Hakimiyyətin dünya ilə düşmənçiliyi Qarabağ məsələsində Ermənistanın təbliğat imkanını genişləndirdi
Dəfələrlə yazmışıq ki, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət ölkənin imicinə zərbə vurur və Qarabağ məsələsində Ermənistanın əlini gücləndirir. Bəli, torpağımızı işğal edən, bu gün də torpağımızı işğalda saxlayan Ermənistan xarici və daxili siyasətdə Azərbaycan hakimiyyətini üstələdi. Hamıya “erməni” damğası yapışdıran YAP hakimiyyəti ən böyük ermənipərəstliyi özü etdi. Əslində düşməni bu qədər önə çıxarmaq vətənə xəyanətin ən iyrənc formasıdır.
Əvvəla, Azərbaycan hakimiyyəti etraf etdi ki, Ermənistan xarici siyasətdə, təbliğatda xeyli öndədir. Demək olar, bütün beynəlxalq təşkilatları, nəhəng ölkələri erməni lobbisinin əsiri kimi təqdim etdilər. Məlum oldu ki, Azərbaycandan dünyaya axan milyardlar ölkənin təbliğinə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına deyil, hakimiyyətin şəxsi maraqlarına xidmət edib. Nəticə budur ki, heç bir yeraltı-yerüstü sərvəti olmayan Ermənistan lobbi fəaliyyətində, diasporun effektli işində Azərbaycanı keçdi. Azərbaycan hakimiyyəti isə ermənipərəst ölkələrə maliyyə yardımı etdi, park saldı, muzey təmir etdirdi və s.
Son dövrlər isə hakimiyyətin antiAvropa kampaniyası, Qərb dünyasına qarşı ağlagəlməz ittihamları xarici siyasətin də iflasını sürətləndirdi. Avropa Parlamentinin, Almaniya Bundestaqının və digər mötəbər qurumların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etməsinə baxmayaraq, Azərbaycan hökuməti bu qurumları “ermənipərəst” adlandırdı, qərəzdə, “islamafobiya”da, paxıllıqda ittiham etdi. Vəziyyət o həddə çatdı ki, Avropa Parlamenti Azərbaycanla bağlı kəskin qətnamə qəbul etdi, ATƏT seçki müşahidəçiliyindən imtina etdi və nüfuzlu hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini tənqid atəşinə tutdular.
Qeyd edək ki, hər dəfə Qarabağ məsələsi müzakirə olunanda Qərbdən belə bir mesaj verilirdi ki, tərəflərdən hansı daha tez demokratikləşsə, Qarabağ münaqişəsinin həllində üstünlük əldə edəcək. Indiki mənzərə göstərir ki, işğalçı işğala məruz qalandan önə çıxır və beynəlxalq aləmdə imicini artırır. Azərbaycan hakimiyyəti hətta Qarabağ məsələsinin həllinə görə də geriyə addım atmadı. Əksinə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Qarabağ məsələsində Azərbaycanın xeyrinə mövqe tutan ölkələrlə düşmənçilik apardı.
Bugünlərdə isə məlum oldu ki, Ermənistan prezidenti Sərkisyan ABŞ-da işgüzar səfərdədi. Ermənistan prezidenti əvvəlcə Nyu-Yorkda olub, sonra isə Vaşinqtona yola düşüb. O, sentyabrın 30-da Beynəlxalq Raul Vallenberq Fondunun Konqresdə onun şərəfinə təşkil etdiyi qəbula qatılıb. Tədbir iştirakçıları arasında 20-dək konqresmen, o sıradan Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin rəhbəri Ed Royce, həmçinin ABŞ-ın erməni icmasının nüfuzlu nümayəndələri də olub.
“Diktatura yolu seçən Azərbaycanın daimi təxribatlarına baxmayaraq, Dağlıq Qarabağ Respublikası azad və demokratik dövlət qurmaq səylərini davam etdirir. Qarabağ xalqının azadlığa, öz gələcəyinə yol açmaq və demokratik cəmiyyət qurmaq əzmi sarsılmazdır”-S.Sərkisyan bildirib.
Tədbirdən sonra S.Sərkisyan Vaşinqtonda Amerika Erməni Assambleyasının, “Ay dat” ofisinin və Ermənistan Inqilabi Federasiyasının (“Daşnaksütyun”) Şərq sahili qanadının rəhbərliyi ilə görüşüb. Görüşdə prezident Azərbaycan və Ermənistan qoşunlarınınÿtəmas xəttində yaranmış gərginlikdən danışıb, Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışının əsas məqamlarını diqqətə çatdırıb.
Göründüyü kimi, Azərbaycan hakimiyyətinin yaratdığı mənzrədən Ermənistan effektli şəkildə istifadə edir. Indi Ermənistanın təbliğatı “boş qapı”ya qol vurmaqdan ibarətdir. Bəli, YAP hakimiyyəti dövlət maraqlarını şəxsi hikkəyə qurban verərək, “vorota”nı boş qoydu. Indi Azərbaycan hakimiyyətinin demokratik dünya ilə düşmənçiliyi Ermənistana münbit şərait yaradıb. Göründüyü kimi, Sərkisyan bütün görüşlərdə Dağlıq Qarabağdan danışır və Azərbaycanda diktatura qurulduğunu tez-tez xatırladır.
Beləliklə, bu mərhələdə də Ermənistan təbliğatı önə keçdi. Azərbaycanla Qərb arasında uçurum dərinləşdirkcə, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın maraqlarına uyğun həllini tapacaq.
Bir sözlə, YAP hakimiyyəti növbəti dəfə dövlət maraqlarını şəxsi maraqlara qurban verdi, ərazi bütövlüyünü güzəştə getdi və dünyanın yalnız Ermənistanı eşitməsinə şərait yaratdı.
Bu da “uğurlu” xarici siyasətin nəticəsi.
Akif