan sonra yarandı. Təhsil haqqları vətəndaşların cibinə və istəklərinə uyğun olaraq, “balans”laşdırıldı. Valideyn bu gün min beş yüz manatdan səkkiz min manata qədər olan məbləğ arasında seçim etmək imkanındadır.
Bir neçə il əvvəl, bir qohumumun övladına görə belə özəl universitetlərin birinə (ABU deyildi – X.Ə.) getmişdim. Görüşməli olduğum dekanın kim olduğunu desəm, yəqin ki, inanmayacaqsınız. Yəqin fikirləşəcəksiniz, ixtisasca fakültəyə uyğun gəlməyən biridir, nə olsun ki… Yanılırsınız, dekan elə həmin fakültənin… III kurs tələbəsi, eyni zamanda rektorun yaxın qohumu idi. Bax, belə…
Misir Mərdanovun yerinə gətirilən Mikayıl Cabbarovun ilk addımı bu il orta məktəbi bitirənlərə havayı (!) atestat paylamaq oldu. Başda təhsilin “hamisi” (!) Ramiz Mehdiyev və TQDK sədri Məleykə Abbaszadə olmaqla bütün “təhsil aşiqləri” susdular. Təsəvvür edin, attestatları Misir Mərdanov paylasaydı nə həngamə qopa bilərdi…
Yeni nazir uşaqlıq dostlarını nazirliyə toplamaqda davam edir. Uşaqlara hörmət əlaməti olaraq, uşaq bağçaları (!) da Bakı şəhər icra hakimiyyətindən alınaraq, yenidən Təhsil Nazirliyinə qaytarıldı.
Misir Mərdanovu tənqid edənlərin yeni nazirin gəlişi ilə susması, bunun hakimiyyətə bağlı bir mərkəzdən idarə olunmasını sübut etdi.
Yeni təhsil nazirinin ara-sıra repetitor müəllimlərin bostanına “daş atması” təsadüfi deyil. Məqsəd təhsilimizin özünü qoruma inistikti olan bu qeyri-rəsmi (!) sahəni çökdürməkdir. Hazırda Azərbaycan təhsilndə rejimə “tabe olmayan” yeganə sahə məhz repetitorluqdur. Bu sahənin məhz 70-ci illərdə yaranması isə… çox şeydən xəbər verir.
…Məhz repetitorlara göstərdiyi dözümə və hərdən cəsarətli özünətənqidə görə keçmiş nazir Ramiz Mehdiyevin qəzəbinə gəlmişdi.
…Hazırda təhsil rejim üçün təhlükəyə çevrilib. Iki ali məktəbin ayağa qalxması təsadüfi deyil, təhsil alverinin qorxunc fəsadları olmaqla bərabər, gəncliyin rejimə əlcək atmasıdır. Bu haqda da yazacağıq…