Yaxud qəbulda Qarabağ qazisinin başına gətirilənlər
15 sentyabr 97 ildir tariximizə Bakının qurtuluş günü kimi yazılıb. Di gəl, iqtidar bu günü “bilik günü” kimi tanıdır. Yəqin bu günün Prezident Administrasiyasının (PA) humanitar siyasət şöbəsinin müdiri Fatma xanım Abdullazadənin qəbul gününə salınması da elmi, təhsili sözügedən şöbənin kurasiya etməsilə bağlıdır.
Bu sətirlərin yazarı elektron qəbula yazıla bilmədiyindən, birbaşa Administarsiya binasına getməli olub. Prezident Qvardiyaçısının terrorist yoxlamasından uğurla keçən elmi işçini Əli Orucov adlı qəbul şöbəsinin əməkdaşı, gecikdiyinə görə, qəbula yazmaqdan imtina edib. Fatma xanımın qəbul otağı ilə bağlantı yaradılanda dəstəyi götürən xanım qəbulda olduqlarını və 15 dəqiqəyə problemi çözəcəklərini bildirib. Qəbula cavabdeh şöbə müdiri Süleyman Ismayılovun iç telefonu(15-52) susduğundan, onun siyahıda birinci yazılan müavininə (11-49) edilən zəngə də gülüşlə cavab verilib. Adı ikinci yazılan müavinə(11-78) edilən zəng isə bəhrəsini verib və vətəndaşa Əli Orucova yaxınlaşmasını deyiblər. Di gəl, Ə.Orucov ona heç kimin söz demədiyini bildirib, gözləməyi məsləhət bilib. Saat 17-yə kimi gözləyəndən sonra onun qəbul üçün qeydə alınmadığını deyib, qəbul etməkdən imtina ediblər. Əli Orucovun bu qərəzindənmi, vəzifəsinin öhdəsindən gələ bilməməsindənmi hüququ pozulan vətəndaş “qəbul qeydiyyatı”nın formal xarakter daşıdığını deyəndən sonra həsrətində olduğu qəbul otağına girə bilib.
Gözlərimə inanmadım. 4-5 nəfər “bığıburma” kişinin maraqlı baxışlarının altında “Ay Tanrım, Fatma xanım, görəsən bunlardan hansıdır” ritorik sualını verməkdən özümü güclə saxladım. Heç demə, qəbul Fatma xanımın olsa da, qəbul edənlər onun şöbəsinin məsləhətçiləri imiş. Başqa günlər də belə qəbul qaydalarının hökm sürdüyünü dedilər. Daha bunun nəyi qəbul oldu?
Qəbul qadağasından gözüm elə qorxdu ki, çətin bir də qəbula gedim. Cibimdən narkotika çıxacağından çəkinirəm…
Məğrur Bədəlsoy