“Bağımsızlığımız” yazmağa əlim gəlmədi: “bağımsızlığımız” BIZIM anlamını daşıyır, “bağımsızlıq” neytral anlamdadır. Indilikdə düzgünü budur; o da özlüyündə kompromis variant olaraq. Indilikdə Əliyevlər, onların qurduqları bağımsızlığa düşmən diktatura rejiminə bağlı olanlar “bağımsızlığımız” deyə bilərlər. Ancaq onlar da hər baxımdan bu millətə, bu millətin dilinə, kültürünə (dil kültürtü başda olmaqla) yad olduqlarından, BAĞIMSIZLIQ yerinə “müstəqillik” qullanırlar – ideya-siyasi, eləcə də xarakter-prinsip baxımından QUL olduqlarına görə!
Azərbaycan Xalq Hərəkatı – bizim bağımsızlıq uğrunda çarpışmamız 1988-ci ilin 19 fevralından başladı. O gün Sovet Azərbaycanının başkəndi Bakıda ilk mitinq keçirildi. Hökumət evinin qarşısında başlayan, sonra Azərbaycan KP MK-nın qarşısında sürdürülən o mitinqin aparıcısı mən idim. Elə mitinqi Hökumət evinin qarşısından MK-nın qarşısına keçirən də mən oldum. Mən bunu mitinqin effektini artırmaq üçün elədim. Beləliklə də, o çağ üçün istənilən effekt alındı.Onda mən Teleradio Verilişləri Komitəsində işləyirdim. Adamlar Hökumət evinin qarşısındakı meydana toplaşmışdılar. Hamının içində çoxillik, repressiyalarla zəngin Sovet dönəminin qorxusu vardı: işini itirmək, repressiyalarla üzləşmək qorxusu. Hamının qorxa-qorxa baxdığı tribunaya qalxıb, hökumətə qarşı o çağlar üçün kəskin sayılacaq çıxışda bulunmaqla adamları ürəkləndirdim. Indi çoxlarına gülməli görünə bilər: onda mənim çıxıb danışdığım tribunada 70 il Azərbaycan Sovet Respublikasının başçıları dayanmış, o tribunadan 70 il yalnız Azərbaycan Sovet Respublikasının başçıları danışmışdılar. Hökumət evinin qarşısında da, MK-nın qarşısında da. Bunu sonralar eşidib-bilmişəm: mən 70 illik Sovet tribunasında antisovet çıxışlarda bulunurkən kimlərinsə aşağıda – meydanda dizləri əsirmiş. Onları qınamaq çətindir: biz hamımız Sovet rejiminin yanlış siyasətinə qarşı çıxmaqla qorxulu bir addım atırdıq.
Onda hələ Sovet dövləti də dururdu, onun 70 illik bir dönəm boyunca iliyə, qana işləmiş dünyalarca qorxusu da. Indi hamıya asan gələ, gülməli görünə bilər. Görünə bilər: o tarixə bugünün prizmasından yanaşmaqla. Bizlər o qorxulu addımı atandan az öncə Alma-Ata qırğını olmuşdu. Tiflis, Bakı, Vilnüs qırğınları sonra olacaqdı. Istər qabaqkı, istərsə də sonrakı qırğınlara baxmayaraq, Azərbaycanda Xalq Hərəkatı genişlənərək gedəcək, Xalq Hərəkatının yetirməsi olan Xalq Cəbhəsi hakimiyyətə gələnədək səngimək bilməyəcəkdi. Bizlər üçün gərgin çarpışmalar, sarsıntılarla dolu illər içində Sovet-KQB yetirməsi Heydər Əliyev pusquda duraraq özünün çoxillik, güclü agentura sistemini işə salmaqla, on illlərlə problemlər bataqlığına batırdığı respublikada Xalq Cəbhəsi hakimiyyətinə də bir bataqlıq tuzağı quracaqdı.
AXC hakimiyyətində yüksək yer tutan o bataqlıq bayquşlarından biri sonralar “7 gün” qəzetində deyəcəkdi: “Heydər Əliyevin hakimiyyətə gətirilməyinin TƏŞƏBBÜSKARI və TƏRƏFDARI mən olmuşam”. Elə bu adam da sonralar özünün sevimli yalançı müxalifət qəzetində deyəcəkdi: “Biz kadrları Heydər Əliyevin məsləhəti ilə seçib yerləşdirirdik”. Istər bu adamın, istərsə də, onun bəlli kompanyonlarının kimə, nəyə qulluq etdiklərini soruşub-axtarmağa dəyərmi?!Atası kimi oğul Əliyev də Sovet hakimiyyətinin öz-özünə çökdüyünü, bağımsızlığın öz-özünə əldə edildiyini bildirir. Yox! Azərbaycanda indiki ANTIMILLI, ANTIDEMOKRATIK rejim – Xalqa düşmən rüşvət, korrupsiya, oğurluq hakimiyyəti öz-özünə qurulmadığı kimi, bağımsızlıq da öz-özünə əldə edilməyib, Əliyevlər hakimiyyətindən milyon qat güclü olan Sovet hakimiyyəti də öz-özünə yıxılmayıb. Ən azı, el gözünə getməli olduğun Şəhidlər Xiyabanından utanmaq gərəkdir! Qan bahasına qazanılan bağımsızlığımız… sənə kimlər yiyələndi, səndən kimlər barındı?!