Oliqarxların pulu ilə strateji qurumlar ələ keçirilir
Azərbaycan hakimiyyətinin yeni talan planı barədə redaksiyamıza ilginc məlumat daxil olub. Hakimiyyətdəki mənbə bildirib ki, iqtidar Azərbaycan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunun fərqindədir. Mərkəzi Bankın valyuta ehtiyatları ölkəni böhrandan çıxarmağa kifayət etmir. Neft Fondunun vəsaitlərini isə Azərbaycana gətirmək mümkün deyil.
Bunun bir səbəbi Azərbaycanın xarici borcları ilə bağlıdırsa, digər səbəbi həmin vəsaitlərin idarəetməyə verilməsidir. Mənbə deyib ki, hakimiyyət büdcəni doldurmaq və böhrandan çıxmaq görüntüsü yaratmaq üçün yeni plan işləyib. Bu plana görə oliqarxların pulları dövriyyəyə buraxılacaq. “Düşünməyin ki, bu pulları əvəzsiz olaraq ölkəyə sərf etmək niyyətindədir. Xeyr. Hakimiyyət bununla yenə talana başlayacaq. Bu dəfə ölkənin ən strateji qurumları özəlləşdirələrək ələ keçirələcək. Artıq bu prosesin ilkin mərhələsinə start verilib. Məsələn, özəlləşdirələcək qurumlardan biri olan ”Azərbaycan Dəmir Yolları” QSC-nin sağlamlaşdırılmasına başlanılıb. Yeni vaqonlar alınır, dəmir yol vağzalları təmir edilir və s. Ölkədə iqtisadi böhranın hökm sürdüyü bir vaxtda dəmir yoluna bu qədər vəsait sərf edilməsi bu qurumun özəlləşdiriləcəyi ilə bağlıdır. Yəni, büdcə hesabına qurumu dirçəldib ələ keçirəcəklər. Analoji addım Beynəlxalq Bankla bağlı da atılır. Bankın borcları dövlət hesabına ödənilir. Özəlləşdirələcək qurumlardan biri də “Azərenerji” ASC-dir. Artıq Samir Şərifov bunun anonsunu verib”, – deyə qaynağımız bildirib.
İnformasiya şöbəsi