Bütün mötəbər qurumlar Azərbaycan həqiqətlərini dilə gətirir
Avropa Parlamentinin məlum qətnaməsi hakimiyyəti isterik vəziyyətə salıb. Yenə də komanda xor şəklində anti-Qərb “nəğmə”si oxumağa başlayıb. Yenə də şablon cavablar, ənənəvi yanaşmalar meydan sulayır. Qeyd edək ki, bu dəfə Avropa Parlamenti Azərbaycan hökumətinin əleyhinə bu vaxtadək qəbul edilmiş analoji sənədlərdən xeyli sərt qətnamə qəbul edib. Qətnamədə Azərbaycandakı repressiyalarda əli olan şəxslərə qarşı sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış öz əksini tapıb.
Prezidentin köməkçisi Əli Həsənov məlum qətnaməyə münasibətində deyib ki, Azərbaycan Avropa Ittifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır, buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil və Avropa Parlamenti oyuncağa çevrilib.
Millət vəkili Əli Hüseynlinin münasibət isə belə olub: “Avropa Parlamentinin dünənki qətnaməsi göstərdi ki, Azərbaycanın da təmsil olunduğu AVRONEST Parlament Assambleyası tam səmərəsiz bir qurumdur və onu tərk etməyin vaxtı gəlib çatıb. Sanksiya çağırışı gülüncdür, bundan biz yox, onlar özləri əziyyət çəkər”.
YAP-çı deputat Siyavuş Novruzov da bildirib ki, ərəb ölkələrini dağıdan, orda hər gün qan tökülməsinə səbəb olan Avropa dövlətləridi və Avropa Parlamentinin qətnaməsi heç bir reallığa əsaslanmır.
Avropa Parlamentinin qətnaməsi ilə bağlı YAP-ın bəyanatı ümumiyyətlə “şedevr”di: “Yeni Azərbaycan Partiyası inanır ki,ÿAvropa Parlamentinin növbəti anti-Azərbaycan qətnaməsi heç də Avropa ictimaiyyətinin fikrini əks etdirmir. Biz, məlum qətnaməni Azərbaycanın müstəqil dövlət quruculuğundakı uğurlarından narahat olan dairələrin siyasi qıcıqlanmasından irəli gələn isterik hərəkət kimi qiymətləndiririk”- deyə bəyanatda bildirilir.
Göründüyü kimi hökumətimiz sinir krizi keçirir və Avropa Parlamentinin qətnaməsinə indiyə qədər normal cavab verilməyib. Məsələ burasındadır ki, veriləcək cavab da yoxdur. Çünki, qətnamədə nəzərdə tutlanlar Azərbaycan reallıqlarını əks etdirir.
Məsələ burasındadır ki, YAP hakimiyyəti dünənə qədər “Human Rights Watch”, “Freedom Hause”, “Amnesty International” kimi təşkilatların tənqidi hesabatlarını qərəz adlandırırdılar və erməni lobbisi ilə əlaqələndirirdilər. Indi isə Avropa Şurası, ATƏT, BMT, Avropa Ittifaqı, Avropa Parlamenti, Almaniya, ABŞ kimi nəhənglər Azərbaycan hakimiyyətinin avtoritar mahiyyətini müzakirəyə çıxarır. Küçədə sadə vətəndaşlar da eyni fikirdədilər.
Xatırlayırsızsa YAP hakimiyyətinin təmsilçiləri “biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edirik”, “biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük” deyə qürrələnirdilər. Indi bu qurumlar da Azərbaycan hakimiyyətinin masqasını çıxarır.
Belə olan halda hökumət “Avropa Ittifaqının mövqeyi, Avropa icitmaiyyətinin mövqeyi deyil” deməklə, ictimaiyyəti çaşdırmaq istəyir.
Görəsən, bu hakimiyyəti daha hansı mötəbər qurumlar tənqid etməlidir ki, ayıblarına kor olsunlar? Ümumiyyətlə, hakimiyyəti tənqid etməyən mötəbər qurum qalıbmı?
Ölkədə siyasi məhbusların olduğunu, korrupsiyanın at oynatdığını, seçkilərin saxtalaşdırıldığını, monopoliyaların hökm sürdüyünü daha kimlər dilə gətirməlidir? Belə çıxır ki, başqa planetlərdən də məsələyə münasibət bildirilməlidir.
Zərrə qədər dövlət və millət sevgisi olan hakimiyyət məsələni bu həddə çatdırmazdı. Heç olmasa bundan sonra qanunsuz əməllərinizi etiraf edin və kənara çəkilin.
Hakimiyyət başa düşməlidir ki, uzun müddətdən sonra bütün dünya YAP rejimini sanksiyalara layiq görür.
Əzələ nümayiş etdirmək, Avropa Parlamnetini hədələməklə hakimiyyət daha qeyri-ciddi təəssürat yaradır. Dünyanın haqlı tənqidindən nəticə çıxarmaq və dövlət maraqlarına xidmət etmək lazımdı.
Samir