AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook səhifəsində parlament seçkilərini şərh edib:
Dünən keçirilən parlament seçkiləri total şəkildə saxtalaşdırılsa da, bu seçkiləri siyasi baxımdan heç də nəticəsiz saymaq olmaz. Bu nəticələr öz əhəmiyyətinə görə indiyə qədər keçirilən bütün parlament seçkilərindən daha mühüm hesab oluna bilər.
1) İndiyə qədər keçirilən və hakimiyyət tərəfindən saxtalaşdırılan bütün seçkilər hər dəfə cəmiyyətdə dərin bir məyusluq yaradır, siyasi mübarizənin perspektivi ilə bağlı inama böyük zərbə vururdu. Ona görə də hər saxtalaşdırlan seçkilər həm də müxalifət üçün siyasi travma hesab olunurdu. Hakimiyyət saxtalaşdırılmış seçkilərdən müxalifət düşərgəsində ruh düşkünlüyü yaratmaq üçün bir vasitə kimi istifadə edirdi. Ancaq bu dəfə belə olmadı. Seçki institutu o qədər “öldürüldü”ki, artıq cəmiyyət seçkilərə ciddi bir proses, mühüm əhəmiyyəti olan hadisə kimi baxmır. Ona görə də 1 noyabr parlament seçkilərinin saxtalaşdırılması nəinki kütləvi məyusluq yaratmadı, əksinə, cəmiyyətdə seçkiyə ciddi bir proses kimi baxanlara qarşı ironiyanı açıq-aşkar görmək mümkündür. Hətta heç bir siyasi mənsubiyyəti olmayan insanlar belə sosial şəbəkələrdə bu saxtakarlığa qarşı qəzəblərini kütləvi şəkildə açıq aşkar ifadə edirlər. Bu saxtakarlığa görə cüzi də olsa məyusluq hiss olunmur. Buradan o nəticə çıxır ki, deməli sadə azərbaycanlı nə zamansa qəzəblənib ölkədə dəyişiklik etməyə qərar versə, o artıq növbəti seçkiləri gözləyib hansısa siyasi qüvvəyə səs verməklə bu emosiayasını ifadə etməyəcək. İndi insanların qarşısında dəyişikliyin tək yolu kütləvi şəkildə meydana çıxmaqdır. Məhz bu parlament seçkiləri ictimai şüurda meydan mübarizəsini seçkinin yerinə qoydu. Bu ilk növbədə hakimiyyət üçün təhlükəli perspektiv vəd edən bir əvəzlənmədir.
2) Hər nə qədər deyisə də ki, ölkədə seçki keçirilmədi, məsələyə fərqli prizmadan baxsaq həm də seçki keçirilib. Belə demək mümkünsə, iqtidar öz seçkisini,cəmiyyət də öz seçkisini keçirdi. Cəmiyyət gördü ki, Milli Şura yeganə müxalifət qüvvəsi kimi bu seçkiyə münasibətdə ən doğru qərarı əvvəldən verdi və hakimiyyətdən hər hansı təmənna güdmədən xalqın mənafeyi üçün səmimi mübarizə yolunu tutdu. Ancaq yerdə qalan başqaları isə seçkidə iştirak edib, hakimiyyətdən mandat almaq üçün hər yola əl atdılar, bütün məqsəd və məramlarının mandat qazanmaq olduğunu proses boyu nümayiş etdirdilər. Görəndə ki, hakimiyyət də onlara əhəmiyyətsiz saydığı üçün mandat vermək istəmir, bu dəfə də əlacsız qalıb Milli Şuranın baykot qərarını təkrarlamalı oldular. Bu baxımdan 1 noyabr seçkiləri səmimi mübarizə aparan müxalif güc mərkəzi kimi AXCP və onun daxil olduğu Milli Şuranın hamıdan fərqili olduğunu bütün cəmiyyətə açıq şəkiıldə göstərdi.
3) Bəlli oldu ki, indiyə qədər keçirilən seçkilərdə ona görə azca da olsa siyasi rəqabət mühiti, ictimai maraq yaranırdı ki, bu seçkilərdə iştirak edən AXCP təbliğat və seçki kampaniyasının təşkilində hakimiyyətə problem yarada bilirdi. İndi isə AXCP və Millli Şuranın qatılmadığı seçkilər qəbrisatanlıq sükutu ilə keçdi və cəmiyyət son ana qədər orada müxalifət adından kimlərinsə iştirak etdiyini hiss etmədi.
Burada başqa bir nüansı da qeyd etmək lazımdır. Bəlli oldu ki, seçkiyə müxalifət adından qatılanların hakimiyyət nəzərindəki dəyəri onların AXCP və Milli Şuraya vuracaqları zərərlə ölçülürmüş. Müsavat başda olmaqla bir çoxları tələsib Milli Şuradan xeyli əvvəl çıxdıqları üçün, daha iqtidar üçün siyasi əhəmiyyətlərini də itirmişdilər və o üzdən də Milli Şuraya zərbə vurmağa yaramadıqları üçün onlara hər hansı pay verilmədi.