Fuad Qəhrəmanlı: «Həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti vaxtaşırı cəbhədə gərginliyi artırmaqla ölkə ictimaiyyətini təzyiqdə saxlamağa çalışır»
Son günlər cəbhə xəttində gərginlik səngimir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var. Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu, Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman Ispəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub. Bundan başqa hakimiyyət təmsilçilərinin müharibə ritorikası yenidən gündəmə gəlib.
“Məmmədyarovun müharibə ritorikası”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müharibə bəyanatlarını bu qəbildən saymaq olar. E.Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşündə vurğulayıb ki, Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyiş yoxdur. Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astanasında qoyduğunu qedən nazir əlavə edib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistanın qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Cəbhədə cərəyan edənlər nəticəsində şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik. Amma cəbhədə baş verənlər müharibənin anonsu sayıla bilərmi? Cəbhədəki gərginliyin BMT-nin sessiyasının keçirildiyi zamana təsadüf etməsi maraq doğurur. Dəfələrlə Rusiya mənafeyinə uyğun olaraq bölgədə stabiliyə təhdid yaradıb. Eyni zamanda münaqişə tərəfləri də öz maraqlarından çıxış edərək atəşkəsi dəfələrlə pozub. Bu barədə ekspertlərin müxtəlif rəyləri səslənib. Bəs hazırda baş verənləri necə dəyərləndirmək olar?
“Cəbhədəki gərginlik bilərəkdən yaradılır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vurğuladı ki, hazırda cəbhə xəttində baş verənlər idarə olunan konflikt hesab olunur. Qarabağ konfliktinin Rusiya üçün regionda hərbi mövcudluğunu saxlamaq və Qərbə təsir göstərmək mexanizmi sayıldığını deyən F.Qəhrəmanlı bildirdi ki, vaxtaşırı olaraq Rusiya üçün lazım olan məqamlarda Kreml bölgədə sabitliyi pozmağa və hərbi iştirakını artırmağa çalışır. Ona görə də münaqişə zonasında gərginlik Qərb Rusiya münasibətlərinə uyğun tənzimlənir: “Eyni zamanda həm Azərbaycan, həm də Ermənistan avtoritar rejimləri daxili təzyiq güclənən zaman Qarabağ problemindən istifadə edirlər. Məsələn, Azərbaycan hakimiyyəti Qərbdən təzyiqlər güclənən zaman diqqəti demokratiya məsələsindən yayındırmaq üçün münaqişə bölgəsində gərginliyi artırır. Eyni tərzdə Ermənistan hakimiyyəti də ölkədaxilində iqtidara yönəlik təzyiqlər artanda xalqın diqqətini özündən yayındırmaq üçün məqsədli şəkildə hərbi gərginliyi artırır. Bu baxımdan cəbhədəki hadisələr həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan üçün siyasi təsir aləti olduğuna görə indiki silahalı qarşıdurma hallarının geniş miqyaslı hərbi əməliyyatlara keçməsi real göümür. Həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti vaxtaşırı cəbhədə gərginliyi artırmaqla ölkə ictimaiyyətini təzyiqdə saxlamağa çalışır. Müharibənin hər an başlaya biləcəyi açıqlamaları siyasi rejimlərin öz məqsədləri üçün istifadə etdiyi bir üsuldur”. F.Qəhrəmanlı hesab edir ki, cəbhədə son zamanlar baş verənlər avtoritar rejimlərlə yanaşı Rusiyanın maraqlarına da xidmət edir. “Cəbhədə hazırda baş verənlərin Azərbaycanın ərazi bütövlüyünün və ya özünü müdafiə istiqamətində fəaliyyət deyil. Putinlə Obamanın görüşü ilə bağlı razılıq əldə olunub. Putin görüş ərəfəsində maraqlıdır ki, özünün daha çox təsir imkanlarına sahib olduğunu nümayiş etdirsin. Ukraynadan tutmuş Qarabağa qədər proseslərin Rusiyanın nəzarətində olması, sabitliyin Kremldən asılı olduğunu nümayiş etdirməklə Moskva təsir imkanlarını artırmağa çalışır”, deyə F.Qəhrəmanlı vurğuladı.
AXCP funksioneri onu da vurğuladı ki, eyni zamanda o nəzərə alınmalıdır ki, ABŞ, Avropa Birliyi ilə Rusiya arasında gündəmdə olan əsas müzaikrə məsələsi Ukraynanın şərqində rus hərbi birliklərinin yerləşməsi və Rusiyanın separatçıları dəstəkləməsidir: “Rusiyanın son zamanlar Ermənistana hərbi dəstəyini artırması, həm Azərbaycanın, həm də Ermənistanın geniş miqyaslı hərbi əməliyyatlar keçirməsi əslində Rusiyanın regionumuzda hərbi gərginliyi süni surətdə artırıb diqqəti Ukraynadan Qarabağ məsələsinə yönəltmək cəhddir. Rusiya Ukrayna məsələsindən savayı başqa bir münaqişə ocağının təhlükə mənbəyi olmasını gündəmə gətirməklə diqqətin tam Ukrayna üzərinə fokuslaşmasının qarşısını almağa çalışır. Bu baxımdan cəbhədə gərginliyin artması Rusiyanın maraqlarına uyğundur. Bu planlaşdırılmış gərginlik artırmadır. Bu yaxın dönəmlər üçün hərbi əməliyyatların başlaması gündəmdə deyil”.
Xəyal