Dövlət başçısının xüsusən Almaniyaya qarşı fikirləri ironiya və tənqid hədəfi oldu
Nazirlər Kabinetinin iyulun 13-də Ilham Əliyevin sədrliyilə keçirilən müşavirəsində dövlət başçısının səsləndirdiyi fikirlər gündəmin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Bu müşavirədə ölkə başçısı hüquq-mühafizə orqanlarının fəaliyyətindəki nöqsanlardan tutmuş, AZAL-da biletlərin qiymətindəki bahalığa qədər bir çox məsələlərdən danışdı.
Amma müşavirədə ən çox diqqət çəkən məqam Ilham Əliyevin Avropaya, o cümlədən Almaniyaya meydan oxuması oldu. Dövlət başçısının Avropa Parlamenti və Almaniya Buntestaqına qarşı səsləndirdiyi ittihamlar ölkə ictimaiyyəti arasında ciddi müzakirələrə səbəb olub. Əsasən gənc nəslin nümayəndələrinin fəallıq göstərdiyi sosial şəbəkələrdə prezidentin müşavirədə Qərbin ünvanına səsləndirdiyi fikirlər ciddi etirazlarla yanaşı, maraqlı fikir mübadilələrilə yadda qalıb. Sosial şəbəkə fəalların bir qismi Əliyevin bu fikirlərini ölkənin gələcəyi baxımından ciddi təhlükə kimi dəyərləndirib, narazılıq etsələr də, digər qisim ümumiyyətlə, ironiyalı münasibət bildirib.
“Facebook” sosial şəbəkəsinin ən populyar səhifələrində ölkə başçısının müşavirədəki çıxışını əks etdirən paylaşımların şərh bölümündəki müzakirələrdən bir sıra fikirləri təqdim edirik:
Yusif Aliyev: Avropa belə pis idi, oyunlarını niyə keçirdiniz? Almaniya belə pis idi, ilin əvvəlində ora niyə getdiniz? Ermənilər pulla konqresmen tutur deyirsiz, bəs yaxşı erməninin pulu yox idi, acından ölürdü?
Oğuz Türkü: Almaniyanın bizimlə nə işi ola bilər ki? Almaniya öz iqtisadiyyatı ilə dünyaya meydan oxuyur, biz kimik ki? Alman deyir ki, millətini acından qırma türmədə, orada günahsız adam saxlama.
Cəsur Ürək: Almaniyanın işi-gücü yoxdu ki, durub banan ölkesinə paxıllıq eləsin?
Zaur Salahov: Amma onu düz deyir, biz onlara qulaq asmırıq, onların qətnamələri bizim üçün boş şeydir. Bu həqiqətdir. Azərbaycan heç vaxt Avropanın iradlarına qulaq asmayıb və heç vaxt demokratikləşmə yolunda nə isə bir iş görməyib. Deməli, bu sözlərdən sonra biz artıq bu dövlətdən demokratik addımlar gözləyiriksə, həddindən artıq sadəlövhük.
Riçard Çələbiyev: Azərbaycanın fəaliyyəti Almaniyaya lazımmış. Biri demir ki, Azerbaycanda nə var ki, onlara lazım olan? Nə var, elə almanlarda var da… Zavodlar, fabriklər elə onlardadı. Dünya Almaniyadan danişır, bu deyir Almaniya Azərbaycandan asılıdır.
Elçin Yusifbəyli: Avropa artıq elektrik enerjisinə keçir. Məsələn, Isveçdə 98 faiz evlərdə qaz əvəzinə elektrik enerjisindən və alternativ enerjidən istifadə edirlər. Bir də ki, dövlət özü 4500 manat kömək edir ki, vətəndaşlar elektriklə gedən avtomobillər alsınlar!!!ÿAzərbaycanın nefti və qazı 10 ildən sonra Azərbaycandan başqa heç kimə lazım olmayacaq!
Zülfüqar Həsənov: Başları öz işlərinə qarışıb, millət yadlarından çıxıb. Artıq iki aydır ki, maaş ala bilmirik, büdcəni boşaldıblar, indi də doldurmağa çalışırlar kasıbın maaşıyla. Allah bəlanızı versin, bu dünyada olmasa da, o dünyada əlim yaxanızda olacaq…