Hindistan mətbuatı Azərbaycandakı repressiyalardan yazdı
Hindistanın tirajı bir milyon üç yüz mindən artıq "The Hindu” qezeti Azərbaycanda keçirilən Avropa Oyunlarının hansı siyasi şəraitdə baş tutduğundan yazır.
Qəzet qeyd edir ki, ilk Avropa Oyunları keçirilən ölkə haqqında insan hüquqları təşkilatları ən repressiv ölkələrdən biri kimi danışırlar. Beynəlxalq hüquq müdafiə təşkilatları bu yarışları "repressiya oyunları" adlandırırlar.
Gənc fəal Bəhruz Səmədov deyir ki, Azərbaycanda azad fikri ifadə etmək çox çətindir : "Belə mövqedə duran insanlara qarşı hakimiyyət çox sərt münasibət göstərir".
Böyük neft və qaz imkanları olan bu ölkənin hakimiyyəti Avropa Oyunlarından beynəlxalq aləmdə tanınmaq üçün istifadə etməyə çalışır.
Bəhruz Səmədov tərkibində üç yüzdən artıq müxalifətçini birləşdirən tanınmış NİDA təşkilatının üzvüdür. Bu təşkilatın "Facebook" izləyicilərinin sayı əlli mindən artıqdır.
Azərbaycanda insan hüquqlarının pozulması, polis zorakılığı, müxalif düşüncəli insanların həbsi adi hal alıb. Həbsxana həyatı yaşamış şəxslərdən biri də Elşən Həsənovdur. O, 2011-12-ci illərdə həbsxana həyatı yaşamağa məcbur olub. Həsənov deyir ki, müxalifətçi olduğu on ildən artıqdır ona iş verilmir. Həsənova həmçinin ölkədən çıxmaq da qadağan edilib. O Azərbaycanda azadlığın olmadığını deyir.
Azərbaycanda nəinki müxalif düşüncəli insanlar, hətta onlara hüquqi yardım göstərən vəkillər də həbs edilir.