Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Kriminal aləmə ekzotik dünya kimi baxmağa meylli olan yeganə cinayətkar Ilham sayıla bilərdi. Ilham “Sovetski” uşağı idi. Narkotiklə gəlmişdi. Avantüristin biri idi. Günlərin birində məhkəmədən qayıdıb, “Hacı, istəyirəm korpusun ”smotryaşşi”si olum, nə məsləhətdir?”, – deyə soruşdu. Maraqlıdır ki, Bayıl türməsində yalnız 5-ci korpusda “polojeniya” yox idi. Bu korpusu əməlli-başlı təcrid etmişdilər. Burada siyasi dustaqları saxlayırdılar. Məndən başqa burada Hacı Məmmədovla bir dəstədə tutulanlar, Fərhad Əliyevin işi üzrə həbs olunan bir-iki nəfər də vardı. Əli Insanov da bu korpusdan yenicə getmişdi. Belə başa düşürdüm ki, həbsxana rəhbərliyi bu korpusu ətraf aləmlə intensiv ictimai əlaqə saxlaya biləcək adamlardan formalaşdırır və buna görə də digər korpuslarla bağları mümkün qədər kəsir.
Ilham “boks”da Bayılın vəziyyətinə baxan Səmədlə görüşmüşdü. Səməd beşinci korpusda “polojeniya” olmadığından danışmış və Ilhama, “Sənin kimi qardaşlar etməlidirlər bunu, cavan oğlansan, niyə qabağa düşüb yaxşı qardaşlardan ötrü əziyyət çəkməyəsən”, – demişdi. Ilham da bu sözlərdən ruhlanmışdı. Əlbəttə, böyük etimad sayılırdı. Bayıl kimi ünlü türmədə “polojeniya”ya baxan qardaş şəxsən özü ona qabağa düşməyi məsləhət eləmişdi. Ilham da bunu mənimlə məsləhətləşirdi. Bu uşağa nə deyəcəyimi bilmədim. “Şeş-çahar”, deyib Vaqifin üzünə baxdım. Yəni, davam elə. Sonra da Ilhama baxıb, “Qaqaş, bir az səbrini bas, bir şey fikirləşərik”, – dedim.
Nərd oynaya-oyana fikrim qalmışdı Ilhamın yanında. Indi mən buna nə deyim? “Yox” desəm, “ümumi işin qabağına kötük dığırladırsan”, deyib adamı sorğuya çəkərlər. “Hə” desəm, sonra yapışarlar yaxamdan ki, kömək elə. Nə qədər hörmət-izzətlə qəbul eləsələr də, mənim axı, bu kriminal aləmə aidiyyətim yoxdur. Birinci dəfə apelyasiya işinə çıxanda arıqdan da arıq, uzundan da uzun, 50 yaşının yaxasından tutub sinəsinə tərəf çəkən bir dustaq, – onun həyatının 30 ilinin qazamatlarda keçdiyini sonradan öyrəndim, – mənim kimliyimlə maraqlandı. Böyrümüzdəki tanımadığım başqa bir dustaq, “Qədeş, qəzetçidir, şərləyib tutublar. Allah canını sağ eləsin, 5-ci korpusda qardaşlara yaxşı kömək eləyir”, – demişdi. Sonra həmin o əndazəsiz uzun adamın “Belə oğlanlardan ötrü varam! Belələrini çəkib otuzdurmaq lazımdır bratvada” deməsi ifadə forması və ifadənin özü olaraq xoşuma gəlməmişdi. Buna görə də narazılığımı gizlətməyib, “Qaqaş, sən ”bratva” işinə baxırsan? O halda, arzuladıqlarını ürəyində götür-qoy elə! Mənim harada olacağımı da sən müəyyən etmirsən, özüm özümə görə müəyyən edirəm”, – demişdim. Bu söhbət həmin o arıq və uzun adamın başına yığışanların da ağır narazılığını yaratmamışdı. Birisi, hətta onun üzünə hırıldayıb, “Qədeş, 30 il srok oturmaqla deyil e, gərək qabağındakının da nə qədər oturmağa nəfəsinin çatdığını hesablaya biləsən”, – demişdi. Elə oradaca balaca bir məşvərət keçirib mənim “can qurban eləməli qardaş” olduğum barədə isti sözlər demişdilər. Amma bu kriminal aləm və onu formada saxlayan münasibətlər mənlik deyildi. Sadəcə, bilirdim ki, ağzından çıxan sözün dəyərini elə hesablamalısan ki, 10 il sonra da həmin sözü sənə qarşı çevirə bilməsinlər. Şişirtmirəm, əlbəttə. Burada elə münasibətlər var ki, bir kəlmə sözü 10 il sonra “ayağa qaldırar”, “filan vaxt filan kəlməni niyə işlətdin?” sorğusunu atarlar.
Indi Ilhamla nə qədər isti münasibətimiz olsa da, nə qədər ərk eləsəm də, sabah ona verməyə hazırlaşdığım məsləhətin mənim qabağıma qoyula biləcəyinə şübhə etməməliydim. Nərdi başa vurub taxtanı qatladım. Ani olaraq ağlıma gələn parlaq ideyanı dərhal ortalığa atmaq istəmədim. Ona görə də Ilhama baxıb, “bəlkə, sonra, ikilikdə danışaq?” – dedim. Etiraz etdi. Dirəndi:
– Yox, bu elə məsələdir ki, gərək hamının yanında söhbət ola.
– Yaxşı, – dedim, – mənim sənə böyük hörmətim var, xətrini çox istəyirəm, sən də mənim xətrimi çox istəyirsən, amma mən bu məsələni səninlə danışa bilmərəm.
– Niyə?
– Ona görə ki, bizim yolumuz ayrıdır. Yox, mən demək istəmirəm ki, məni şərləyiblər, siyasi dustağam-filan. Sadəcə, yolumuz ayrıdır və bir-iki aya da tamam ayrılır.
– Necə yəni, yolumuz ayrılır?
– Belə də. Mən bilirəm ki, məhkəmə mənə ən azı 4 il iş verəcək. Amma sən də bilirsən ki, 4-5 dəfə məhkəməyə çıxıb, sonra evinizə gedəcəksən. Mən zona gedirəm, sən də evinizə. Indi mən sənə nə məsləhət verim? “Polojeniya”nı götür, ya götürmə, iki ay sonra onu kiməsə ötürmək barədə düşünəcəksən. Indi sənin üçün nə mənası var, bloknotu iki ay sonra kiməsə verdin, ya indi? Şöhrət lazımdır sənə?
Kameraya sükut çökdü. Ilham da dillənmədi. Əslində, çox böyük nəvazişlə və qayğıyla deyilmiş bu sözlərin arxasında çox ağır mətləblər dayanırdı. “Polojeniya”ya baxmaq cinayət aləmində “stremleniya” sayılırdı. Yəni, adam qanuni oğruların xeyir-duasını almaq yolunu tutub və bu istiqamətdə cəhd edir. Bu cür adamlara “stremlyaqa” deyirlər. “Stremlyaqa” həbsxanadan haqqanaz “srok”dan yayınmaq barədə yox, “qardaşlara” necə xeyir vermək barədə düşünməlidir. Bundan əlavə, Ilham 234.1-lə tutulub. Bu maddə ilə məhkəmə zalından açıb buraxmırlar. Bu maddə ilə yalnız bir nəfəri buraxıblar, o da Hüseyn Dərya. Hüseyn Dərya KVN-çi millət vəkili Anar Məmmədxanovun xüsusi himayəsi altında azadlığa çıxıb.
Ilham zona getməmək üçün danışıqlar aparırdı. Anası belə hesab edirdi ki, Ilham zona getsə, orada daha da üstələyəcək. Buna görə də məhkəmə ilə aparılan danışıqların məğzində bir mühüm məsələ dayanırdı: 6 min dolların müqabilində zona getməmək. Məhkəmə tərəfdən razılıq isə bundan ibarət idi: 6 ay iş. Bunun 4 ayını Ilham Bayılda keçirirdi. Məhkəmə prosesi Ilhama veriləcək işin tamamına iki ay qalana qədər uzadılacaqdı. Bundan sonra isə Ilham Bayılda “xoz” adlanan təsərrüfat bölməsinə keçiriləcək, əlini ağdan-qaraya vurmadan iki ayını oturub gedəcəkdi evlərinə. Kriminal aləmə dəxli olmayan adamlar, əsasən imkanlı şəxslər özlərini bu yolla türmədə saxlayırlar. Amma Ilham kriminal söhbətlərə qoşulur, korpusda vəziyyətə nəzarət etmək kimi iddialara düşürdü. Bu, hakimlə aparılan danışıqların məntiqi ilə səsləşmirdi.
Mən vəziyyətdən çıxdım. Ilham da korpusda vəziyyətə baxası olmadı. Kameradakı başqa uşaqlar da Ilhama məsləhət görmədilər. Həm də açıq mətnlə məsləhət görmədilər. Mən zona gedəcəyimi dəqiq bilən adam olduğum üçün bu qədər açıq danışmaq istəmədim. Vüqarın vecinə deyildi, o, pulunu verib məhkəmə zalından evə gedəcəkdi. Vaqif də sürücü baba idi, komendaturaya çıxacaqdı. Yerdə qalanların ikisi hərbçi idi, o birilərindən də məsləhət istəyən olmamışdı…
ardı var