“Növbəti dayanacaq Ali Məhkəmədir!”
Bu gün Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevlə bağlı Nəsimi Rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə E.Quliyev məlumat verib. E.Quliyevin bildirdiyinə görə, məhkəmə pensiya yaşına çatması ilə əlaqədar olaraq ictimai işlər cəzasının ləğvi ilə bağlı qanuni tələbini təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmünü qüvvədə saxlayıb. Bununla da məhkəmə ölkədə 47.4.4-cü maddənin faktiki olaraq işləmədiyini təsdiqləyib.
E.Quliyev növbəti dayanacağı Ali Məhkəmə olduğunu vurğulayıb.
Xatırladaq ki, Eldəniz Quliyev Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cari ilin 20 aprel tarixində 63 yaşının tamam olduğuna diqqət çəkən ziyalı, məhkəmədən ölkə qanunvericiliyinə uyğun olaraq 480 saatlıq ictimai iş cəzasını ortadan qaldırmağı xahiş etmişdir.
Qeyd edək ki, 47.4.4-cü maddəyə əsasən pensiya yaşına çatmış şəxslərə ictimai işlər cəzası tətbiq edilə bilməz.
Məlumat üçün bildirək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “Fecebook” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb.
Bundan başqa, E.Quliyevin ölkədən çıxışı yasaqlanıb və o, hazırda “fəxri əsir” statusuna malik demokratlardan biridir. (Moderator.az)