Yalnız öz vicdanlarının tələbilə mübarizəyə davam edən minlərlə mübariz insan inanır ki, bu rəşadətli mübarizə milli vicdanımızı tərpədəcək!
Azərbaycan tarixinin önəmli səhifələri yazılır. Xədicə İsmayıl və Qənimət Zahidin simasında söz azadlığı simvollarına qarşı hücum yenidən gücləndirilib. Bu gün Xədicə İsmayılın məhkəməsinə getmişdim. Təəssüf ki, məhkəməyə prosesi işıqlandırmaq üçün gəlmiş jurnalistlərin də, Xədicə xanıma mənəvi-siyasi dəstək üçün gəlmiş ictimai-siyasi xadimlərin də əksəriyyətinə, hətta Xədicə xanımın bacısına da məhkəmədə iştirak imkanı verilmədi.
Rejimin daha bir rəzilliyinə şahid olduq. Bu qədər böyük ictimai marağın olduğu məhkəmə üçün kiçik zal ayırıb, oranın da xeyli hissəsini Xədicə xanıma və jurnalistikaya aidiyyatı az olan adamlarla əvvəlcədən doldurmuşdular ki, Xədicə xanım ona yaxın olan, onunla həmrəylik nümayiş etdirən insanlardan hətta məhkəmə zamanı da təcrid olunsun. Yəqin düşünürdülər ki, Xədicə İsmayıl onu dəstəkləyən insanlarla uzaqdan da olsa, görüşməklə əlavə mənəvi güc alar, eləcə də məhkəməyə gəlmiş çoxsaylı insanlar girovluqda belə dik duruşunu, qürurunu, mübarizə əzmini saxlamış Xədicə İsmayıl nümunəsindən ruhlanarlar. Ona görə bu oyunu qurub, insanları məhkəməyə buraxmadılar.
Amma yenə də hər şey tərsinə alındı. Zala buraxılmayan insanlar – Xədicə xanımın həmkarları, dostları, əqidədaşları elə qapının arxasında gözəl aksiya keçirdilər. Məhkəmə zalından hazırlanan reportajdan öyrəndim ki, çöldə səsləndirilən “Xədicə!” şüarları və alqış səsləri zalda da eşidilirmiş, Xədicə xanım da bu şüarları eşidirdi və mübarizəsində tək olmadığına növbəti dəfə əmin olurdu. Xədicə xanımın məhkəmədə rejimi növbəti dəfə hansı cəsarətlə ifşa etdiyini də xalqdan gizlədə bilmədilər. Zala daxil olmuş azsaylı jurnalistlərin verdiyi xəbərlər yenə də 100 minlərə yayılmaqdadır. Deməli, bugünkü məhkəmədə yaratdıqları çətinliklə heç nəyə nail ola bilmədilər. Yalnız Xədicə xanımdan olan qorxularını və qərəzli münasibətlərini nümayiş etdirdilər.
Bakının mərkəzində bu məzhəkə oynanılan zamanı Şamaxının Meysəri kəndində də Qənimət Zahidin qohumlarının evində polis əməliyyatı keçirilirdi. Günün axırında məlum oldu ki, tapşırığa uyğun olaraq Qənimət bəyin əmisi oğlu Rövşən Zahidovun evindən narkotik "tapılıb". Bu həmin Rövşən Zahidovdur ki, 3 gün qabaq inzibati qaydada 25 sutka həbs cəzası veriblər. Amma görünür, yuxarıdan deyilib ki, Qənimət bəyin əmisi oğlu olmağa görə 25 sutka çox azdır, sanballı cinayət işi olmalıdır.
Qənimət Zahid 3 ilə yaxın bir müddətdə rejimin həbsxanasında yatıb, amma susmayıb, sınmayıb, azadlığa çıxdığı gündən də qaldığı yerdən mübarizəsinə davam edib. Hər cür mənəvi terrora məruz qalıb, ailəsi ciddi şəkildə təhdid olunub, amma yenə də mübarizəsindən vaz keçməyib. Məcburən ailəsini mühacirətə aparıb, mübarizəsini də davam etdirib. Son günlər onun 3 yaxın qohumunu həbs ediblər. Aydındır ki, Qənimət bəy haqq davasından, millət davasından addım geri qoymur. Hökumət də deyir ki, nə qanun tanıyır, nə əxlaq. Bütöv bir nəsli, günahsız insanları düşmən elan edib.
Əziz həmvətənlərim, bəs bizlər bu ölkənin vətəndaşı olaraq heç olmasa, baş verənlərin fərqindəyikmi? Fərqindəyikmi ki, Xədicə xanım tutulacağını bilirdi və Bakıya qayıtmaya bilərdi. Hansımız ona irad tutacaqdıq? İndiyə qədərki mübarizəsi ilə azmı edib? Qənimət bəyin ailəsi artıq Fransada yerləşib, bu ölkədən heç nəyə ehtiyacı yoxdur. Əlini yelləyib, “məndən də bu qədər” deyib öz şəxsi həyatını yaşaya bilməzdimi? İndiyə qədər yaşadığı məhrumiyyətləri bildiyimizdən, hansımız özümüzdə haqq görəcəkdik ki, Qənimət bəyə irad tutaq, ondan daha artıq mübarizə tələb edək?
Bəli, Xədicə İsmayıl, Qənimət Zahid, bugünkü yazıda adlarını qeyd etmədiyim 100 nəfərə yaxın siyasi məhbus, hər gün həbs olunmaq təhlükəsi ilə, dözülməz şərtlər altında mübarizəni davam etdirən minlərlə mübariz insan yalnız öz vicdanlarının tələbilə mübarizəyə davam edir. Bir də bu mübariz insanlar sizləri çox sevirlər. İnanırlar ki, millətimiz daha yaxşı həyata layiqdir. İnanırlar ki, siz də o yaxşı həyatı – insan ləyaqətinə hörmət olunan, hər kəsin inkişafına, uğur qazanmasına təminat verən həyatı arzulayırsınız. İnanırlar ki, bu rəşadətli mübarizə milli vicdanımızı tərpədəcək!