Neftin qiyməti 10 il müddətində ciddi artmayacaq; Azərbaycan hökumətinin ümidi boşa çıxır
Dünya Bankı əmtəə bazarları üzrə uzunmüddətli “Market Outlook” hesabatını açıqlayıb. Hesabata görə, neftin qiyməti yaxın 10 ildə stabil olaraq artıma doğru irəliləməlidir.
Bununla belə, Dünya Bankı ekspertlərinin proqnozlarına görə, 10 il sonra “qara qızılın” bir barrelinin dəyəri inflyasiya faktoru nəzərə alındığı zaman 2010-cu il qiymətləri ilə müqayisədə 70,8 dollar təşkil edəcək. Beləliklə, Dünya Bankının hesabatına görə, 2015-ci ildə nominal qiymətlərlə bir barrel neftin qiyməti 57,8 dollardan artıq olmayacaq, 2016-ci ildə bu göstərici 61,2 dollara qədər yüksələcək.
Sonrakı illərdə isə belə bir vəziyyət proqnoz edilir: 2017-ci ildə – 63,7 dollar; 2018-ci ildə 66,3 dollar; 2019-cu ildə 69,1 dollar və 2020 ci il üçün 71,9 dollar. 2025-ci ildə neftin nominal qiyməti bir barrel üçün 88,3 dollar səviyyəsinə çatacağı gözlənilir ki, bu da 2010-cu il qiymətləri ilə müqayisədə reallıqda 70,8 dollar təşkil etməlidir.
Dünya Bankı ekspertləri neftin qiymətlərinin həmçinin müqayisəli qiymət proqnozlarını tərtib ediblər.
Bu zaman gələcək illərdəki qiymətlərin 2010-cu illə müqayisəsi inflyasiya faktoru nəzərə alınmaqla dəyərləndirilib:
2015-ci ildə bir barel neftin qiyməti 54,4 dollar təşkil edəcək, gələn il isə bu göstərici bir qədər artaraq 56,6 dollara çatacaq.
Sonrakı 2017-ci ildə – 58,2 dollar; 2018-ci ildə 59,7 dollar, 2019-cu ildə 61,2 dollar və 2020 ildə isə 62,7 dollar. Dünya Bankının hesabatı bir daha onu təsdiqləyir ki, neftin “100 dollarlıq” dövrü müqayisəli qiymətlər ifadəsində ola bilsin bir daha fəth edilməsin (fins.az).
Mövzu ilə bağlı danışdığımız ekspertlər hesab edir ki, dünyada iri neft istehlakçıları olan ölkələr, o cümlədən ABŞ-ın şist neft və qaz ixaracatının artmasından sonra dünyada neftin bahalı olması ilə bağlı zamanın geridə qaldığını bütün dünya hiss edir.
Onsuz da dünyada neftin qiymətinin yüksək olması təkcə iri istehlakçılar üçün yox, hasilatçı ölkələrdə də ciddi problemlər yaradır.
Amma məsələ burasındadır ki, Azərbaycan iqtidarı yaxın zamanlarda neftin qiymətində ciddi artımın olacağını proqnozlaşdırır. Lakin bu iddiaların heç bir real əsası yoxdur. Çünki hər ötən il altenativ enerji mənbələrindən istifadə imkanları genişlənir. Ona görə yüksək neft qiymətinin olması geridə qalıb.
Azərbaycan rəsmilərinin neftin yüksək qiyməti ilə bağlı gözləntiləri real deyil. Yalançı ümiddir. Buna görə növbəti illər bu iqtidar üçün ciddi sınaq illəridir. Çünki, neft qiymətindən asılı olaraq böyük məbləğdə olan daxilolmalar mümkün olmayacaq. Ayaqlarına görə yorğanlarını uzatmaq haqqında realistcısinə düşünsünlər", deyə ekspertlər vurğulayırlar.
Xəyal