Dövlətə xəyanət edən adama niyə yüksək vəzifə verilib?
Vəziyyət o həddə çatıb ki, hakim partiyanın özünə yaxşı bir hakim lazımdı. YAP-çılar arasında qızğın döyüş gedir və ağır ittihamlar ortaya çıxır. Daha dəqiq desək YAP-ın qurucusu olan adamlar hazırda YAP-da meydan sulayanlara “tərs şillə”lər vururlar. Xüsusən də son günlər Eldar Sabiroğlunun mətbuata açıqlamaları geniş müzakirə mövzusuna çevrilib və hakimiyyətin mahiyyətini ortaya qoyub.
Amma məsələ bununla da yekunlaşmayıb. YAP icra katibinin müavinin Eldar Sabiroğlunu vətənə xəyanətdə ittiham edib: “Eldar Sabiroğlunun hər kəsə bəlli olan xəyanətləri, riyakarlığı, ikiüzlülüyü, satqınçılığı və digər əməlləri ilə bağlı mətbuatda dəfələrlə bəhs edilib. 1998-ci ilin prezident seçkiləri zamanı radikal müxalifət düşərgəsinin xəbərçisi vəzifəsini layiqincə yerinə yetirən Eldar Sabiroğlu YAP-ın seçki qərargahındakı informasiyaları qarşı tərəfə ötürməklə məşğul olmuşdu. Əslində, Eldar Sabiroğlunun mahiyyətini göz önünə aldıqda, onun Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür (Yeri gəlmişkən, Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri bu məsələ ilə məşğul olsa, yaxşı olar). Çünki onun işi, xisləti məhz xəyanətdən və satqınlıqdan ibarətdir”- deyə Siyavuş Novruzov bildirib.
Qeyd edək ki, Eldar Sabiroğlu YAP-ın qurucularından olub, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Bəli, bu adam olduqca mühüm post tutub və dövlət əhəmiyyətli informasiyalardan xəbərdar olub. Siyavuş Novruzov isə bu adamın düşmənə xəbər ötürdüyünü, xəmirinin xəyanətlə yoğrulduğunu iddia edir.
Çox maraqlıdır, bu hakimiyyəti kim tənqid edirsə, “ermənipərəst”, “vətən xaini”, “rüşvətxor”a çevrilir. Bundan əvvəl eyni hal keçmiş səfir Arif Məmmədovla bağlı baş verdi. Səfir hökuməti tənqid edən kimi milyonlarla yeyintiyə yol verdiyi, erməni olduğu bildirildi və haqqında cinayət işi açıldı.
Bəli. Bu hakimiyyəti təriflədiyin, mədh etdiyin müddətdə vəzifəli şəxs istənilən qanunsuzluğu edə bilər. Amma tənqidə əl atdınsa, YAP rəhbərliyi sənin “cinayətkar” olduğunu əsaslandırmağa çalışacaq.
Siyavuş Novruzovun indi dedikləri də bu hakimiyyətin özünün xəyanətkar olduğunu təsdiqləyir. Necə olur ki, Eldar Sabiroğlu ermənilərə xəbər ötürür, xəyanətlə məşğul olur, amma ona ən yüksək post həvalə edilir? Bu adam həqiqətən də dövlət sirrini ermənilərə satıbsa, bugünə qədər niyə haqqında cinayət işi açılmayıb? Siyavuş Novruzov əvvəllər niyə bu haqda danışmayıb? Belə çıxır ki, hakimiyyət özü maraqlı olub ki, Eldar Sabiroğlu düşmənə informasiya ötürsün. YAP-ın rəhbərliyində təmsil olunan adam israrla sübut etməyə çalışır ki, bütün kadrlarımız xəyanətkarlardan ibarətdi.
Sabah başqa bir vəzifəli şəxs hökuməti tənqid etməyə başlasa, həmin şəxsin də erməni olduğunu söyləyəcəklər. Gecə-gündüz ölkədə 5-ci kolon axtaranlar, həm də göstərirlər ki, 5-ci kolon hakimiyyətin içindədi.
Məsələ burasındadır ki, Leyla Yunus, Rauf Mirqədirov ermənilərlə iş birliyində ittiham edilir, bu adamların “agent” olduğun təbliğatı aparılır. Yaxud, Xədicə Ismayılı Amerikanın agenti adlandırırlar. Heç bir sübut olmadığı halda, günahsızlığı sübut edildiyi halda bu adamlara ağırcəza verilib. Amma Siyavuş Novruzovun ittihamlarına fikir verən yoxdur. Əslində prokurorluq bu işi araşdırmalıdır, Siyavuş Novruzov şahid qismində məhkəmədə iştirak edib, YAP-çı Eldar Sabiroğlunun xəyanətkar olduğunu deməlidir.
Göründüyü kimi bu hakimiyyəti ifşa etməyə, mahiyyətini üzə çıxarmağa çaba sərf etməyə dəyməz. Özləri özlərini ifşa etməkdə ustadılar. Bir adama ən yüksək vəzifə verirlər, tərifləyirlər, sonda isə “vətən xaini” damğası vururlar. Məsələ burasındadır ki, bu ittihamlar həqiqət də olsa, yalan da olsa hakimiyyətin ifşasına xidmət edir. Həqiqəti səsləndirənin kimliyindən asılı olmayaraq, həmin şəxs haqqında şər-böhtan kampaniyası hökm sürür. Əslində Siyavuş Novruzov bu ittihamlardan sonra xeyli suallara cavab verməlidir.
Samir