«Zamin Bank» özünə bina tikmək üçün 22 ailəni çölə atır
Yenə də Hacıbala Abutalıbov və Kərəm Həsənovun adamları at oynadır
Səməd Vurğun 49 ünvanında 3 mərtəbəli qədim binada yaşayan sakinlər də iradələrinə zidd olaraq evlərindən çıxarılır. Bu barədə qəzetimizə məlumatı sözügedən ünvanda yaşayan siyasi məhbus Tural Abbaslının anası, Başxanım Abbasova verib. B.Abbasovanın sözlərinə görə, hələ 2010-cu ilin dekabrında Mənzil Istismar Sahəsindən sakinlərə yaşadıqları mənzillərdən köçürüləcəkləri bildirilmişdi. Amma ondan sonra bu barədə yeni xəbərdarlıqlar edilməyib.
Onu da qeyd edək ki, 1867-ci ildə inşa edilən bu binada 22 ailə ilə yanaşı həm də “Zamin Bank”ın baş ofisi yerləşir. Artıq bir müddətdir sakinlərin köçürülməsi üzrə dövlət komissiyasının yaradıldığını deyən B.Abbasova sakinlərin komissiya üzvlərindən yalnız BŞIH-nin təmsilçisi Zülfəli Ismayılov və Əmlak Komitəsinin nümayəndəsi Yusif Qəmbərovla təmasda olduqlarını söylədi. B.Abbasovanın sözlərinə görə, Əmlak Komitəsinin sədri Kərəm Həsənovun dayısı oğlu olan Y.Qəmbərov sakinlərə qarşı olduqca kobud davranır: “Yaşadığımız bina heç bir sərəncam olmadan söküntüyə məruz qalır. Dəfələrlə Nazirlər Kabinetinin müvafiq sərəncamının bizə təqdim olunmasını istəsək də, heç bir addım atılmayıb. Əmlak Komitəsinin nümayəndəsi Yusif Qəmbərov sakinlərlə çox pis davranır. Mənzillərindən köçmək istəməyənlərin başına evlərini uçuracağını deyir. Sakinlərə mənzillərinə görə edilən təklif isə olduqca gülüncdür. Altmış kvadrat metrə qədər sahəsi olan mənzillərin sakinlərinə hər kvadrata görə, 1500 manat təklif edirlər. Şəhərin mərkəzində hazırda evə sahib olan şəxslərin özlərinə əldə etdikləri pula şəhərin mərkəzində ev almaları mümkün deyil. Altmış kvadrat metrdən artıq sahəsi olan mənzillərin sakinlərinə isə ”Azinko”nun infşa etdiyi binalarda mənzillər təklif edirlər. Bu binalara isə sakinlər köçmək istəmir. Çünki həmin binaların təhlükəsizliyinə inanmırlar. Dəfələrlə mətbuatda məlumat gedib ki, həmin binalar 4,5 bal zəlzələyə belə davamlı deyil. Nəyə görə mən özümün və yaxınlarımın həyatını təhlükə altına atmalıyam. Digər tərəfdən, qanunla bizə təklif olunan mənzillər hazırda yaşadığımız yerdən üç yüz metr uzaqlıqda olmamalıdır. Bu ərazidə isə kifayət qədər boş binaların olmasına baxmayaraq, bizi ora yerləşdirmirlər”.
Artıq cürbəcür təzyiqlə 22 ailədən 8-nin binadan köçürüldüyünü deyən B.Abbasova köçürmə prosesinin digər maraqlı tərəfinə də aydınlıq gətirdi. Belə ki, binanın 1/3 hissəsinə sahib olan “Zamin Bank” iki il əvvəl sakinlərdən kvadratı 4000 manata mənzilləri alırmış. Amma Füzuli küçəsindəki özbaşınalıqlardan – dövlət hesabına sakinlərin zorla, hüquqlarının tapdanması yolu ilə köçürülməsi prosesi başlayandan sonra bu təklif dayandırıldı. Sakinlər arasında dolaşan söz-söhbətə görə, binanın söküntüsü “Zamin Bank”ın rəhbəri Nadir Ismayılovun istəyi ilə reallaşdırılır. N.Ismayılovun məqsədi isə həmin ərazidə banka 4 mərtəbəli yeni müasir bina tikməkdir: “Evlərindən çıxmaq istəməyənlərin mənzillərinə verilən elektrik enerjisi kəsilir, digər komunal xidmətlərin təminində problemlər yaradılır. Proses özü tam qanunsuz şəkildə aparıldığından, sakinlərin mülkiyyət hüququ kobud şəkildə pozulduğundan köçürülmənin mümkün qədər tez reallaşdırılmasına çalışırlar. Bəzən bəhanə gətirirlər ki, bina guya qəzalı vəziyyətdə olub. Amma bu. həqiqətə uyğun deyil. Binanın vəziyyəti yaxşı idi, özü də bu yaxınlarda binanın fasadının təmirinə 1 milyon manat pul xərclənib”.
Hikmət