«Suriyada yüzlərlə insanı öldürən bir iqtidar var»
Suriyanın müxtəlif şəhərlərində hökumət qüvvələrinin müxaliflərə qarşı qanlı əməliyyatları davam edir. Ümumi Inqilab Şurasından yayılan açıqlamada bildirilir ki, Həma, Humus, Idlib və paytaxt Dəməşqin ətraf bölgələrində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı 12 nəfər həlak olub, onlarla yaralı var.
Yerli fəallar oktyabrın 31-də Dəra Universitetinin qarşısında keçirilən antihökumət aksiyası zamanı aralarında 4 qız tələbənin olduğu 57 tələbəni təhlükəsizlik qüvvələrinin həbs etdiyini bildirib. Nümayişçilər arasında tələbələrin çoxluq təşkil etdiyini söyləyən şahidlərin sözlərinə görə, həbs olunanların hansı istiqamətə aparıldığı və onlar barəsində heç bir məlumat almaq mümkün olmayıb.
Uzun illərdir Suriya ilə münasibətləri gərgin olan Livan hökumətinin polis rəsmisi Bəşər Əsədin başçılıq etdiyi rejimin təhlükəsizlik qüvvələrinin Livan ərazisinə soxularaq hakimiyyətə qarşı çıxan müxalifləri oğurladığına dair açıqlama verib. Livan polisindən yayılan məlumata görə, 89 yaşlı Şibli əl Aysami bu il mayın sonlarında Beyrutda qızının evindən çıxdıqdan sonra oğurlanıb.
Suriyanın hakim partiyası BƏƏS-in qurucularından olan, Əsədə qarşı müxaliflərin öndə gələn siması sayılan Aysami qızının evindən çıxdıqdan sonra qara bir idman tipli maşına mindirilərək naməlum istiqamətə aparılıb. Livan polisi əlavə edib ki, 3 suriyalı qardaş isə Suriyanın Beyrutdakı səfirliyinə aid maşınlar vasitəsilə, diplomatik pasport daşıyan xüsusi xidmət orqanının əməkdaşları tərəfindən qaçırılıb. Fevralda oğurlanan Cassem qardaşlarından bu günə qədər heç bir məlumat yoxdur.
Ötən ayın ortalarında Livan parlamentində keçirilən gizli toplantında çıxış edən Daxili Təhlükəsizlik Qüvvələrinin başçısı general Əşrəf Rifi adam oğurluğu hadisələrinin arxasında Suriyanın olduğunu bildirib. O, oğurluq hadisələrində istifadə olunan maşınların nömrələrinin, səfirlik əməkdaşlarının mobil telefon nömrələrinin və danışıqlarının əks olunduğu hesabat açıqlayıb. Rifinin toxunduğu oğurluq faktlarıyla bağlı rəsmi olaraq Livandakı Suriya səfirliyi günahlandırılıb. Hesabatda Suriyanın Livan təhlükəsizlik qüvvələrinin də dəstəyini alaraq ölkədəki müxalifəti boğmaq üçün əməliyyatları davam etdirəcəyi vurğulanırdı.
Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi partiyanın qrup toplantısında çıxışı zamanı Suriyada baş verənlərə toxunub. O, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan müxaliflərə səslənərək şanlı üsyanın qarşılıqsız qalmayacağını bildirib. Baş nazir Əsəd hakimiyyətinin dinc vətəndaşlara zülm etdiyini söyləyərək hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların şəhid olduğunu vurğulayıb.
“Suriya xalqı hazırda apardığı şanlı mübarizənin bəhrəsini görəcək. Demokratiya sözün əsl mənasında Suriyada öz sözünü deyəcək. Haqq və azadlıqları Suriya xalqı özü əldə edəcək. Bir adamın öldürülməsi bütün insanlığın öldürülməsidir. Amma çox təəssüf ki, Suriyada yüzlərlə insanı qətl edən, öldürən, şəhid edən bir iqtidar var. Bu iqtidar gücə söykənən bir iqtidardır. Bu iqtidar xalqın idarəsinə əsaslanan iqtidar deyil. Hadisələrə səssiz qalmağımız mümkün deyil. Lazımlı olan münasibəti ortaya qoymaq məcburiyyətindəyik”,- deyə Ərdoğan bildirib.