ABŞ səfiri Efiopiya və Azərbaycanda jurnalistlərin ciddi risk altında olduğunu bəyan edib
Bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurası dünyanın müxtəlif ölkələrində jurnalistlərə hücumları pisləyən, onlara qarşı qanunazidd hərəkətlər edən şəxslərin cəzalandırılmasını tələb edən qətnamə qəbul edib. Yekdilliklə qəbul olunan qətnamədə konflikt bölgələrində oğurlanmış və girov götürülmüş jurnalistlərin azad olunması tələbi öz əksini tapıb.
Qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkeviçus hazırlayıb. Sənəddə qeyd olunub ki, 2014-cü ildə bütün dünyada hücumlara məruz qalmış media nümayəndələrindən yalnız 4 faizinin işi üzrə məhkəmə onların xeyrinə qərar çıxarıb. Qalan 96 faiz halda, jurnalistlərə qarşı qanunsuzluq edənlər cəzasız qalıb.
Beynəlxalq söz və mətbuat azadlığını müdafiə təşkilatı olan “Sərhədsiz Reportyorlar”ın məlumatına görə, 2014-cü ildə 66 jurnalist öldürülüb. 2015-ci ilin ilk beş ayında qətlə yetirilən jurnalistlərin sayı isə artıq 25 nəfərə çatıb. IŞID-in nəzarətində olan ərazilər jurnalistlər üçün ən təhlükəli yerə çevrilib.
BMT baş katibinin müavini Yan Elyasson bildirib ki, bir sıra ölkələrdə jurnalistlər çox ciddi risk altındadır: “Həmin ölkələrdə jurnalistlərin üzləşdiyi təhlükələrə beynəlxalq aləmdə diqqət azdır. Təhlükəli ərazilərdə fəaliyyət göstərən Qərb jurnalistlərilə bağlı problemlərə daha çox diqqət yetirilir”.
ABŞ-ın BMT-dəki səfiri Samanta Pauyer çıxışında Efiopiya və Azərbaycan kimi ölkələrdə jurnalistlərin risk altında işlədiklərini bildirib.
Informasiya şöbəsi