Məhdudlaşdırma siyasəti əks-effekt verdi
Parlament seçkilərindən 4 gün ötür. Hakimiyyətin ciddi pərtlik yaşaması hər addımda hiss olunur. Hökumət mətbuatı, telekanallar sübut etməyə çalışırlar ki, xarici müşahidəçilər və yerli ictimaiyyət seçkiyə müsbət rəy verib. Belə ki, heç kimin tanımadığı xarici ekspertləri, ənam qarşılığında ölkəyə dəvət edilmiş müşahidəçiləri, seçki təcrübəsi olmayan 1-2 sorğu şirkətini “legitimlik dəstəsi” kimi önə veriblər. Seçkilərə legitimlik qazandırmaq üçün əsas istinad nöqtələri isə Rusiya mətbuatında dərc olunmuş materiallardı.
Göründüyü kimi, hakimiyyət növbəti dəfə cəmiyyəti aldatmaq, saxtakarlığı pərdələmək istəyir. Amerikalı, fransız, ingilis müşahidəçilərin “seçki şəffaf keçdi” kəlməsini yaymaqda məqsəd isə, cəmiyyətin Qərb demokratiyasına inamını öldürməkdi. Yəni mesaj vermək istəyirlər ki, sizin ümidlə baxdığınız Avropa da saxta seçkiyə müsbət rəy verdi.
Amma bütün bu “cəhdlər” effektsiz oldu və hakimiyyət cəmiyyəti çaşdıra bilmədi.
Seçki müşahidəçiliyindən imtina etmiş ATƏT, seçkidən sonra da “bu seçki deyildi” mesajın verdi. ABŞ Dövlət Departamenti ATƏT-in rəyini əsas götürdüyünü və bu seçkinin tərəqqiyə xidmət etmədiyini bildirdi. ABŞ Azərbaycan hökumətini ATƏT-lə işləməyə çağırdı və məhdudlaşdırıcı siyasi mühitin olduğunu bəyan etdi. Avropa Parlamentinin sədri Martin Şults Azərbaycanda keçirilən parlament seçkilərini antidemokratik adlandırdı. Seçkini Qərb strukturları içərisində müşahidə edən yeganə missiya – AŞ PA müşahidə qrupu nəticələri qiymətləndirmə məsələsində parçalandı və missiyanın 3 nəfər üzvü ayrıca bəyanat verərək bu seçkini demokratik saymadıqlarını elan etdilər. Yəni AŞ PA-nın yekun hesabatında da Azərbaycan hakimiyyəti üçün perspektiv görünmür.
Bütün bunlarla yanaşı Azərbyacan cəmiyyəti də birmənalı şəkildə seçkini boykot etdi. Əslində, səsvermə hüquqlu əhalinin seçkiyə getməməsi hakimiyyətə münasibətin göstəricisi idi. Bütün saxtakarlıqlardan, “karusel”lərdən sonra hökumətin etiraf etdiyi budur ki, seçicilərin yarısı seçkidə iştirak etməyib. Sosial şəbəkələrdə yayılan fotolardan da görünür ki, hətta seçkiyə gedənlər də hakimiyyəti boykot edib. Bəli, adamlar seçki bülletenlərinə “azad seçki”, “saxta seçkiyə son”, “əmək haqqı ala bilmirik”, “Transformator”, “kredit borcu” kimi adlar yazaraq, bu “namizəd”lərə səs verdilər. Yəni seçkiyə gedənlər də hakimiyyətin ifşasını həyata keçirdilər. Üstəlik, seçki saxtakarlığını ifşa edən onlarla video görüntülər, səs yazıları yayıldı.
Beləliklə, həm beynəlxalq aləm, həm də ölkə vətəndaşları seçkini boykot etdi və hakimiyyətin yalan təbliğatını “təpiklədi”.
Əslində, bu seçkilər hakimiyyət üçün ciddi mesaj, siqnal olmalıdır. Bir daha aydın oldu ki, insanları şərləyərək həbs etmək, seçki institutlarını sıradan çıxarmaq, yerli müşahidəçiləri zərərsizləşdirmək, müşahidə missiyalarına məhdudiyyət yaratmaq, müstəqil QHT-ləri qapatmaq heç nəyi həll etmir. Bu qədər məhdudlaşdırma siyasətindən sonra dünya və yerli ictimaiyyət seçkini tanımadı. Yəni hökumətin bu qədər “hazırlığı” nəticəni dəyişmədi.
Deməli, vətəndaşı daha çox sıxmaq, repressiyaları dərinləşdirmək əks-effekt verir. Əslində, bu dəfə müşahidə olunanlar cəmiyyətin dinc etirazının göstəricisi idi. Telefonla seçki saxtakarlığını çəkib, internetə yerləşdirmək, seçki bülleteninə tənqidi fikirlər yazıb sosial şəbəkədə paylaşmaq, müxtəlif karikaturalarla seçkiləri ələ salmaq, etiraz əlamətidir. Adamlar qorxusuna qalib gəlir, həbslər etiraz dalğasına sədd çəkə bilmir.
Bir sözlə, hakimiyyət bu dəfə beynəlxaqlq aləmin və ölkə vətəndaşının daha aqressiv münasibətiylə üz-üzə gəldi. Bu tendensiyadan nəticə çıxarmaq, ibrət götürmək lazımdı. Faktiki olaraq hakimiyyətin əlində cəmləşdirdiyi resurslar, istənilən nəticəni təmin etmədi.
İlham