İcra başçısının müavini vətəndaş Eldar Şıxaliyevi komaya düşənədək döyüb
Xaçmaz rayon icra başçısının müavini Azər Haqverdiyev adam döyüb. Bu məlumatı “Azadlıq”a verən qaynaq bildirdi ki, zərərçəkən şəxs 1 nömrəli şəhər klinik xəstəxanasına (köhnə “Semaşko”) yerləşdirilib. Məlumatın dəqiqləşdirmək üçün sözügedən ünvana yollandıq.
Haqqı tələb etmək olmaz…
Xəstələrlə görüşə axşam saat 17-dən sonra icazə verildiyindən biz 3 saat ərazidə var-gəl etməyə məcbur olduq. Saatın tamamında isə 4-cü korpusun 3-cü mərtəbəsinə qalxdıq. Xaçmazdan gələn xəstəni dəhlizdəki həkimlərdən soruşduq. Məlum oldu ki, Eldar Şıxaliyev ötən ayın sonlarından xəstəxanada yatır. Gəlişimizin məqsədini ailəsinə çatdırdıq. Ünvanı səhv salmadığımızı bildirdilər. Bir neçə dəqiqədən sonra palataya keçib hadisəylə bağlı daha müfəssəl məlumat aldıq.
Sən demə, hadisə iyunun 19-da olub. Belə ki, Eldar Şıxaliyev həmin gün toyda olub. 17-18 radələrində məclisi tərk edib evə qayıdarkən yolda ötən il onlarda kirayədə qalan salyanlı fəhlələrlə qarşılaşıb. Onlar kirayə qaldıqları müddətdə ev pulunu verməyib qaçıblarmış. Bunları görən Eldar Şıxaliyev öz haqqını tələb edir. Bir az içkili olduğundan o, səsinin tonunu da yüksəldib. Fəhlələr isə sən demə, həmin vaxt rayonun mərkəzində divarların fasadlarını yeniləyirmişlər. Onların işinə isə icra başçısının müavini Azər Haqverdiyev nəzarət edirmiş. Eldar Şıxaliyev haqqını tələb edəndə icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi başının dəstəsi ilə ona hücum çəkib. Onu möhkəm döyəndən sonra rayon polis şöbəsinə aparıblar.
Ailəsi isə bu hadisədən iki saat sonra xəbər tutub. O da necə?
Həmin gün növbətçi olan polis serjantı Şıxaliyevin evinə gələrək onun üçün köynək istəyib. Köynək məsələsi ailəni çaş-baş salıb. Onlar polis serjantına deyiblər ki, evin böyüyü bir neçə saat öncə toya gedib. Həm də məclisə köynəksiz getmədiyini deyib və ikinci köynəyin nəyə gərək olduğunu soruşublar. Növbətçi polis isə bildirib ki, o, xırda xuliqanlıq edib. Bir neçə sutkalıq iş alacaq, köynəyi cırıldığı üçün yenisi gərəkdir. Köynəyi verən ailə, elə polisin arxasınca idarəyə yollanır.
Azər Haqverdiyev 1500 manat verdi
Iyunun 19-u bazar günü olduğundan onunla görüşə icazə vermirlər. Rəisin də qəbuluna düşmək çətin olur. Ailə hələ də Eldar Şıxaliyevin xırda xuliqanlıq hadisəsi törətdiyi üçün həbsə atıldığına inanır. Səhər yenidən idarəyə gəlirlər. Yenə görüş mümkün olmur. Günortaüstü isə Eldar Şıxaliyevi ailəsinə təhvil verirlər. Halsız şəkildə onu görəndə yenə ağıllarına başqa şey gəlmir. Həkim gələndən sonra işin nə yerdə olduğu məlum olur. Ailəyə deyirlər ki, Eldarı təcili Bakıya aparmaq gərəkdir. Bu zaman icra başçısının müavini Eldarın anası Mina xanımla görüşərək onun müalicəsinə 300 manat pul verir. Puldan imtina edən ana oğlunun sağalması üçün bütün işlərin görülməsini istəyir. Yalnız bundan sonra hadisə barədə heç kimə şikayət etməyəcəyini deyir. Eldar Şıxaliyevi Bakıya gətirdikdən sonra Azər yenidən ailəyə sözçü göndərir. Məsələni həll etmək üçün Şıxaliyevlərə gələn sürücü 1500 manat verir. Ailə bu pulu da qəbul etmir. Ancaq sürücü Azər Haqverdiyevin sözünü çatdıraraq bildirir ki, bütün müalicə xərcləri ödəniləcək. Kasıb (həm də sadəlövh) qadın bu sözlərə inanaraq pulu götürür. Onlar inanırlar ki, icra başçısının müavini ailəyə yenə maddi yardım edəcək. Ancaq bu, olmur…
Oğlu Vüsal Şıxaliyev deyir ki, atasının vəziyyəti olduqca ağırdır: “Heç nəyi hiss etmir, bizi tanımır. Başını, ayaqlarını, əllərini tərpədə bilmir. Adamı da bu günə qoyarlar? Kimsə vəzifə başındadırsa, o deməkdir ki, nə istəsə edə bilər? Belə də biabırçılıq olar?”.
Eldarın anası Mina xala isə oğlunun tezliklə sağalmasını arzulayır: “Indi məni oğlumun taleyi düşündürür. Onu o qədər döyüblər ki, əlil də ola bilər. Niyə belə ediblər? O, öz haqqını tələb edib də. Başqa nə istəyib ki? Pulunu Azərdən yox, fəhlələrdən istəyib. Onu Azər niyə döyüb? Nə günahı vardı?”.
Ailə məsələnin çözülməsi üçün daxili işlər naziri Ramil Usubovdan tutmuş, baş prokuror Zakir Qaralova qədər müraciət edib. Həm bu hadisədə günahkar olanların cəzalandırılmasını, həm də ailəyə maddi köməyin göstərilməsini arzulayırlar. Elə Eldar Şıxaliyevin sağalmasını arzuladıqları kimi…
***
Sağollaşıb, “Semaşko”nu tərk edəndə, onlar “xahiş edirəm, elə edin ki, bizə kömək etsinlər” sözlərini təkrarlayırlar.
Biz isə…
Ramin DEKO