Statistik rəqəmlər bütün sahələrdəki geriləmədən xəbər verir
Hakimiyyət dayanmadan inkişaf təbliğatı aparır. Telekanallar, rejim mətbuatı, hökumətin əlaltı ekspertləri sübut etməyə çalışır ki, ölkədə bütün sahələr çiçəklənir. Amma reallıqlar, üzə çıxan nəticə onu göstərir ki, 22 illik YAP hakimiyyətinin uğuru uğursuzluqdan ibarətdir. Təhsilin, səhiyyənin, hüquq sisteminin, kənd təsərrüfatının, elmin, texnomədəniyyətin vəziyyəti hər il daha da bərbad vəziyyətə düşür.
Bugünlərdə “Azərbaycan” qəzetində palaz boyda məqalə dərc olunub və müəllif kənd təsərrüfatından tutmuş, toxuculuq sahəsinə qədər hər yerdə gəzişib. Bu məqalədən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda inkişaf partlayışı baş verir.
Amma həmişə olduğu kimi bu dəfə də statistik məlumatlar hökuməti və onun “yalanpaylayanlar”ını təkzib edir. Bəli, bunu hansısa müxalifət lideri, müxalifət mətbuatı demir. Statistik məlumatlar göstərir ki, “AZAL”ın 2014-cü il üçün vergi ödənişləri 29.7 milyon manat hesablansa da, faktiki ödəniş 14.6 milyon manat olub. “Azərenerji” ASC isə 215.4 milyon manat vergi ödəməli olduğu halda, onun 146.8 milyonunun ödəyə bilib. “Azərbaycan Dəmir Yolları” QSC üçün 24.6 milyon manat vergi nəzərdə tutulsa da, faktiki ödəmə bunun cüzi hissəsi olub: 3.2 milyon manat. “Xəzər Dəniz Gəmiçiliyi”ndə oxşar vəziyyətdədir. Hökumətin hesabladığı vergi borcu 29.7 milyon manat olduğu halda, qurum cəmi 7 milyon manat ödəyib. “Azərsu” isə 29.8 milyon manat vergi borcu olub. Amma ödəniş 10.2 milyon manat təşkil edib. Bu siyahını uzatmaq da olar. Amma bir neçə statistik rəqəm real vəziyyəti ortaya çıxarır.
Bu necə inkişafdır ki, ölkənin ən aparıcı strukturları vergi ödəyə bilmir. Hansıki, vergilərin vaxtında və tam ödənilməsi inkişaf tempinin əsas göstəricisidir. Həm də adı çəkilən sahələr daimi təlabat olan, maliyyə axan sahələrdi. Amma ən işlək sahələr dövlətə borcludur və bu borc milyonlarla ölçülür.
Ona görə də analoqsuz inkişafdan dəm vuranlar etiraf etməlidilər. Ya dövlət orqanlarının qəsdən vergidən yayındığını, büdcə pullarının talan edildiyini, ya da heç bir inkişafın olmadığını etiraf etməlidilər.
Faktiki olaraq ən güvənilən sahələrdə ciddi axsama müşahidə olunur və bu qurumların fəaliyyəti büdcəyə öz töhfəsini verə bilmir. Həm də bütün sahələrdə tətbiq olunan qiymətlər digər ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Əgər ən nəhəng strukturların vəziyyəti belədirsə, digər vergiödəyicilərinin vəziyyətini təsəvvür etmək çətin deyil. Bugünlərdə Vergilər Nazirinin müşaviri də etiraf etdi ki, vergilərin 30 faizi zorla yığılır.
Göründüyü kimi, gecə-gündüz inkişaf “nəğmə”ləri oxuyanlar əslində tənəzzülün carçılarıdı. Yarıtmaz idarəetmə bütün sahələri iflic vəziyyətə salıb. Çünki, bütün sahələrdə iri korrupsiya layihələri həyata keçirilir və milyonlarla vəsait şəxsi ciblərə gedir. Ona görə də bu ölkədə yalnız şəxslərin inkişafından danışmaq olar. Fakt budur ki, bu gün dünya bazarına neft-qaz məhsullarından başqa heç nə çıxara bilmirik. Ağır və yüngül sənaye sahəsində heç bir uğur əldə olunmayıb. Üstəlik, sosial-iqtisadi vəziyyət getdikcə pisləşir.
Yekun nəticə budur ki, analoqsuz inkişaf edən ölkənin əsas strukturları büdcəyə 100 milyonlarla vəsait borcludur. Yeri gəlmişkən, Azərbaycanın xarici borcları da getdikcə artmaqdadır və bu borc milyardlarla ölçülür.
Nə hikmətdirsə, bu ölkədəki inkişafı yalnız hökumət komandası görür. Hamıdan gizlənən inkişaf, hökumətin gözündən kənara getmir.
Samir