«Həbsin gerçək səbəbi yüksək vəzifəli şəxsləri, o cümlədən prezident Əliyevi tənqid edən yazıların qarşısını almaqdır»
Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünün çıxarılmasından 15 gün keçir, amma dünya mediası hələ də bu məsələni diqqətdə saxlayır. Xədicə Ismayılovanın hakimiyyəti tənqid edən məqalələrinə, ölkədə Əliyev də daxil olmaqla, vəzifəli şəxslərin korrupsiyasını ifşa etdiyinə görə cəzalandırılması barədə daha bir material bugünlərdə “Əl-Cəzirə”də yayımlanıb. Sözügedən məqalə “Azərbaycan korrupsiyanı ifşa edən tanınmış jurnalisti məhkum etdi” başlığıyla dərc olunub. Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycanda korrupsiyanı ifşa edən araşdırmaçı jurnalist, çoxsaylı mükafatlara layiq görülmüş Xədicə Ismayılova mənimsəmə və digər ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edildi. Jurnalist ittihamların siyasi motivli olduğunu bəyan edib.
Bakı məhkəməsi Ismayılovanı mənimsəmə, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə kimi ittihamlar üzrə təqsirli bilsə də, həmkarını intihara cəhdə təhrik etmək ittihamı üzrə isə bəraət verib.
Ismayılovanın vəkili Fariz Namazlı müvəkkili barədə məhkəmə hökmünün qanunsuz olduğunu bildirib. Qeyd edib ki, hökmdən yuxarı instansiyaya şikayət veriləcək.
Xədicə Ismayılova Azərbaycanın tanınmış tənqidçi jurnalistidir. O, 2008-2010-cu illərdə Azad Avropa/Azadlıq radiosunun Bakı bürosunun rəhbəri olub. 2010-cu ildən sonra isə radioda gündəlik debat proqramının aparıcısı olub.
Ötən ilin dekabrından həbsdə olan 39 yaşlı Ismayılova ona qarşı ittihamların saxta olduğunu deyib. Bildirib ki, onun həbsinin gerçək səbəbi hakimiyyətin yüksək vəzifəli şəxslərini, o cümlədən prezident Ilham Əliyevi tənqid edən yazılarının qarşısını almaqdır.
Jurnalist Ilham Əliyev və ailəsinin zəngin sərvətlərini araşdıraraq, bu haqda məqalələr yazırdı.
Ismayılova məhkəmədə son sözündə bildirib ki, prokurorluq əməkdaşları və məhkəmə getdikcə daha çox saxtakarlığa və yalana əl atır.
“Onlar 15 və ya 25 il həbs cəzası versələr belə, yenə də məni susdura bilməyəcəklər”, – deyə Ismayılova vurğulayıb.
Ismayılovanın tərəfdarları da bildirir ki, ona qarşı ittihamlar hakimiyyətin uydurmasıdır. Məqsəd də neftlə zəngin bu keçmiş sovet ölkəsindəki azsaylı müstəqil səslərdən birini susdurmaqdır.
Lakin hökumətin sözçüsü “Əl-Cəzirə”yə açıqlamasında bildirib ki, məhkəmənin hökmünü siyasiləşdirmək yolverilməzdir.
“Xədicə Ismayılovaya qarşı konkret cinayət əməllərinə görə cinayət işi başlanıb, onun jurnalist fəaliyyətinə görə yox. Məhkəmə prosesi zamanı ittihamlar tam sübuta yetirilib və adekvat qərar çıxarılıb”, – deyə sözçü bildirib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Əliyevi 2013-cü ildə üçüncü dəfə prezident seçiləndən sonra rəqiblərinə qarşı repressiyaları gücləndirməkdə ittiham edir.
Bundan əvvəl Azərbaycanda tanınmış hüquq müdafiəçilərindən ibarət cütlük uzunmüddətli həbs cəzasına məhkum edildi. Onların barəsindəki hökmün siyasi motivli olduğu bəyan edildi və pislənildi.
53 yaşlı Əliyev ölkəsində insan haqlarının pozulması barədə səslənən ittihamları təkzib edir. Prezident administrasiyası bu cür tənqidləri “böhtan kampaniyasının tərkib hissəsi” adlandırır.
Əliyev 2003-cü ildə atası, keçmiş KQB generalı Heydər Əliyevin dünyasını dəyişməsindən sonra onun yerinə prezident postuna keçib. Heydər Əliyev də 1993-cü ildən ölkəni dəmir əllə idarə edirdi.