Gültəkin Hacıbəyli: «Hakimiyyət də anlayır ki, öz gələcəyini Rusiyaya bağlamaq perspektivsiz bir işdir»
Dövlət başçısı Ilham Əliyev noyabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Hazırkı dönəmdə bu səfəri necə dəyərləndirmək olar? Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda insan haqlarının durumu ötən müdət ərzində ABŞ-da ciddi müzakirə olunub. Senat, Konqressdə Azərbaycandakı son duruma görə ölkəmizə qarşı sanksiyalara çağırış edilib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin fikrincə, ABŞ-dan olan nümayəndə heyətinin səfərinin I.Əliyevin “G-20″ sammitində iştirakı ilə də birbaşa əlaqəsi var. Çünki həmin toplantıda çıxışı zamanı I.Əliyev Qərbə, xüsusilə ABŞ-a, Böyük Britaniyaya isti mesajlar verdi. Həmin toplantıda Azərbaycanın enerji sektorunda inkişafa yalnız ABŞ-ın dəstəyi sahəsində nail olunduğunu vurğulayan I.Əliyev qeyd etmişdi ki, bu dəstək olmasaydı Azərbaycan hazırkı nailiyyətlərə çatmayacaqdı: ”Eyni zamanda Ilham Əliyev “G-20″ sammitində vurğulamışdı ki, Böyük Britaniya Azərbaycanda ən böyük investordur. Yəni bütün bu bəyanatlar Qərbə ünvanlanan mülayim jestlər idi. Hiss olunur ki, Azərbaycan hakimiyyəti Rusiyaya doğru kifayət qədər ciddi yol qətt edəndən sonra mülayim bir balans yaratmağa ehtiyac duyurlar. Xüsusilə də Rusiya ilə Azərbaycan arasında son dövrlər qaz ixracı sahəsində ciddi fikir ayrılığı yaşanır. Hazırda Iran-Ermənistan-Gürcüstandan keçməklə Avropaya yeni qaz kəmərinin çəkilməsi aktualdır. Bu eyni zamanda Gürcüstanın qaz ehtiyacının ödənilməsi və Azərbaycanın Gürcüstan bazarından sıxışdırılması baxımından aktualdır. Yəni təbii olaraq Rusiya ilə Azərbaycanın maraqları toqquşur”.
G.Hacıbəyli hesab edir ki, Rusiya Azərbaycanın Qərblə münasibətlərinin həddindən artıq korlandığını nəzərə alaraq, Azərbaycanın siyasi rəhbərliyinin onsuz da gedə biləcəyi yol yoxdur prinsipindən çıxış edərək, bu cür fəaliyyət göstərir. G.Hacıbəylinin fikrincə, Rusiya Azərbaycandan ala biləcəyi güzəştləri maksimum şəkildə almağa çalışır. Amma belə görünür ki, hələlik buna nail ola bilmir: “Ilham Əliyevin Qərbə reverans etməsi görünür bununla bağlıdır. Hakimiyyət də anlayır ki, öz gələcəyini Rusiyaya bağlamaq perspektivsiz bir işdir. Rusiya faktorundan yalnız müəyyən müddət Qərblə manevr imkanlarında istifadə etməklə yararlanmaq olar. Indi artıq o faktor da öz əhəmiyyətini itirir. Qərb Rusiyanın özünün hansı vəziyyətdə olduğunu gözəl bilir. Rusiya artıq Cənubi Qafqaz bölgəsinə dəstək vermək imkanındı deyil. Bütün bunları nəzərə alaraq Azərbaycan tərəfi ikitərəfli görüşlərdə, ABŞ-la münasibətlərin normallaşmasında maraqlı olduğunu daha açıq dillə ifadə edib. Düşünürəm ki, ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri məhz bununla bağlıdır”.
G.Hacıbəyli onu da xatırlatdı ki, bir müddət öncə Dövlət Departamenti Azərbaycanla təmasların təxirə salındığını ifadə etmişdi. Məhz bu səbəblə təmaslar təxirə salınmışdı. G.Hacıbəylinin sözlərinə görə, əgər bu təmaslar bu səviyyədə bərpa olunubsa, görünür Azərbaycan tərəfindən də hansısa öhdəliklər götürülüb.
Xəyal