«The Guardian» qəzetinin Bakıya buraxılmayan əməkdaşı Owen Gibson-un fikrincə, xeyli sıx idman təqvimində Avropa Oyunlarına elə də ehtiyac yoxdur, sadəcə, avtoritar dövlət bu tədbirdən söz azadlığı və demokratiyaya hücumu sürətləndirmək üçün bəhanə kimi istifadə etdi.
«Twitter-də bitib-tükənməyən hökumətyönlü səslər «The Guardian»ı və insan haqları qruplarını ancaq gənclik və atletikanı hədəfləyən bu idman tədbirini siyasiləşdirməkdə ittiham edir. Ancaq oyunları siyasiləşdirən İlham Əliyev hökuməti oldu. Bu tədbir qurama ittihamlarla saxlanmış siyasi məhbusların azadlığa buraxılması ilə müşayiət olunsaydı, onda proqressiv qüvvə olması iddialarının bir qismi təsdiqlənərdi».
«Əvəzində təzyiqlər intensivləşdi və ifadə azadlığı boğuldu. «The Guardian»a akkreditasiya verilməyəndən sonra dövlət xəbər agentliyi bizi «oğru» və «casus davranışı»nda ittiham edən məqalələr dərc etdi. Səbəb dekabrda bu Oyunları insan haqlarının pisləşməsi fonunda işıqlandıran məqaləmiz idi».
Müəllif daha sonra korrupsiyadan yazan jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçilərinin həqiqəti söylədiyinə görə həbsdə yatdığını qeyd edir.
Owen Gibson diqqəti Böyük Britaniya komandası rəhbərliyinin ölkədə insan haqları pozuntuları barədə kəlmə də kəsməməsinə çəkir. «Sərhədsiz Reportyorlar» Azərbaycana mətbuat azadlığına görə 180 ölkə içində 162-ci yeri ayırır. Almaniya, İsveç dilə gəlsə də, Böyük Britaniya «buraya yalnız idman üçün gəldiyini» bildirir. «Buna görə təkcə atletləri günahlandırmaq düzgün deyil. Çoxu gənc idmançılardır, birinci dəfədir belə idman yarışına qatılırlar, əslində danışmalı da deyillər, yarışa gəliblər. Danışmağı digərlərindən gözləmək gərəkir», – müəllif yazır.
«Beynəlxalq Olimpiya Komitəsinin üzvləri FIFA ətrafında baş verənlər, Pekin və Almatının 2022-ci il Qış Olimpiadası uğrunda yarışması ilə bağlı kifayət qədər siyasi mövqe ortaya qoysa da, Bakı Oyunlarında bunu görmədik. İrlandiya Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəhbəri Pat Hickey bu yarışmaya şəxsi yürüşü kimi baxırdı. O, «The Guardian»ın ölkəyə girişinə icazə verilməməsini izah etmək üçün müsahibə də vəd etdi, ancaq bu müsahibə reallaşmadı. Bir neçə gün sonra Hickey prezident Əliyevdən «Şərəf ordeni»ni qəbul edəndə, dil-boğaza qoymayıb minnətdarlığını izhar edirdi. Bakı-2015-in Əməliyyat Komitəsinin rəhbəri Simon Clegg də məsələyə toxunmur. Elə son 30 ayda milyardlarla dollarlıq Oyunların təşkili ilə məşğul olan digər qərblilər də».
«Əliyev, Hickey, AOK və dostları Bakı Oyunlarını böyük uğur adlandırıb. Bakı artıq gələn il «Formula 1» yarışlarına, 2020-ci ildə isə UEFA Avropa Çempionatına hazırlaşır. Tənqidi səslər susdurulur, beynəlxalq idman cəmiyyəti heç pıçıltıyla da etiraz etmir, bu arada digərləri də sudan quru çıxa biləcəklərini götür-qoy edirlər. Hələ ola bilsin, Bakı-2015 dünya idmanında dönüş nöqtəsi hesab olunsun – bütün pis səbəblərə görə».