Yaxud Qənimət Zahidə qarşı təzyiqlərə şeytanın şərh verməsi
Həqiqətən də iyrəncliyin, xəyanətin, dönüklüyün sərhədi yox imiş. Insan sürətlə şeytanalaşa bilərmiş. Xatılayırsızsa, tanınmış jurnalist Xədicə Ismayıl həbs olunanda “Yeni Müsavat” qəzeti baş verənləri məişət zorakılığı kimi təqdim etməyə çalışdı.
Ancaq Xədicə Ismayıl Ilham Əliyevin ailə biznesini ifşa edirdi və araşdırma yazıları ilə Əliyevlərin əsl mahiyyətini üzə çıxarırdı. Rauf Arifoğlu da bu həbsin əsl səbəbini hamı kimi gözəl bilirdi. Amma cinayətkar bir rejimi müdafiə etmək missiyasını üzərinə götürdüyü üçün, bütün iyrəncliklərə getdi. Ardınca AXCP rəhbərliyinin həbsi gündəmə gəldi. Bu dəfə də “Yeni Müsavat” qəzeti məlum həbsləri AXCP daxilindəki qruplaşmaların düşmənçiliyi kimi tirajladı. Məsələn, Seymur Həzinin həbsini AXCP daxili münaqişələrlə əlaqələndirməyi zərrə qədər vicdanı olan şəxs özünə sığışdırmaz.
Amma “Yeni Müsavat”ın şərə xidməti bununla da bitmir. Bugünlərdə “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı”nın aparıcısı Qənimət Zahidin 3 yaxın qohumu narkotika ittihamı ilə həbs olundu. Balaca uşaq da bilir ki, bu həbslər “Azərbaycan saatı”nın Əliyevi ifşa etməsinə görədi. Bu dəfə də Rauf Arifoğlu hökumətin cinayətkar simasını qorumaq öhdəliyi götürdü. Qənimət Zahidin mühacir həyatı yaşayan qardaşı oğlundan müsahibə almaq qərarına gəldi. Həm də bu qardaşoğlu Mirzə Sakitin kürəkənidi. O Mirzə Sakitin ki, Qənimət Zahidlə münasibətləri gərgindi. Rauf Arifoğlu də bu vəziyyətdən istifadə edərək, Qənimət Zahidi doğmalarının əli ilə ləkələmək fikrinə düşdü .
Əvvəla, Qənimət Zahid onun haqqında qıcana-qıcana danışan qohumlarından fərqli olaraq, mühacirətdə istirahətlə deyil, ölkəsinə xidmətlə məşğuldu. Bəli, xalqa həqiqətləri çatdırmaq, öz missiyasını sona qədər davam etdirmək şərəfli xidmətdir. Belə çıxır ki, Qənimət Zahid öz haqq mübarizəsindən geri çəkilməliydi? Bu məntiqlə yanaşsaq, bugün mübarizədə olan hər kəs hökumətin qucağına qısılmalıdı. Ən maraqlısı isə budur ki, bu gün mühacir həyatı yaşayan Tariyel bəy Qəniməti mühacirətdə qınayır. Ancaq Qənimət Zahid həbsdə də yatıb, bütün fəaliyyəti dövründə də hökumətə güzəştə getməyib. Sadəcə olaraq “Azərbaycan saatı”nın yaşaması üçün ölkə xaricində olmaq zəruri idi.
Ikincisi, Rauf Arifoğlu hansı üzlə Qəniməti ittiham etmək qərarına gəlib? Fakt budur ki, Qənimət Zahid Raufun qarşısında diz çökdüyü hökumətə divan tutur. “Azərbaycan saatı” ölkə telekanallarını kölgədə qoyub. Hamı bu proqramı səbirsizliklə gözləyir. Rauf Arifoğlu istəyir ki, hamı onun kimi özünü satışa çıxarsın. Əslində, Qənimət Zahidin bu qədər təzyiqlərə sinə gərərək mübarizəsini davam etdirməsi alqışlanmalıdır. “Azərbaycan saatı” nın 10000-lərlə izləyicisi bu adamın böyüklüyü qarşısnda baş əyir. Digər tərəfdən, bu gün Rauf Arifoğlunu təhqir etmək istəyən 1000-lərlə insan var. Indi biz bu adamları bir-bir tapıb qəzetə çıxarmalıyıq?
Bir daha aydın olur ki, Rauf Arifoğlu qəzetini qorumaq üçün yox, cinayətkar bir rejimi qorumaq üçün əl-ayağa düşüb. Çünki, bugünə qədər etdikləri “Yeni Müsavat”ı qorumaq üçün kifayət idi.
Xəstə cəbhəçinin evindən reportaj hazırlamamaq, Qənimət Zahidin narazı qohumlarının izinə düşməmək də olardı. Amma adam bütün dəyərləri pula və qorxuya satıb.
“Rauf Arifoğlu manevr eləyir” deyənlər indi nə düşünür? Bu iyrənc, ləyaqətə zidd olan “yaradıcılıq” da manevrdi? Heç kimə sirr deyil ki, Qənimət Zahidin qohumlarının həbsi birinci şəxsin sifarişi ilə həyata keçirilib. Rauf isə ictimaiyyəti çaşdırmaq üçün “izləri” silməyə çalışır.
Bu adam Etibar Hüseynovlara, Hafiz Hacıyevlərə hələ çox rəhmət oxudacaq. Şeytanın əvəzinə Allahı daşlayan adamdan hər şey gözləmək olar. Bu gün sadə müsavatçılar da Raufu lənətləyirlər. Artıq özünə hörmət edən heç kim bu adamı müdafiə etmir. Faktiki olaraq “Yeni Müsavat” xəyanətin, dönüklüyün şeytana da məlum olmayan növlərini kəşf etməklə məşğuldu.
Allah heç kimi belə sındırmasın. Əvvəl həbs edib zindana saldılar, indi də başına pul töküb oynadırlar. Görəsən bu adam özü ilə tək qalanda nə fikirləşir? Bu qədər iyrənclikdən sonra saniyəlik də olsa əzab çəkirmi?
Qənimət “Azərbaycan saatı”nı davam etdirəcək, bu hakimiyyətin cinayətlərini yenə də üzə çıxardacaq. Onun missiyası budur. Rauf Arifoğlu da Qənimətin narazı qohumlarının izini itirməməyə çalışsın. Növbəti medalı yaxaya taxmaq üçün hələ çox çirkaba batmaq lazımdı. Əslində, Raufa haqq qazandırmaq “bu çirkab sənə çox yaraşır” deməkdi. Yəni yeni libasına baxıb, “mübarəkdi” demək olar.
İlham