Nəqliyyat nazirinin göstərişilə 10 mindən çox ailənin çörəyi əlindən alınır
Taksi sürücülərinin sənədlərinin kütləvi şəkildə əllərindən alınması prosesi başladı
Nəqliyyat Naziri Ziya Məmmədov “51” kodundan imtina edib. Bu barədə ”Azadlıq”a məlumatı bu məxfi kod altında taksi fəaliyyətilə məşğul olan sürücülərdən biri verib. Onun sözlərinə görə, sürücülərin sənədləri əllərindən alınaraq, avtomobilləri cərimə meydançasına aparılır.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi bir müddət əvvəl taksi xidmətini inhisara alanda köhnə sovet maşınlarının bu sahədə çalışmasına qadağa qoydu. Nəqliyyat Nazirliyinin özünün ölkəyə gətirdiyi taksilərin “əl-ayağına dolaşmamaq” üçün şəxsi avtomobililə bu fəaliyyətlə məşğul olanları sıxışdırmağa başladılar. Sonradan nə fikirləşdilərsə, bu cür avtomobil sahiblərindən “haqq” alıb, onlara icazə vermək qərarına gəldilər. Bu məqsədlə şərti olaraq, “51” adlandırılan kod yaratdılar. Yəni, şəxsi avtomobililə taksi xidməti göstərənlər ayda 30 manat ödəyirdilər. Nəqliyyat müfəttişləri onları saxlayanda, ”51-dənəm” deyib, icazə əsasında fəaliyyət göstərdiklərini bildirirdilər. Müfəttişlər də öz növbələrində “yuxarı”yla əlaqə saxlayıb, təsdiq məlumatı alandan sonra sürücünü sərbəst buraxırdı.
Ziya Məmmədov “London taksiləri”ni Bakıya gətirdikdən sonra bu kod altında fəaliyyət göstərənlərə qırmızı işıq yandırılıb. Adi riyazi hesablama da göstərir ki, gündəlik 50 manat icarə haqqı almaq daha sərfəlidir, nəinki ayda 30 manat…
Artıq bir neçə gündür ki, Ziya Məmmədovun göstərişi əsasında şəxsi avtomobililə taksi fəaliyyətilə məşğul olanlara qarşı hücum başlanıb. Taksi xidməti göstərənlər heç bir halda nəqliyyat müfəttişlərindən canlarını qurtara bilmirlər. Adamların avtomobilləri cərimə meydançasına aparılır ki, oradan onu çıxarmaq da 50-100 manata başa gəlir.
Onu da qeyd edək ki, “51” kodu altında fəaliyyət göstərən sürücülərin sayı 10 mindən çoxdur. Bu isə o deməkdir ki, Ziya Məmmədovun göstərişilə 10 mindən çox ailənin çörəyi əlindən alınır.
Ramin DEKO