SOCAR-ın amerikalı konqresmenlərlə bağlı 750 min dollarlıq əməliyyatına dair araşdırmalar başa çatdı
ABŞ Konqresinin Nümayəndələr Palatasının etika komitəsi 2013-cü ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabına Bakıya səfər etmiş Amerika qanunvericilərinin əməllərində pozuntu aşkar etməyib.
“Turan”ın məlumatına görə, komitə elan edib ki, konqresmenlər Xəzər sahillərinə getmək üçün icazə alıblar və bütün xərclərin yerli hakimiyyət tərəfindən ödəniləcəyini bilmirdilər.
“Nümayəndələr Palatasının üzvü əvvəlcədən hədiyyə almaq üçün (xarici səfər) yazılı icazə alırsa, bu, onu komitənin hər-hansı təsirindən qoruyur”, – deyə məruzədə bildirilir.
Üç aylıq araşdırma, 12 nəfərin dindirilməsi və təxminən 200 səhifəlik sənədin araşdırılması nəticəsində Komitə belə bir nəticəyə gəlib ki, Amerikanın 10 qanunvericisi – altı Demokrat və dörd Respublikaçı aldadılıb.
Amerika mediasının məlumatına görə, Hyustonda (Texas ştatı) yerləşən, ABŞ-da Azərbaycan hökumətinin maraqları daxilində işləyən və konqresmenlərin Bakıya səfərini təşkil edən lobbiçilik firması özünü tədbirin baş sponsoru kimi təqdim edib və SOCAR-ın büdcəsindən maliyyələşdiyini bildirməyib.
Bu firmanın rəhbəri ABŞ Konstitusiyasına insanların öz əleyhinə şahidlik etməməsinə icazə verən beşinci düzəlişdən istifadə edərək, Komitədə çıxış etməkdən imtina edib.
Bu iş üzrə təhqiqat 2015-ci ilin mayında, “The Washington Post” qəzeti Azərbaycan neft şirkətinin amerikalı qonaqların səfərinin təşkil edilməsinə 750 min dollar xərclədiyini yazdıqdan sonra başlayıb.
Anti-korrupsiya qanunu Amerika siyasətinə xarici təsirə yol verməmək üçün ABŞ Konqresi üzvlərinin başqa ölkələrin hökumətlərindən hədiyyə qəbul etməsini və onların hesabına səfər etməsini qadağan edir.
Qeyd edək ki, sözügedən səfərdə Amerikanın müxtəlif ştatlarının qanunverici orqanlarının onlarla üzvü və onların ailə üzvləri də iştirak ediblər. Rəsmi Bakı bu bahalı “turun” mənasını, habelə bu tədbirin dövlət vəsaiti hesabına ödənilməsinin səbəblərini izah etməyib.
Əslində xərclərin məbləği qeyd edilən 750 min dollardan çoxdur və lobbiçilik şirkətinə ödənilmiş böyük məbləği nəzərə almır.