Ölkə başçısı iqtisadiyyatın neft amilindən asılı olmadığını iddia edir
Doğrudan da sözün bitdiyi yerdəyik. Ölkədə bu qədər fəlakətli vəziyyət yaranıb, iqtisadiyyat neftdən asılı durumdadır, neftin qiymətinin düşməsi ölkəyə ciddi zərbə vurub, vətəndaşlar ehtiyac bataqlığında çırpınır və daha ağır vəziyyət proqnozlaşdırılır. Belə bir vəziyyətdə ölkə rəhbərliyi israrla vətəndaşları aldatmağa, yalan vədlər verməyə davam edir. Və bütün bu absurd fikirlərə görə heç kim məsuliyyət hiss etmir.
Belə ki, Ölkə başçısı Ilham Əliyev 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015" sərgisinin açılışında iştirak edib və Azərbaycanın neftdən asılı olmadığını bildirib: ”Bu gün ÜDM-də neft amili təxminən 30 faiz təşkil edir Beləliklə, biz ölkə iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza atmışıq. Bu gün biz iqtisadi sahədə neft amilindən daha az asılı vəziyyətdəyik. Baxmayaraq ki, neftin qiyməti 2 dəfəyə yaxın azalıb, iqitsadiyyatımız 5 faizdən çox artıb"- deyə Ilham Əliyev bildirib.
Sanki Ilham Əliyev ABŞ-dan, Almaniyadan, Fransadan söhbət açır. Həqiqətdə isə Azərbaycan haqqında danışır. Ilham Əliyev hamının bildiyi həqiqətləri təhrif etməklə məşğuldu. Mayın 19-da Binəqədi rayonunda faciəli yanğın hadisəsi baş verdi və Ilham Əliyev dərhal müşavirə keçirdi. Həmin müşavirədə ölkə başçısı dəfələrlə bildirdi ki, onu aldadıblar, yanlış məlumat veriblər, tapşırıqlarına əməl etməyiblər.
Indiki çıxışından sonra da belə düşünmək olur ki, prezidenti yenə aldadıblar. Ölkə başçısına deməyiblər ki, Azərbaycanın ixracatının 90 faizi neft-qaz məhsullarından ibarətdir. Ona xəbər verməyiblər ki, büdcənin 90 faizini neft pulları təşkil edir. Bəli, Azərbaycanda qeyri-neft sektorunun iflic vəziyyətdə olması və bütün investisiya layihələrinin neft pulları hesabına həyata keçirilməsi heç kimə sirr deyil. Deyəsən, ölkə başçısı bir müddət əvvəl səsləndirdiyi fikirləri də unudub. Neftin qiyməti düşəndə ölkə başçısı bildirmişdi ki, valyuta ehtiyatları azalacaq, israfçılığa yol vermək olmaz, hər manatın qədrini bilmək lazımdır və s.
Indiki fikirlərdən belə nəticə çıxır ki, neftin qiymətdən düşməsi Azərbaycana xeyir gətirib. Amma bu xeyiri Ilham Əliyevdən başqa heç kim görmür. Bu məsələdə yuxarıda səsləndirdiyimiz “məmurlar onu aldadıb” fikri də təsdiqini tapmır. Çünki, Əliyevin məmurları da vəziyyətin kritik həddə olduğunu bildirir.
Məsələn, energetika naziri Natiq Əliyev APA-ya açıqlamasında bildirib ki, neftin indiki vəziyyətdə qalması olduqca təhlükəlidir: “Azərbaycanın nağd pul axınının 90 faizi neft və qaz istehsalından asılıdır. Hazırda neftin qiyməti 50-60 dollar civarındadır və biz 2014-cü ildə olduğu kimi mənfəət görmürük. Bu bizim valyutamızı zəiflədəcək. Əgər vəziyyət belə davam etsə, qəti addımlar atmalı olacağıq”- deyə nazir bildirib.
Vergilər naziri Fazil Məmmədov da “The Business year” jurnalına müsahibəsində çətin vəziyyətdə olduğumuzu etiraf edib: “Hökumət ölkə iqtisadiyyatını qorumaq üçün müxtəlif ssenarilər hazırlayır. Dünya bazarında neftin qiymətdən düşməsi büdcənin gəlirlərinə təsir edib. Neft sektoru büdcə gəlirlərinin formalaşmasında əsas rola sahibdir. Biz neftdən gələn gəlirlərlə müvafiq infrastrukturun formalaşmasına cəhd edirik”- deyə Fazil Məmmədov bildirib.
Göründüyü kimi, Əliyevin bu işlər üzrə ixtisaslaşmış kadrları da vəziyyətin kritik olduğunu və iqtisadiyyatın neftdən asılılığını etiraf edirlər.
Indi biz kimə inanaq? Əliyevin fontan vuran optimizminə, yoxsa nazirlərin sönmüş pessimizminə?
Əslində, ümumi mənzərə onu göstərir ki, Əliyev də real vəziyyətdən agahdır və vəziyyətin ağırlığını başa düşür. Sadəcə bu adam inkişafdan danışmağı, uğurları şişirtməyi xoşladığına görə başqa fikir söyləyə bilmir. Digər tərəfdən, analoqsuz inkişaf nağıllarından sonra, analoqsuz iflasdan danışmaq əyani ifşadır. Amma bu səviyyədə yalanın özü də ifşadır. Neftdən asılılığın 30 faiz olduğunu söyləmək, “yay fəslində havalar soyuq olur” deməyə bənzəyir.
Deyəsən, bu dəfə prezidenti heç kim aldatmayıb, sadəcə olaraq prezident bizi aldadır.
Samir