ABŞ və Çin arasında tarixi iqlim sazişi aprelin 22-də Nyu-Yorkda imzalanacaq. BMT-nin baş katibi Pan Gi Mun tərəflərin bu təşəbbüsünü alqışlayıb. Bununla bağlı baş katibin yazılı bəyanatı da yayılıb. Bəyanatda bildirilir ki, baş katib Çin Xalq Respublikasının və Amerika Birləşmiş Ştatlarının prezidentlərinin iqlim dəyişikliklərinə dair birgə bəyanatından məmnun qalıb: “Hər iki ölkə Paris sazişini aprelin 22-də BMT-nin xüsusi mərasimində imzalayacaqlar”.
Pan Gi Munun sözlərinə görə, parnik qazları emissiyalarının bu iki ən iri istehsalçısının həmin emissiyaların azaldılması istiqamətində konkret addımlar atmaq niyyəti də onu ruhlandırır.
Xatırladaq ki, dünya liderləri orta qlobal temperaturun Selsi ilə 2 dərəcədən çox artmasına yol verməmək üçün ötən ilin dekabr ayında Parisdə yeni saziş qəbul ediblər. Sazişdə iqlim dəyişikliklərinə uyğunlaşmaq tədbirləri, iqlim dəyişikliklərinin nəticələrinə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə yardım göstərmək də nəzərdə tutulub.
Pan Gi Mun vurğulayıb ki, iqlim problemlərini həll etmədən yaxın 15 ildə bəşəriyyətin inkişaf istiqamətini müəyyən edən yeni Sabit Inkişaf Məqsədlərinə çatmaq mümkün olmayacaq.