Təhsil nazirinin 3 müavini birdən “vuruldu”; nazirin də “bugün-sabahlıq” olduğu deyilir
Təhsil naziri Misir Mərdanovun tutduğu vəzifədən azad edildiyi, bu barədə president sərəncamının artıq hazır olduğu, lakin müəyyən səbəblərdən elan edilməsinin yubandığı barədə məlumatlar qətiləşir.
İlk olaraq “Azadlıq”ın verdiyi bu xəbərin doğruluğuna inamı Təhsil Nairliyi və ya başqa hansısa rəsmi qurumun hər hansı reaksiya verməməsi daha da artırır.
Bu arada isə Misir Mərdanovun üç müavininin üçünün də işdən çıxarılmasına dair ölkə başçısı İlham Əliyevin sərəncamı elan olunub. Misir Mərdanovun müavinləri İsgəndər İsəgəndərov, İradə Hüseynova və Elmar Qasımov vəzifələrindən çıxarılıblar. Sonuncunun yerinə Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov təyin olunub. Qalan iki müavin yeri boş saxlanılıb.
Məlumatlı mənbələrin “Azadlıq”a bildirdiyinə görə isə bu, sadəcə Təhsil Nazirliyində “təmizləməni” Mərdanovun öz vaxtında aparmaq üçün edilmiş bir tədbirdir. Yəni, müavinlərinin ardınca Mərdanovun özünü “yola salacaqlar”.
Isgəndər Isgəndərov – biznesmen müavin
Misir Mərdanovun işdən çıxarılan müavinlərindən Isgəndər Isgəndərov Sumqayıtda “Univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərovun qardaşıdır. O, Isgəndərovlar ailəsinin ağsaqqalı sayılır. Isgəndər Isgəndərovun özünün də Bakıda və Sumqayıtda iri biznesi var. 1999-cu ildən təhsil nazirinin müavini vəzifəsində çalışan Isgəndər Isgəndərov bundan əvvəl nazirlikdə ümumtəhsil şöbəsinin müdiri olub.
Mərdanovun işdən çıxarılan müavinləri İradə Hüseynova, İsgəndər İsgəndərov və Elmar Qasımov
Respublika üzrə orta məktəblər, peşə məktəbləri, məktəbəqədər tədris müəssisələri, dərslik nəşriyyatı nazir müavini kimi Isgəndər Isgəndərovun kurasiyasında olub. Iradə Hüseynova nazir müavini təyin edildikdən sonra isə Bakı məktəblərinə nəzarət Isgəndər Isgəndərovun əlindən alınıb.
Iradə Hüseynova Heydər Əliyevdən nə yazıb?
Iradə Hüseynova 2002-ci ildə nazir müavini təyin edilib. Məlumatlara görə, onun təqdimatı zamanı Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə Bakı məktəblərində təhsilin bərbad vəziyyətdə olduğunu diqqətə çatdırıb. Məhz bu çıxış Misir Mərdanovun Bakı məktəblərinin kurasiyasını Iradə Hüseynovaya tapşırmasına səbəb olub. Bundan başq,a Iradə Hüseynova şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq şöbəsilə elm şöbəsini kurasiya edib. Lakin qısa müddətdən sonra Misir Mərdanov Bakı Təhsil Idarəsini yaratmaqla paytaxt məktəblərinə nəzarəti Iradə Hüseynovadan alıb.
YAP Siyasi Şurasının üzvü olan Iradə Hüseynova həmişə özünü Heydər Əliyevin kadrı kimi təqdim edib. Yeri gəlmişkən, o, 2004-cü ildə Heydər Əliyevdən doktorluq dissertasiyası müdafiə edib.
Qulu Novruzov Elmar Qasımova yaxın şəxsdir
Qulu Novruzov
Elmar Qasımova gəlincə, o da Isgəndər Isgəndərovla eyni vaxtda, yəni 1999-cu ildə nazir müavini təyin olunub. Xarici əlaqələr şöbəsi, işlər idarəsi və məktəbdən kənar tədris müəssisələri onun kurasiyasında olub. Isgəndər Isgəndərov və Iradə Hüseynova ilə müqayisədə Elmar Qasımovu Misir Mərdanovun ən “dişli” müavini hesab etmək olar. Bu, onun hakimiyyətdəki Naxçıvan qruplaşmasına daxil olması ilə bağlıdır. Elmar Qasımov yeganə müavindir ki, Misir Mərdanov onun səlahiyyətlərini məhdudlaşdıra bilməyib. Məlumatlara görə, Elmar Qasımovun yerinə təyin edilən Qulu Novruzov ona yaxın şəxsdir. Iddia olunur ki, Qulu Novruzov məhz Elmar Qasımovun səyi nəticəsində Təhsil Nazirliyinin bundan əvvəlki vəzifəsinə – beynəlxalq əlaqələr şöbəsinə müdir təyin edilib. O, həm də Elmar Qasımovla həmyerlidir – 1970-ci il martın 7-də Naxçıvanın Nehrəm kəndində anadan olub.
1977-1987-cü illərdə Nehrəm kənd orta məktəbində oxuyub. 1988-1990-ci illərdə Moskva Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992-1997-cı illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.
Azərbaycanın müxtəlif ölkələrlə (ABŞ, Yaponiya, Yunanıstan, Bolqarıstan, Latviya və s.) və Avropa Ittifaqı ilə Ikitərəfli Hökumətlərarası birgə Əməkdaşlıq Komissiyalarında təhsil üzrə ekspert kimi iştirak edib. 2003-cü ildən Avropa Şurasının Təhsil Rəhbər Komitəsində Azərbaycanı təmsil edir.
Ailəlidir, iki övladı var.
Ekspertlər müavinlərin işdən çıxarılmasının təhsil sahəsində ciddi dəyişiklərə səbəb olacağına inanmırlar. Ekspert Etibar Əliyev “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, müavinlərin işdən çıxarılmasının kadr islahatı kimi qələmə verilməsinin əleyhinədir: “Azərbaycanda elə bir nazirlik, komitə tapılmaz ki, ordakı müavinlər təhsil nazirinin işdən çıxarılan bu müavinləri kimi səlahiyyətsiz olsun. Əslində Misir Mərdanov bütün səlahiyyətləri əlində toplamışdı, müavinlər ancaq cari məsələlərlə məşğul idi. Yalnız islahatçı nazirin iş başına gətirilməsindən sonra təhsildə yeni nəfəsin ola biləcəyini proqnozlaşdırmaq olar”.
Misir Mərdanovu kim əvəzləyəcək?
Təhsil naziri Misir Mərdanovun işdən çıxarılmasına gəlincə, yuxarıda qeyd etdik ki, onunla bağlı sərəncamın hazır olması barədə iddialar var. Lakin müəyyən səbəblərdən elan edilməsi yubanır. Bəzi mülahizələrə görə, Misir Mərdanov təhsil sahəsində vəziyyətin acınacaqlı olmasını işdən çıxarılan müavinlərinin fəaliyyəti ilə izah edib. Onları önə verən təhsil naziri özünün “vurulmasını” müvəqqəti olaraq əngəlləyə bilib. Lakin bəzi məlumatlara görə, yaxın günlərdə Misir Mərdanov da istefaya göndəriləcək. Yeni təhsil nazirinin kim olacağı barədə yayılan məlumatlarda isə daha çox Iqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevin adı hallandırılır. Bir neçə gün əvvəl onun bu məsələ ilə bağlı Prezident Administrasiyasına çağırılması barədə iddialar mövcuddur. Lakin Şəmsəddin Hacıyevin yaxın ətrafına daxil olan şəxslər bu barədə məlumatsız olduqlarını deyirlər.
Onu da vurğulayaq ki, hər üç nazir müavini YAP-çıdır.
Informasiya şöbəsi