Orxan Valehli
Xəstələnib yatağa düşdüm
Dünyaya göz açandan bəri, bir dəfə də olsun, xəstələnməmişdim. Yağış altında da qalmışdım, iki yerə də ayrılmışdım, amma bu qədər əzab çəkməmişdim. Iki yerə ayrıldığım halda belə, dövriyyədə idim və dəyərdən düşməmişdim. Məni qəbul edən satıcılar öncə seriya nömrəmə baxır, onlar uyğun gələndə kassaya atırdı. Düşünürdüm ki, hər kəs belə biganə olsa, mənim yaram heç bir zaman bitişib sağalmaz. Hər dəfə də, tale üzümə gülürdü. Məktəbli uşaqların əlinə keçdiyimdə, kəsiyimi bitişdirib düzəldirdilər. Düşünürəm ki, sizləri çox yordum. Nə də olsa, mən bir manatam və insanları bu qədər yormağa haqqım yoxdur. Çox uzatmadan bu hala necə düşdüyümü danışım. Bir səhər oyandım ki, bütün bədənim ağrıyır və haldan düşmüşəm. Hər tərəfimə nəzər yetirdim. Düşündüm ki, bəlkə yuxuda olarkən kimsə məni əzişdirib. Yox, heç bir yerim yaralanmamışdı. Çox qəribə idi. Bir az özümə gələndən sonra satıcıdan eşitdim ki, bir gecənin içində bizim belimizi sındırıblar və biz dəyərdən düşmüşük. Nəyə görə biz deyirəm? Ona görə ki, tək mənə yox, bütün yoldaşlarıma bəla üz vermişdi. Satıcıdan bu sözləri eşidərkən, barmağımı dişlədim və yadıma düşdü ki, axı bir ay bundan öncə belə söhbət gedirdi. Mən də öz-özümə düşünürdüm ki, bunlar niyə tez-tez “manat devalvasiyaya uğrayacaq” deyirlər. Sən demə, bizim sağalmaz xəstəliyimizi insanlar devalvasiya adlandırırlar. Hələ bir məmurun cibində rüşvətə şahid olduğum vaxtlarda eşitmişdim ki, bizə baxan yoxdur və bizi dollara dəyişirlər. Bu satqınlıq olsa da, bir çoxları bu satqınlıqda iştirak edirdi. Necə ola bilər ki, öz ölkənin “vətəndaş”ını başqa bir ölkə “vətəndaş”ına satasan? O zaman belə çıxır ki, indiyə qədər verilən bütün vədlər yalan imiş? Elə olurdu ki, sahibim şalvarını dəyişib başqa şalvar geyirdi və mən evdə qalmalı olurdum. Istər-istəməz, insanların izlədiyi telekanalları dinləyirdim. Hər dəfə dinlədikcə, bir az daha qürurlanıb, bu ölkədə yaşadığım üçün fəxr edirdim. Elə bil ki, ömrümə zəmanət kağızı idi bu sözlər: “Bizim güclü iqtisadiyyatımız var. Neftin qiyməti dünya bazarında düşsə də, bizə təsir etmir. Bütün dünyada pullar dəyərsizləşir, amma bizim pulumuz dəyərsizləşməyəcək. Sizə və xarici vətəndaşlara məsləhət görürəm ki, əmanətlərinizi bizim pulla saxlayasınız”. Bəs nə oldu, bəs biz dəyərsizləşməyəcəkdik? Axı biz sizə güvənmişdik, axı biz siyasətə qarışmamağa söz vermişdik. Ölümümüzə son gün qalmış, biz necə siyasətə qarışmayaq? Mən hər şeyə razıyam. Bütün ağrılara dözərəm. Məni iki şey yandırır. Birini indi deyəcəm, birini də sonra… Hər şey dursun bir qırağa, bəs mən o dolların üzünə necə baxacam?..