19 illik həsrətdən sonra eks-prezident oğlunun yasına döndü
AXCP lideri Ayaz Mütəllibova açılan cinayət işinin bağlanmasını tələb etdi
1992-ci ildən Moskvada mühacir həyatı yaşayan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova ağır itki üz verib. Dünən günorta saatlarında eks-prezidentin böyük oğlunun ölüm xəbəri yayıldı. Xəbərdə mərhum Azad Mütəllibovun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi…
Onu Bakıdan didərgin salan…
Bu xəbərin gündəmə düşməsi Ayaz Mütəllibovun Bakıya dönüşünə icazə verəcəklərmi sualını da aktuallaşdırdı. Xatırladaq ki, bir müddət əvvəl atası vəfat etsə də, eks-prezident onun dəfnində iştirak edə bilməmişdi. Mütəllibovun Bakıya yolunu bağlayan əngəl ona qarşı 1993-95-ci illərdə qaldırılan cinayət işi və barəsində axtarış verilməsi idi…
Ayaz Mütəllibova qarşı böyük bir ədalətsizlik…
Ayaz Mütəllibovun oğlunun yas mərasimində iştirakının təmin edilməsi ilə bağlı hökumətə ilk çağırış demokratik düşərgədən gəldi. AXCP sədri Əli Kərimli “Azadlıq”a açıqlamasında Ayaz Mütəllibovun kədərini bölüşdüyünü bildirdi: “Allah Azad Mütəllibova rəhmət eləsin. Ayaz Mütəllibova bu ağır sınaqdan çıxa bilməsi üçün səbr və dözüm versin. Övlad itkisi valideyn üçün çox ağır faciədir. Allah heç bir valideynə belə faciəni yaşatmasın”
AXCP sədri, hələ eks-prezidentin Bakıya dönüşü barədə xəbər olmadan, “hökumət Ayaz Mütəllibovun oğlunun yasında iştirakını təmin etməlidir” dedi: “Hesab edirəm ki, Ayaz Mütəllibov dəfn mərasiminə mütləq qatılmalıdır. Azərbaycan hökuməti onun dəfn mərasimində iştirakına hər hansı maneə törətməməlidir. Ümumiyyətlə, 21 il əvvəl olmuş hadisələrlə bağlı Ayaz Mütəllibova qarşı cinayət təqibini dayandırmaq lazımdır. Hətta o zaman baş vermiş hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının Ayaz Mütəllibova hər hansı sualları var idisə, üzərindən uzun müddət keçdiyinə görə artıq bu məsələlər aktuallığını itirib. Üzərindən 21 il keçəndən sonra belə, Azərbaycanın ilk prezidenti olmuş şəxsə öz vətənində yaşamasına imkan verilməməsi böyük bir ədalətsizlikdir. Bu ədalətsizliyi aradan qaldırmaq lazımdır. Onun nəinki Azərbaycana dönüb oğlunun yas mərasimində iştirakı, bu yas mərasimindən sonra da Azərbaycanda normal vətəndaş və eks-prezident olaraq yaşaması təmin olunmalıdır”.
Tərəddüd vardı…
Xəbərin yayıldıqdan az bir zaman keçəndən sonra eks-prezidentin ən yuxarı səviyyədə Bakıya gəlməyə qərar verildiyi mediaya da sızdı. Yaxınları bu xəbəri təsdiq etmək istəmirdilər, yaxud bu yöndə tərəddüd vardı. Məsələn, mərhumun oğlu Tahir Mütəllibov “Azadlıq”a açıqlamasında babasının – Ayaz Mütəllibovun yas mərasiminə qatılıb-qatılmayacağı barədə heç nə deyə bilməyəcəyini söyləmişdi: “Hələ bizə heç nə bəlli deyil. Bilmirik ki, gələcək ya, yox”. Nəhayət, təxminən saat 17 radələrində eks-prezidentin Bakıya döndüyü barədə məlumat dəqiqləşdi.
Polis təlaşdadır
Öncə onun saat 18.30-da Binə Hava Limanında təyyarədən enəcəyi söylənilsə də, sonra bu vaxt ertələndi. Mütəllibovun qaydışına görə xüsusi xidmət orqanlarının və Çevik Polis Alayının əməkdaşları da hava limanındaydılar. Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Səhlab Bağırov da mülki formada eks-prezidentə görə burdaydı. Saat 19:40 radələrində eks-prezident qara kostyumda və ətrafında yaxınları ilə görsəndi. Onun yaşlandığı və kədəri dərhal duyulurdu. Xüsusi xidmət orqanlarının əməkdaşları jurnalistlərə eks-prezidentə yaxınlaşmağa imkan vermədilər. Onun görüntülərini götürməyə də bütün gücləri ilə mane olurdular. Ayaz Mütəllibov heç bir açıqlama vermədən onu gözləyən qara CIP-ə minib hava limanından ayrıldı.
Minnətdarlıq…
Rəsmən təsdiqlənməyən xəbərlərə görə, A.Mütəllibovun ölkəyə qayıtması və oğlunun dəfn mərasimində iştirakı üçün ölkə prezidenti Ilham Əliyevdən xahiş olunub. Dövlət başçısı onun qayıtmasına müsbət reaksiya verib və elə bu gün qayıda biləcəyi ilə bağlı mövqeyini açıqlayıb. ASDP-nin həmsədri Araz Əlizadə bu barədə jurnalistlərə bilgi verməsə də, dövlət başçısına belə bir imkan yaradıldığı üçün təşəkkür edib.
***
A.Mütəllibov aeropartdan birbaşa Mərdəkana – mərhum oğlunun evinə yollandı. Onu yolun yarısına qədər iki DYP maşını müşayiət etdi.
O, sadə həyat yaşayıb
“Azadlıq”ın reportyor qrupu kimi eks-prezidenti Mərdəkana qədər izləmək istəsək də, buna nail ola bilmədik. Buna görə də yas yerini tapmağa bir az vaxt itirməli olduq. Mərdəkanda bəlli oldu ki, mərhum uzun müddətdir burada yaşamasına baxmayaraq, bu yerlərdə elə də tanınmırmış. “Ayaz Mütəllibovun oğlunun evi haradadır” sualına çoxları elə sualla da cavab verirdilər: “O, burada yaşayır ki?”
Mərdəkanda mərhum Mütəllibovu nə qədər qəribə də olsa, bizə tanıdanlardan ilki “moyka” işlədən iki gənc oldu. Onlar bildirdi ki, Azad iki ilə yaxın “CIP”-ni onlarda yudurdub. Azadı sakit və sadə insan kimi xarakterizə edən gənclər onun ölüm xəbərini bizdən alıb təəssüfləndilər. Onlardan biri dedi ki, mərhum uca boylu, dolu bədənli imiş: “Ancaq axırıncı dəfə iki ay əvvəl bura gələndə onun dəhşət sınıxdığını gördüm. Bildim ki, vəziyyəti yaxşı deyil. Ancaq nə olduğunu soruşmağa utandım…”
***
Azad Mütəllibovun 2 mərtəbəli sadə bir bağ evi var. Ev təmtəraqdan uzaqdır. Biz yas yerinə çatanda həyətdə 50-60 nəfər insan vardı. Eks-prezident özü evin içərisində Araz Əlizadə ilə dayanaraq, gəlib-gedənlərdən baş sağlığı qəbul edirdi.
Uğursuz əməliyyat
Yas yerində qonşulardan aldığımız məlumata görə, Azad uzun müddət imiş xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bu il o, ciyərlərindən əməliyyat olunsa da, sağlamlığında dönüş yaranmayıb. Mərhum son günlərini yataqda keçirib…
“Onu tək buraxın”
ASDP həmsədri Ayaz Mütəllibovla “Azadlıq” əməkdaşlarının hər hansı təmasını məqsədəuyğun saymayıb: “ Xahiş edirəm, onları dərdləri ilə baş-başa buraxın. Bu, elə məqamdır ki, gərək insan tək qalsın. Gördüyünüz kimi, mən bu ailəyə yaxın adam olsam da, baş sağlığı verib aralanıram”.
Bu gün vida mərasimidir
Hüzr yerindən aldığımız məlumata görə, mərhumla vida mərasimi saat 11-14.30 arası Təzə Pir məscidində olacaq. O, Yasamal qəbiristanlığında babasının yanında dəfn olunacaq. Hüzr mərasiminin isə elə Mərdəkanda veriləcəyi gözlənilir.
Ayaz Mütəllibov nəzarətdədir
Biz evi tərk edib, küçəyə çıxanda “Azadlıq” radiosunun iki əməkdaşının həyətin qarşısında qabaqalarının kəsildiyini gördük. Onları içəri buraxmayan isə, özlərini təqdim etməyən mülki formalı xüsusi xidmət orqanlarının əməkdaşları idi. Onlar ümumiyyətlə, eks-prezidentin evdə olmasını danırdılar…
Oğlu ölən ata
Yada salaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet Ittifaqı Kommunist Partiyası MK-nın və Sov.IKP MK-nın Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin rus ordusunun köməkliyi ilə törətdiyi faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə Mütəllibov 1992-ci il martın 6-da istefa verib.
Həmin ilin mayında Ali Sovet öz qərarını ləğv edib və Mütəllibovu 1992-ci il mayın 14-də vəzifəsinə qaytarıb. Lakin müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olub və ölkəni tərk edib. O vaxtdan etibarən o, Moskvada yaşayır. Hazırda Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədridir.
Onu həbs edəcəklərmi?
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov dünənki açıqlamasında eks-prezidentin həbs edilib-edilməyəcəyi barədə məsələyə dair qəti fikir deyə bilməyib…
Natiq
Fotolar: “Azadlıq” radiosu, “Yeni Müsavat” qəzeti və APA
Video: “Azadlıq” radiosu