Ölkə başçısı İlham Әliyev ötən gün Nazirlər Kabinetinin doqquz ayının yekunlarına həsr olunan iclasında bir sıra maraqlı etiraflarda və özünütənqiddə bulunub. Ölkə başçısı sahibkarlığın boğulmasından, korrupsiya və rüşvətxorluqdan, inhisarçılıqdan danışıb.
“Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır.”, – deyə o, bildirib.
Bu sözləri ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin deyib.
İlham Əliyev bildirib ki, sahibkarlar tez-tez yerli icra orqanlarının səbəbsiz yoxlamaları ilə rastlaşırlar. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır.
“Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.”, – deyə ölkə başçısı bildirib.
İlham Әliyev son vaxtlar xeyli iş yerlərinin bağlandığını da etiraf edib. Bildirib ki, bunun səbəbləri araşdırılıb, təhlil edilməlidir: “30 minə yaxın iş yeri bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır.”
İlham Əliyev deyib ki, məmurlar qanunsuz varlanmaq üçün lisenziyaların sayını süni yolarla artırıb. Bildirib ki, hökumət hansı lisenziyaların verilməli olduğu ilə bağlı təkliflər hazırlasın.
“Әsaslıdır, əsaslı deyil, o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur.”, – deyə o qeyd edib.
İlham Әliyev özünütənqidlə yanaşı ölkədə inkişafın uğurla getdiyi tezisini yenə təkrarlayıb. Ölkəd rüşvətxorluğun, korrupsiyanın mövcudluğundan, lüzumsuz yoxlamalar, lisenziyalar və haqqoymalardan isə inkişafın daha da sürətli getməsinin qarşısını alan maneələr kimi danışıb. Deyib ki, belə hallar olamasaydı büdcəmiz indikindən daha yüksək olardı.
İlham Əliyev iqtisadiyyat üçün əsas problemlərdən birinin inhisarçılıq olduğunu, hökumətin bu sahədə ciddi nəticələrə nail ola bilmədiyini də etiraf edib: “Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz.”