“Mövcud rejim hər cür parıltıya çox meyillidir; Hakimiyyətin sərt tənqidçiləri saxta ittihamlarla həbs olunurlar”
Böyük Britaniyanın “Guardian” qəzeti Azərbaycanla bağlı növbəti çox geniş həcmli material dərc edib. “Qara qızılın idman parıltısına çevrilməsi” başlıqlı məqalədə Bakıda keçiriləcək Avropa oyunları ərəfəsi siyasi vəziyyət təhlil olunub. Məqaləni ixtisarla təqdim edirik:
“Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına çox az vaxt qalır. Yarışlarda iştirak etmək üçün bu ölkəyə 6 mindən artıq idmançı gələcək. Böyük Britaniyanı 175 idmançı təmsil edəcək. 2003-cü ildə atasından hakimiyyəti miras almış Ilham Əliyev çox ciddi şəkildə öz siyasətində idman kartından istifadə etməyə çalışır. Uzun illər ərzində Gənclər və Idman naziri vəzifəsini tutan Azad Rəhimov deyir ki, biz ölkəmizi dünyaya idman və mədəniyyət vasitəsilə tanıtmağa çalışırıq. Yarışların keçirilməsi üçün bir çoxlarının fikrincə 6.5 milyarddan artıq vəsait xərclənmişdir. Hökumət sübut etməyə çalışır ki, deyilən rəqəmdən az xərclənib. Azərbaycan dünyada neft ölkəsi kimi tanınıb. Vaxtilə məşhur britaniyalılardan biri demişdi ki, dünya neftinin tacı Bakıdır. Hakimiyyət böyük neft pullarından istifadə edərək böyük proyektlər həyata keçirir. Mövcud rejim hər cür parıltıya çox meyillidir. Bütün bunlar müxalif fikirli insanlara qarşı çox güclü repressiyalar şəraitində həyata keçirilir. Hakimiyyətin sərt tənqidçiləri saxta ittihamlarla həbs olunurlar. Ölkədə yüzə yaxın siyasi məhbus var. Hakim ailənin korrupsiya əməllərindən və ölkədəki insan hüquqlarının kobudcasına pozulmasından daim yazdığına görə Xədicə Ismayıl saxta ittihamlarla həbs edilib. Həbsindən iki gün əvvəl Xədicə Ismayıl deyirdi ki, mövcud recim onu uzun müddətdir ki, təqib edir. Ona qarşı dəfələrlə qanunsuz üsullar tətbiq olunur.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli vəziyyətin nə qədər pis olmasını ətraflı şəkildə təsvir edir. O deyir ki, Azərbaycanda siyasi müxalifət kimi meydanda qalmaq olduqca ağır və çətin bir işdir. 1993-cü ildən bu vaxta kimi ölkədə 2 mindən artıq siyasi məhbus olub. Artıq 9 ildir ki, Əli Kərimli ölkədən xaricə gedə bilmir. Mövcud rejim onu pasportdan məhrum edib. Onun dediyinə görə partiyanın qərargahı belə yoxdur. Hakimiyyətin əsl niyyətlərindən danışaraq Kərimli deyir ki, rejimin başlıca məqsədi demokratiyasız müasir dövlət qurmaqdır: “Avropa Oyunları ərəfəsində hakimiyyət müxalifəti və müstəqil mətbuatı susdurmaq üçün hər cür repressiya üsullarına əl atıb”.
Daha bir ciddi problem ondan ibarətdir ki, siyasi məhbusları müdafiə edən vəkillər tez-tez cəzalandırılır. Müxtəlif qanunsuz üsullarla onlar adamların müdafiə işindən kənarlaşdırılır. Müstəqillik dövründə Azərbaycanda çoxlu sayda seçkilər keçirilməsinə baxmayaraq beynəlxalq təşkilatlar onları azad və demokratik olmayan seçkilər kimi qiymətləndirib. REAL təşkilatının nümayəndəsi Natiq Cəfərli deyir ki, Azərbaycanda vətəndaş cəmiyyəti rejimin çox güclü təsiri altındadır: “Ölkədə 100-ə yaxın siyasi məhbus var. Bu vaxta qədər ədalətli seçkilər keçirilməyib. Biz bütün sistemin dəyişməsini istəyirik”.
Tanınmış eskert Thomas Devaal deyir ki, 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev açıq şəkildə avtoritar dövlət qurmağa başladı. Demokratik institutların inkişafına imkan verilmədi.
“Nida” Gənclər Hərəkatının nümayəndəsi Turqut Qəmbər deyir ki, 2011-ci ildə ölkənin demokratikləşməsi prosesində iştirak etmək üçün yaradılmış “Nida” təşkilatının 9 üzvü həbs olunub. O deyir ki, böyük neft pulları əhalinin maddi həyat şəraitinin yaxşılaşdırılmasına deyil müxtəlif xarakterli böyük tədbirlərin keçirilməsinə xərclənir.
Bakıda keçirləcək Avropa Oyunlarını böyük idman tədbiri kimi təqdim etməyə çalışsalar da bəzi federasiyalar bu yarışda iştirak etməyə maraq göstərməyiblər. Üzgüçülük və yüngül atletika üzrə keçirilən yarışlara federasiyalar əsas idmançılarını göndərməyəcəklər.
Azərbaycanda və onun hüdudlarından kənarda tanınmış vəkil kimi ad çıxarmış Intiqam Əliyevin 19 yaşlı oğlu Nəcmin Kamilsoy atasının taleyindən çox narahatdır. Kamilsoy deyir ki, Avropa Insan Hüquqları məhkəməsinə yüzlərlə iş göndərmiş atasının sağlamlığında ciddi problemlər var. Intiqam Əliyev insan hüquqları müdafiəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə hakimiyyətin qəbəzinə tuş gəlib.
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun həmsədri Günay Ismayılova deyir ki, ötən il onların ofisini bağladılar. Təşkilatın yaradıcısı Emin Hüseynovun xarici ölkə səfirliklərinin birində sığınacaq tapdığı bildirilir. Təşkilatın bank hesabları dondurulub. Günay Ismayılovaya xaricə getmək qadağan edilib. 2012-ci ildə Eurovision ərəfəsi “Demokratiya üçün oxu” kampaniyasının təşkilində başlıca rol oynamış Rəsul Cəfərov da məhbus həyatı yaşamağa məcbur edilib. Məşhur hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı ötən ilin avqustunda həbs ediliblər. Leyla Yunusun səhhətində çox ciddi problemlər var. Avropa Şurasının komissarı Nils Mujneks deyir ki, siz müxalif mövqeli siyasi xadim yaxud hakimiyyəti tənqid etməyən curnalistsinizsə bu sizə yaxşı yaşamaq imkanı verə bilər. Hakimiyyəti tənqid edənlərin aqibəti çox pis olur?.
Ölkənin bir tərəfində təmtəraqlı həyat, digər tərəfində isə yoxsulluq açıq-aşkar görünür.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycana olan ikili standart siyasətindən şikayətlənir. O deyir ki, demokratiyanın hər yerdə eyni modeli tətbiq oluna bilməz.
Avropalı komissar Mucneks deyir ki, bu tipli yarışlar keçirilərkən ölkədəki mövcud siyasi vəziyyət nəzərə alınmaya bilməz”.