Ağdamın “Qarabağ” klubu Avropa Liqası ilə vidalaşıb. Təmsilçimiz səfərdə 1:4 hesabilə məğlub olduğu Belçikanın “Brügge” klubunu Bakıda 1:0 hesabı ilə məğlub etsə də mərhələyə adlaya bilməyib.
Oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma haqqında fikirlərini bildiriblər. Rəqibin baş məşqçisi Adri Koster yetirmələrinin ilk hissədə özlərini yaxşı tərəfdən göstərə bilməmələrinə diqqət çəkib.
““Qarabağ”ın ilk dəqiqələrdən üzərimizə gələcəyini gözləyirdik. Belə də oldu. Yaxşı oldu ki, rəqib erkən qol vura bilmədi. Yoxsa işimiz bir qədər də çətin olacaqdı. “Qarabağ”ın oyununa gəlincə rəqibin heyətində Adamiya, Sadiqov və İsmayılovun oyunları xoşuma gəldi. İnanıram ki, həmkarım bu heyəti qoruyub saxlaya bilsə “Qarabağ” növbəti mövsümdən Avropa Liqasının qrup mərhələsinə adlaya bilər. Hələlik komandanız buna hazır deyil”, – deyə Adri Koster bildirib.
Xatırladaq ki, “Qarabağ” bu mövsüm Avropa Liqasında Litvanın “Banqa” və Farer adalarının “Streymur” klublarını sıradan çıxarıb. Püşkün nəticəsinə görə, “Brügge”yə rəqib olan “Qarabağ”ın pley-off-a vəsiqə qazanmaq arzusu baş tutmadı (ans press).