Elbəyi Həsənli «Yeni Müsavat»ın hansı məkrli planda yer aldığına aydınlıq gətirdi
Bu həmişə belə olub. Həmişə təmiz, ləyaqətli, vicdanlı adamlar hədəf seçilib. Belə adamların ümumxalq mənafeyindən çıxış etməsi, neqativləri üzə çıxarması həmişə “patron”ları narahat edib. Eyni missiyanı yerinə yetirən təşkilatlar, qurumlar, partiyalar da analoji münasibətlə üz-üzə qalıb. Bu baxımdan AXCP də uzun illər ərzində avtoritar rejimlə üz-üzə dayanıb və zərrə qədər də geri çəkilməyib.
Ona görə də AXCP-nin rəhbər üzvləri həbsdədir, partiyanın qərargahı yoxdur, partiya sədrinə pasport verilmir və hakimiyyət bütün resursları ilə bu partiyanı sıradan çıxarmaq üçün məqsədli şəkildə işi davam etdirir. Hətta vaxtilə müxalifət düşərgəsində olub, sonradan yoluna xəyanət edənlər, pula satılanlar da AXCP-yə qarşı yönəldilib. Faktiki olaraq bu gün AXCP rejimin hədəfində olan və rejimə güzəştə getməyən yeganə partiyadır.
Təbii ki, hakimiyyət AXCP-nin ayaqda olmasından narahatdır və bütün vasitələrlə partiyanı ləkələmək, gözdən salmaq planları qurulur. Bu işdə əsas missiyanı da “Yeni Müsavat” qəzeti həyata keçirir. Amma bugünlərdə “Yeni Müsavat”ın əsas əməkdaşlarından sayılan, Rauf Arifoğlunun yaxın müttəfiqi olan Elbəyi Həsənli müəllif yazısında bəzi məqamları etiraf etdi.
Elbəyi Həsənli məlum məqalədə yazır: “AXCP sədri iqtidara təzyiqləri gücləndirdikcə qarşı tərəf onun ətrafını tikə-parça edərək qoparıb aparmağa üstünlük verir. Əslində Əli Kərimli iqtidarla döyüşdə kifayət qədər ciddi itkilər verir. Buna baxmayaraq, AXCP getdikcə güclənir. Hazırda vəziyyət elədir ki, AXCP müxalifətin avanqardı kimi ortadadır. Cəbhə uzun illər müxalifət düşərgəsinə yön verən Müsavat Partiyasını hazırda geridə qoyub. Məncə, bu fakt etiraf olunmalıdır. Çoxları bilir ki, mən Əli Kərimlinin tərəfdarı deyiləm. AXCP təşkilat olaraq müxalifətdə ağırlıq mərkəzinə çevrilib. Iqtidar da bunun fərqindədir. Və AXCP-nin öncüllüyü iqtidarın heç ürəyincə deyil. YAP AXCP-nin Müsavat Partiyasındakı böhrandan sonra müxalifət daxilində itirdiyi yüksəklikləri ələ keçirməsindən əndişə duyur. Elə bu səbəbdən də AXCP-yə təzyiqlərin güclənəcəyini əminlklə demək olar.ÿƏli Kərimlinin böyüklüyü ondadır ki, bütün itkilərə rəğmən o, öz yolunu davam etdirə bilir. Həm də sadəcə davam etmir, hər gün bir qədər də böyüyür, güclənir, miqyas və təsir imkanların artırır.ÿIlham Əliyevin Əli Kərimliyə şəxsi münasibəti son dərəcə pisdir, deyərdim ki, bu münasibətlər çoxdan düşmənçilik xarakteri alıb. Ona görə də Ilham Əliyev Əli Kərimlinin bu qədər irəli çıxmasına dözməyəcək”.
Məqsədimiz Elbəyi Həsənlinin yazısını təhlil etmək deyil. Sadəcə göstərmək istəyirik ki, Əli Kərimli əleyhdarı olan şəxs də faktiki vəziyyəti etiraf etməyə məcbur olur. Bəli, Rauf Arifoğlunun adamı təsdiqləyir ki, AXCP müxalifətin avanqardıdır, hakimiyyətlə prinsipial mübarizə aparır və Əli Kərimliyə basqılar da buna görədir. Amma məqalə eyni zamanda “Yeni Müsavat”ın, daha dəqiq desək Rauf Arifoğlunun ifşasıdır. Elbəyi Həsənli demək istəyir ki, Rauf Arifoğlunun Əli Kərimliyə qarşı şər kampaniyası əslində hakimiyyətin mövqeyinin ifadəsidir.
Yaxşı olar ki, Elbəyi Həsənli bu məqalədə yazdıqlarını dostu Raufa bir daha xatırlatsın. Soruşsun ki, niyə şərin ssenarisində yer alıb, nəyin qarşılığında Ilham Əliyevin əmrlərini yerinə yetirir, niyə müxalifətçilikdən imtina etdi və s.
Bir daha qeyd edirik ki, yuxarıdakı fikirlər AXCP əleyhdarı olan bir şəxsin dedikləridi. Bu etirafa görə təşəkkür düşür. Amma bu etirafdan sonra “ənənə”ni davam etdirmək nankorluqdu. Çünki, Elbəyi Həsənli açıq şəkildə ifadə edir ki, minalanmış sahədə addımlaya bilən AXCP və onun lideridi və buna görə də Ilham Əliyev narahatdır. Deməli, Əli Kərimlinin yeganə günahı prinsipial müxalifətçi olması, rejimə güzəştə getməməsi və hər kəsin “ağ bayraq” qaldırdığı halda, yola davam etməsidir. Deməli, etiraf olunur ki, hakimiyyət və onun əlaltıları Əli Kərimlini məhz haqlı olduğuna görə hədəf seçiblər.
Bəli, “Yeni Müsavat”çı etiraf edir ki, “Yeni Müsavat”ın “Əli Kərimlinin Ingiltərə banklarında pulu var”, “Cəbhəçilər partiyadakı qeyri-sağlam mühitə görə istefa verirlər”, “AXCP dağılır” kimi yazıları hökumətin sifarişindən doğur.
Onu da qeyd edək ki, xəyanətkarların partiyadan qovulması da AXCP-nin prinsipiallığının göstəricisidir. Deməli, yoluna, əqidəsinə, mübarizəsinə xəyanət edənlər bu partiyada qala bilməz. Hakimiyyəti qəzəbləndirən həm də budur ki, AXCP-də Rauf Arifoğlular boy ata bilmir və belə adamlarla yollar dərhal ayrılır.
Bir sözlə, artıq əleyhdarlar da reallığı etiraf edirlər. Çünki, əksini sübut edəcək dəlillər yoxdur. Yaxşı olar ki, Rauf Arifoğlu da dostunun məqaləsini oxusun və hansı çirkaba bulaşdığını bir daha anlasın.
Tərəddüd edənlər də əmin olsunlar ki, AXCP haqqın carçısı olduğuna görə hədəfdədir.
Samir