Vahid Məhərrəmov
Kənd təsərrüfatı mütəxəssisi
Son zamanlar ölkədə əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi fonunda qida məhsullarının qiymətlərinin ciddi artması ölkəyə xaricdən gətirilən malların idxal dəyərinə aydınlıq gətirilməsini aktuallaşdırıb. Hələ bir müddət əvvəl ölkəyə kəsim üçün gətirilən diri heyvanların idxal qiymətləri ilə sizi tanış etmişdik. Xatırladım ki, Azərbaycana 2013 -cü ildə 2,2 milyon dollar dəyərində 163 min baş diri qoyunlar idxal olunub. Aparılan hesablamalara görə idxal olunan xırdabuynuzlu heyvanların hər birinin idxal qiyməti 10 manat 77 qəpik təşkil edib. Təsəvvür edin 1 kiloqram ət qiymətinə 13-15 kiloqram təmiz ət çıxışı verən qoç, toğlu alınıb. Onu da qeyd edim ki, Qurban Bayramı ilə əlaqədar Bakı şəhərində təşkil edilən yarmarkalarda idxal olunan 1 baş toğlu, qoç alıcılara 100-150 manata satılıb. Mətbuatda geniş rezonansa səbəb olan bu informasiya görünür hökumətin də diqqətindən yayınmayıb. Belə ki, artıq 2014- cü ildə ölkəyə gətirilən xırdabuynuzlu heyvanların idxal dəyəri əvvəlki ilə müqayisədə nə az, nə çox düz 6 dəfə artırılıb. Ölkəyə 2014-cü ildə 6,9 miyon dollar dəyərində 88 min baş diri qoyunlar idxal olunub. Göründüyü kimi əvvəlki ilə nisbətən baş sayı 2 dəfə azaldığı halda ödənilən ümumi məbləğ 3 dəfə artıb. Bir baş qoyunun idxal dəyəri 79,43 dollara, yəni 62 manat 35 qəpiyə sənədləşdirilib. Bu qiymətləndirmənin də şübhəli olduğunu qoyaq kənara və hesab edək ki, bir zaman qaydasına düşər. Həm də hesab edək ki, bu əməliyyatdan dövlət büdcəsinə nəzərdə tutulan vergi nisbətən artıb. Xırdabuynuzlu heyvanların idxal dəyərinin 6 dəfə artması xəbəri sevindirici olsa da, əldə etdiyimiz digər bir məlumat heç də bu işin qaydaya düşəcəyinə ümid vermir. Belə ki, 2013 -cü ildə Azərbaycana Gürcüstandan 109 min başdan çox diri iribuynuzlu heyvanlar idxal olunduğu və həmin heyvanların 3 kiloqram ət qiymətinə, yəni 29 dollar 91 sentə, o zamankı məzənnə ilə 24 manat dəyərində sənədləşməsi haqda məlumat vermişdik. Görünür, rezonansa səbəb olan məlumatdan sonra hökumət məmurlara iribuynuzlu heyvanların idxal dəyərinə də əl gəzdirmək göstərişi verib. Belə ki, 2014-cü ildə Gürcüstandan ölkəmizə gətirilən 2,1 milyon dollar dəyərində 54,3 min baş diri iribuynuzlu heyvanın hər biri sərhəddə yeni qiymətə, 39,37 dollara, o zamankı məzənnə ilə 31 manata sənədləşdirilib. Əvvəlki ildə 3 kiloqram ət qiymətinə ölkəyə gətirilən iribuynuzlu heyvanların idxal dəyərini 2014-cü ildə 4 kiloqram ət qiymətinə sənədləşdiriblər. Qəribə burasıdır ki, adi qoyunu, toğlunu, adi inəkdən, danadan 2 dəfə yüksək qiymətləndiriblər. Belə ki, yuxarıda qeyd olunduğu kimi 1 qoyunun idxal dəyərini 79,43 dollara, bir dananı isə 39,37 dollara sənədləşdiriblər. Yəni, Iki İnək qiymətinə adi bir qoyun! Bu, hələ harasıdır! Ölkəyə 2014-cü ildə Vyetnamdan, İslandiyadan, Çilidən kiloqramı 40 qəpiyə alınmış balıq ətini daxili bazarda 8-10 dəfə baha qiymətə satıblar.