Milli Şura tanınmış ilahiyyatçı Tale Bağırzadənin Yasamal rayon Polis idarəsində zor tətbiq edilməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Dünən tanınmış ilahiyyatçı Tale Bağırzadənin Yasamal rayon polis idarəsində doyülməsi, ona qarşı zor tətbiq edilməsi haqqında məlumatlar yayıldı. Məlumatlarda göstərilir ki, o, noyabrın 3-də Yasamal Rayonu Polis İdarəsinə çağırılaraq orada fiziki zorakılığa məruz qalıb. İlahiyyatçı ona qarşı fiziki zor tətbiq edən şəxsin Yasamal Rayonu Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev olduğunu bildirib. Yüksək rütbəli polis işçilərinin, DİN-nin vəzifəli şəxslərinin qanuna zidd olan belə zorakı hərəkətləri artıq adi hal almaqdadır. Bir müddət əvvəl Mingəçevir polis idarəsində baş vermiş ölüm hadisəsi heç kəsin yadından çıxmamışdır. Ondan əvvəl 14-cü cəzaçəkmə müəssisəsində Elşən Babayev adlı məhbus vəzifəli şəxslər tərəfindən döyülüb öldürülmüşdü. Bu yaxınlarda 2 saylı cəzaçəkmə müəssisəsində REAL hərəkatının rəhbəri İlqar Məmmədov bilavasitə Müəssisənin rəhbərliyi tərəfindən döyülmüşdü. İndi isə ilahiyyatçı Tale Bağırzadənin Yasamal rayon polis idarəsində bilavasitə rəis İsfəndiyar Mehbalıyev tərəfindən döyüldüyü haqqında məlumatlar yayılmışdır. Bu zorakılıq aktıdır və vəzifəli şəxs tərəfindən vətəndaşa qarşı törədilmiş qanunsuz əməldir. Yeri gəlmişkən İnanclı insana fiziki zor tətbiq etməklə onun dini ayın yerinə yetirməsinə maneə olmaq təkcə qanunsuzluq deyil, həm də cinayətdir. Azərbaycan Konstutusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını, dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyini təmin edir. Avropa Konvensiyasının 9-cu maddəsi vicdan və dini azadlıqlara yüksək təminat verir. Bu təminatların əvəzində Bakı şəhərinin polis idarələrinin birində namaz qılmaq istəyən dindarın qanını axıdırlar. Bu, sadəcə olaraq qanunu qorumalı olan DİN-in yüksək vəzifə sahiblərinin Azərbaycan konstitusiyası və qanunlarından ya xəbərsiz olduğunu göstərir, ya da ona məhəl qoymamasının aydın ifadəsidir. Biz Milli Şura olaraq tanınmış ilahiyyatçı Tale Bağırzadəyə qarşı törədilmiş bu zorakılıq əməlini pisləyir, vətəndaşı, dindarı və mömin bir şəxsi dövlətin ona etibar etdiyi bir idarədə dövlət mundirində döyüb təhqoir edən vəzifəli şəxs haqqında ölçü götürülməsini hakimiyyət orqanlarından tələb edirik”.