Dövlətin özəl klinikaların qiymət siyasətinə müdaxiləsilə bağlı ekspert fikirləri üst-üstə düşmür
Tarif Şurası dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlayıb. Ilk mərhələdə vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri sentyabrın 15-dən qüvvəyə minəcək.
Bəllidir ki, ölkə əhalisi təkcə dərmanların qiymət və keyfiyyətinə görə xaricə üz tutmur. Insanlar ölkə daxilində fəaliyyət göstərən klinikaların müayinə xərclərinin bahalığı üzündən də xaricə axın edir. Maraqlıdır, Tarif Şurası dərmanların qiyməti kimi, müayinələrin tənzimlənməsi məsələsinə də baxa bilərmi? Müayinələrin hamıya əlçatan olması üçün Tarif Şurasının müdaxiləsi mümkündürmü?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, kiçik bir ölkə olan Azərbaycanda bu məsələni reallaşdırmaq mümkündür. Ekspert ölkədə fəaliyyət göstərən klinikalarda müayinə qiymətlərinin aşağı salınmasının əhalinin vəziyyətinə birbaşa təsir göstərəcəyini düşünür.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov deyir ki, bu məsələdə ilk baxışda üzdə görünməyən, amma çox vacib məqamlar var. Məsələn, səhiyyə obyektlərində müayinə qiymətlərinin ucuzlaşdırılması baş tutsa, həmin obyektlərdən “şapka” alınması məsələsi necə olacaq? “Şapka” məsələsi qaldığı təqdirdə isə müayinələrin ucuz olmasına məcburiyyət yaradılması özünü doğrultmayacaq.
“Təbii ki, bu, özəl klinikaların bağlanması və bəzi şəxslərin öz klinikalarının qalıb fəaliyyət göstərməsinə xidmət edəcək. Həmçinin, özəl klinika istədiyi qiyməti qoya bilər. Vətəndaş azaddır və qiyməti sərf edən, istədiyi klinikaya üz tuta bilər. Özəl klinika qiymətləri aşağı saldığı halda belə, vətəndaşın istədiyi həcmi əldə etmək şansı olmayacaq. Xəstə qəbul edən həkimin aşağı qiymətə işləməsi də sual altındadır. Əslində, bu prosesləri həll etmək üçün klinikalardan əlavə ”şapka" və pullar alınmamalıdır. Monopoliya olmadığı, klinikaların sərbəst buraxıldığı şəraitdə qiymətlər də aşağı düşəcək. Dünyanın heç bir ölkəsində hökumət klinika və dərmanlara qiymət diqtə etmir. Heç bir yerdə belə bir mənzərə yoxdur", – deyə tibbi ekspert qeyd edib.
Nigar