Söyləsəm təsiri yox, sussam könül razı deyil,
Çəkdiyim ələmi bir mən, bir də Allah bilir…
(Füzuli)
“Susmaq qızıldır” deyimi bütün hallar üçün keçərli məsəl sayılmaz. Yəqin ki, atalar bunu hardasa yeri gələndə, bəlkə də, boş danışanın birinin səsini kəsmək üçün deyiblər. Baxır harda, necə, hansı şəraitə uyğun olaraq susmaq ağıl əlaməti hesab olunar. Bunu ömürlük həyat devizi seçən toplumda Azərbaycanın indiki aqibəti yaşanar. Susmaq qızıl olsaydı, indi bu ölkədə hərənin bir ton qızılı vardı. Bütün haqsızlıqların, qanunsuzluqların, bərabərsizliklərin qarşısında səssiz qalıb illəri illərə calamaqla yalnız bu nöqtəyə gəlib çıxmaq olardı. Günümüzün böyük bəlaları olan yoxsulluq, işsizlik və kəskin təbəqələşmə illərin susqunluğunun acı nəticəsi deyilmi?
Illərdir bu ölkədə insanları inandırmaq olmur ki, haqqını tələb etmək Allaha da, bəndəyə də xoş gedən şeydir. Hüquq kitablarında da, din kitablarında da yazır ki, haqqını kimsəyə yedirməyəcəksən. Özünü əzdirməyəcəksən, qarşında kim olursa-olsun, hüququnu güzəştə getməyəcəksən. Ədalətsizlik gördüyündə, səsini çıxaracaqsan, haqqını tapdayanın üzərinə gedəcəksən. Yəni, eləcə başından basanın qarşısında əyilib, yem olmayacaqsan. Azanı, harınlayanı, cibinə girəni, haqqını yeyəni təpənə çıxarmayacaqsan. Yeri gələndə, onu başından yerə çalıb, dərsini verməyi də biləcəksən.
Illərdir bu ölkədə insanları susdurmaq siyasəti niyə ayaq alıb yeriyir, bilirsiniz? Çünki insanlar kütləvi şəkildə buna qarşı ciddi bir dirəniş göstərməyiblər. Insanlar ədalət pozulanda, gücsüz əziləndə, tərəzinin gözü əyiləndə öz içlərindən, canlarından gələn etirazla qarşıdakını dayandırmağa can atmayıblar. O üzdən zorakı qanunlar və hökmlər cəmiyyətin ən uc nöqtələrinə belə nüfuz edərək, əzici izlərini buraxıb gedir. Repressiya dalğaları bir-birini əvəzləyir. Həbslər, təqiblər, saxta məhkəmə hökmləri dayanıb-durmur. Iş o yerə gəlib çıxıb ki, siyasi motivlə həbs olunan bir qələm sahibinə “son sözü” belə qadağan etməyə qalxırlar. Bilirsiniz, Seymur Həzinin bayramqabağı aclıq etməsinin əsas motivi də bu basqıya etiraz idi. Ona deyiblər dilindən iltizam verməlisən ki, növbəti məhkəmə prosesində son söz söyləməyəcəksən. Seymur söz adamıdır. Bir söz adamı üçün bunun nə demək olduğunu anlamaq çətindir ki? Hələ o da qaldı Seymur kimi söz adamı olsun. Tarix boyu məhkəmələrdə son söz söyləmək haqqını ən ağır cinayətləri sübut olunmuş məhkumlardan belə almayıblar. Görünür ki, biz bu gedişlə hələ çox analoqsuz “nümunələr”in şahidi olacağıq…
Bizdə Füzulini əzbər bilən olmasa da, “söyləsəm təsiri yox” əzbərini bilən xeyli çoxdur. Məclisdə, söhbətdə hamınız şahidi olmusunuz yəqin. Ölkə ilə bağlı taleyüklü məsələlərdə qorxusundan qınına çəkilib küncdə-bucaqda baş girləyən adamlar hələ bu yolla özlərinə haqq qazandırmaq da istəyirlər. “Guya danışsaq, nə dəyişəcək ki…” deyə bir tutuquşu əzbəri var. Əcəb məntiqdir! Sanki susmaqla elə böyük qazanc əldə edilib ki, onu eləcə dillənməyə dəyişib oturublar. Hələ bir danışın, bəlkə nəsə dəyişdi elə. Insanlarımız sanki danışmaq haqqı deyilən bir şey olduğunu çoxdan unudublar gedib. Ay millət, içinizdən qara qanlar axdığını, susqunluğun haray qopardığını bilirik axı. Axır bir səsinizi çıxarın, dərdinizi tökün ortaya, haqqınızı yeyənlərdən hesab istəyin. Susmaq haqqınızı bayraq edib hara qədər gedəcəksiniz?