Ziyafət Əsgərov Oqtay Əsədovu devirə biləcəkmi?
Milli Məclisin spikeri postu uğrunda Ziyafət Əsgərovla Oqtay Əsədov arasında mübarizə gedir. Bu barədə məlumatı “Azadlıq”a hakimiyyətdəki mənbə verib. Mənbənin sözlərinə görə, Ziyafət Əsgərov çoxdandır ki, spiker postuna iddialadır. “Hələ 2010-cu ildə Ziyafət Əsgərov ciddi-cəhdlə Oqtay Əsədovun yerinə keçmək istəyirdi. Lakin Paşayevlərin və Qərbi Azərbaycan klanının dəstəyi nəticəsində Oqtay Əsədov yenə də spiker oldu. Bu dəfə isə Ziyafət Əsgərovda spiker olacağına əminlik yaranıb”.
Qaynağımız Ziyafət Əsgərovun əminliyini Oqtay Əsədovla deputatların bir çox arasında zidiyyətlərin olması ilə izah edir: “Milli Məclisi faktiki olaraq yenilənməyib. Deməli, Oqtay Əsədov bu dəfə spiker olarsa ziddiyyətdə olduğu deputatlarla işləməli olacaq. Ziyafət Əsgərov isə hesab edir ki, hakimiyyətdə təlatümlərin yaşadığı bir ərəfədə iqtidarın başbilənləri buna getməz”.
Bununla belə mənbəmiz hesab edir ki, Ziyafət Əsgərovun əminliyi özünü doğrultmaya bilər. Çünki Oqtay Əsədovun Paşayevlərdən və Qərbi Azərbaycan klanından böyük dəstəyi var.
“Ümumiyyətlə, Oqtay Əsədov Qərbi Azərbaycan klanının tanınmış simalarının ”vurulmasından” sonra yüksək posta gətirilib. Bu təyinat bir növ iqtidardakı Qərbi Azərbaycan klanının könlünü almaq məqsədi daşıyırdı. Digər tərəfdən Oqtay Əsədov iddialı şəxs deyil. Bu baxımdan yenidən onun spiker olacağını söyləmək olar. Onu da qeyd etməliyəm ki, Ziyafət Əsgərova da dəstək verən qruplar var”.