Nazir yanğınla bağlı icra başçılarını hədəfə gətirdi; polis yanğın zamanı ölənlərin anılmasına mane oldu; sakinlər onlara yardım edilməməsindən gileyləndi
Azadlıq prospektində yanan çoxmərtəbəli binanın sakinlərinə dünəndən etibarən salamat qalan əşyalarını çıxarmağa imkan yaradılıb. AzadlıqRadiosu xəbər verir ki, kimi televizor, kimi suyu axan xalça, kimi yorğan-döşək, qab-qacaq, sənəd-sünəd daşıyır. Amma əliboş qalanlar da var. Sakinlərin dediyinə görə, evi yanıb tamamilə kül olanlar heç nə çıxara bilmirlər. Əşyaları sakinlər özləri daşıyırlar. Bu da narazılığa səbəb olub. Bina sakini Səfurə Mazanova deyib ki, bir nəfər də köməkçi verilmir:
– Bizə köməkçi lazımdır. Bəs deyirdilər hər cür köməklik olacaq.
– Gecəni harada qalmısız?
– Bu gecəni yaxınımızın evində qalmışam. Kimin evinə yığılaq, neyləyək, bilmirik".
– Dünən hər hansı yardım çatıbmı sizə?
– Dünən 1000 manat verilib. Indi deyirlər ki, kirayə pulu veriləcək.
Hacıbala Abutalıbov yanğına nəyin səbəb olmasını açıqlamaq üçün istintaqın nəticəsini gözləməyə üstünlük versə də, sakinlərin fikri birdir: Yanğına binanın üzlüyü səbəb olub.
Ofeliya Abilova: “Elə deyirdik ki, bu bina yanacaq. Bina üzlənəndə fəhlələrə deyirdik ki, bu material yanğına davamlı deyil. Bizə deyirdilər ki, binanı gözəlləşdiririk də, sizin üçün gözəlləşdiririk. Yaxşı gözəlləşdirdilər, gör nə günə qoydular bizi. Mənə 1000 manat lazım deyildi, kaş ki, bütün bunlar olmazdı”.
Aysel Vahabova: “Adicə qonşular yuxarıda siqaret çəkib atanda, pəncərəmizə düşürdü. Neçə dəfə olub ki, həmin yer yanıb”.
Rəsmi məlumata görə, binada qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib. Söhbət bir dəfəlik ödənilən 1000 manatdan gedir. Söhbət etdiyimiz ailələrin əksəriyyəti bu pulu aldıqlarını təsdiqləyiblər. Ailələrə Goradil və Buzovnadakı pansionatlara yerləşmək təklif olunur. Amma əksəriyyəti yolun uzaqlığına görə narazıdır: Ilahə Allahverdiyeva: “Bu gecəni qohum evində qalmışıq. Indi də deyirlər ki, Bilgəhdə ev veriləcək. Bizim işimiz var, uşaqların məktəbi var, ora necə köçə bilərik. Biz ən başından deyirdik ki, bu bina yanacaq. Hətta üzlük vurulmağa başlanandan 1-2 ay sonra işi dayandırdılar, dedilər ki, ”fövqəladə" icazə vermir. Sonra nə oldusa, icazə də verildi, iş də görüldü. Etirazımız da nəzərə alınmadı".
Bir qrup narazı sakinlərlə Hacıbala Abutalıbov Binəqədi rayonu 5-ci polis bölməsində görüşüb, söhbət bağlı qapılar arxasında keçib. Görüşdən çıxan sakinlər danışmağa meyl etməsələr də, icra başçısı sualları cavablayıb. Bildirib ki, heç bir sakini narazı qoymayacaqlar.
Icra başçısının dediyinə görə, ölkə başçısı yanan bina ilə bağlı yaradılmış komissiyaya iki gün vaxt verib: “Prezident bizə iki gün vaxt verib. Ekspertiza olunacaq. Laboratoriyada bu üzlüklərin insan sağlamlığına təhlükəli olub-olmaması, yanğına davamlı olub-olmaması və ümumiyyətlə, üzlük kimi istifadə oluna bilib-bilməməsi müəyyənləşəcək. Bu üç sənəd sabah mənə veriləcək. Onunla əlaqədar da biz tədbir görəcəyik. Bu hesabatlara qol çəkənlər balaca adamlar deyil, nazirdən tutmuş yanğın idarəsinin rəisinə kimi səlahiyyətli adamlardır. Onlar qol qoysalar ki, biz bu üzlüklərə qarantıq, onda onlara əl vurulmayacaq. Amma yazsalar ki, təhlükəlidir, yanan materialdır, dəyişdiriləcək”.
Yanğını ilk görən qadın nələr danışdı?
“Yanğını ilk dəfə mən gördüm və başladıq qışqırmağa ki, bina yanır”. Bunu isə anspress-ə yanan binanın sakini Mələk Hüseynova bildirib. Onun sözlərinə görə, yanğın binanın aşağı mərtəbəsindən başlayıb. “Pəncərədən baxanda gördüm ki, yuxarı tüstü qalxır. Tez uşaqlara qışqırdım ki, çıxın bayıra, ev yanır. Sonra başladıq kömək istəməyə ki, ay camaat bina yanır”.
Digər sakinlər də bildiriblər ki, hadisə 3 dəqiqənin içində baş verib: “Görümüzü açmağa imkan olmadı. Hər şey bir anın içində oldu. Hətta şoka düşməyə də vaxt tapmadıq. Nəyə yanıram bilirsinizmi? Körpə balaların ölümünə. Malımız getdi, cəhənnəmə getsin. Onları qazana bilərik. Lap onsuz da yaşaya bilərik. Bəs balaca Fərəhi kim qaytara biləcək? Allah bu yanğına səbəb ola biləcək addım atanlara min lənət eləsin!”.
“Yanğın zibildən başladı”
“Binanın yanmasına səbəb poliklinikanın damının üzərindəki zibilin alışması oldu. Bir dəqiqə ərzində bina alovlandı. Mən suyu aparıb yanan yerə töküncə mənzilim mətbəxi alışmağa başladı. Mən dördüncü mərtəbədə yaşayıram. Biz-mən, həyat yoldaşım və azyaşlı iki uşağım binanın dəhlizinə qaçaraq çıxdıq. Dəhlizdə adamdan tərpənmək mümkün deyildi. Binadan salamat çıxan axırıncı ailə biz olduq. 17 mərtəbəli binanın lifti aylardır işləmir. Bax bu səbəbdən ölənlərin və zəhərlənənlərin sayı çox oldu”.
Bu sözləri bizimyol.info-ya yanan binada 33 nömrəli mənzilinin sahibi Orxan Kərimov bildirib. O deyib ki, təkcə ev əşyalarına görə, ona 50 min manat zərər dəyib: “Binanın fasadına vurulan poliuretan üzlüyü yanmağa həssas olduğu üçün bina göz qırpımında alova təslim oldu”.
Zərərçəkənlərin sözlərinə görə, onlar Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən binanın fasadına poliuretan üzlüyünün vurulmasına qarşı çıxıblar. Sakinlər etiraz edəndə poliuretan üzlüyün onların həyatına təhlükə yaratmadığı deyilib.
Hadisə nəticəsində həyatın itirən məktəblilərin xatirəsi onların sinif yoldaşları tərəfindən anılıb. Onlar yanan binanın qarşısına qərənfillər düzüblər.
Vətəndaşlar həlak olanları andı, polis isə mane oldu
Özləri sağ qalsa da, hər bir sakin hadisədə dünyasını dəyişən qonşuları üçün göz yaşı axıdır. Bakı sakinləri də hadisəyə duyarsız qalmayıb. Musavat.com-un məlumatına görə, onlarla insan binanın həyətinə qərənfillər düzüb, yanğında həlak olanların xatirəsini anmaq üçün şam yandırıblar. Polis əməkdaşları isə qoyulan şamları dağıdaraq vətəndaşları ərazidən uzaqlaşdırıblar: “Bizə dedilər ki, bunlara ehtiyac yoxdur. Işimizə mane olmayın. Bura Şəhidlər Xiyabanı deyil ki…”
Ilham Əliyev yanğından danışdı
Dünəndən başlayaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində binalara vurulmuş penaplastların sökülməsinə başlanılıb. Həmçinin həmin binalarda işıqlandırılma dayandırılıb.
Bu arada ölkə başçısı Ilham Əliyev yanğınla bağlı yaratdığı komissiyanın iclasını keçirib. O çıxışında bildirib: “Ilkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan neçə ildir ki, Bakıda istifadə edilir. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə olunan materiallar sanki yüksək keyfiyyətə malik idi, amma sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkarlanıb. Əgər belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir”.
Dövlət başçısı əlavə edib ki, bütün bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: “Çünki günahsız insanlar həlak olub. Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları qəhrəmancasına çalışıb, işləyiblər. Əgər belə olmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq insanlar həlak olub və bu, bütün xalqımızı sarsıdıb”.
Nazir məsuliyyəti icra başçılarının üstünə atdı
Iclasda çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə ölkə başçısına bildirib ki, Xətai rayonunda binada baş verən yanğın hadisəsindən sonra ona verilən tapşırıqla araşdırmalar aparılıb: “Mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları (ona qədər də əlimizdə materiallar, məlumatlar var idi) araşdırmışıq. Şəhərin əksər yerlərində 24 saatlıq növbətçilik qurmuşuq. Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Dəstəsinin, Yanğın Nəzarəti Xidməti əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə artıq 150 binaya nəzarət təşkil olunub. Ölkədə isə bu qəbildən olan 263 bina var. Əgər icazəniz olarsa, biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik”.
Kəmaləddin Heydərov həmçinin bildirib ki, binaların üzləndiyi materialın istehsalı ilə məşğul olan zavoda FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Xidmətin laboratoriyası da rəy verib: “Onların FHN-ə təqdim etdikləri sertifikatlar var. Doğrudur, müvfiq idarənin onlara verdiyi rəydə bildirilib ki, bu, çətin yanan materialdır. Çünki bizə təqdim olunan nümunələrdə qatqı maddəsi olub. Həmçinin həmin məhsul bütün sertifikatlarda göstərilən, Rusiya və Türkiyədən gələn sertifikatlardakı məhsulla eyni tərkibdə olub.
Çox təəssüf sonrakı istehsal zamanı bu məhsulu oda davamlı edən qatqı maddəsi qatılmayıb və eyni keyfiyyətdə olmayıb".
FHN rəhbəri bildirib ki, binalara üzlük çəkilməsi üçün FHN-nin müvafiq qurumlarının və ekspertizasının rəyinin vacibliyinə baxmayaraq, belə rəylər alınmadan üzlüklər çəkilib: “Biz bu barədə məlumat alanda dəfələrlə sifarişçi təşkilatlara, Icra Hakimiyyətlərinə məktublar göndərmişik. Konkret ünvanlar göstərilməklə, bu işlərin ekspertizasız və FHN-ə müraciət olunmadan aparılması barədə xəbərdarlıq edilib”.
Beləliklə, Kəmaləddin Heydərov baş verənlərdə icra başçılarının da məsuliyyət daşıdığına eyham edib.
Üç yaşlı Fərəh torpağa tapşırıldı
Yanğında həlak olanlardan 2 nəfəri dünən Qubada dəfn olunub. ANS-in məlumatına görə, 3 yaşı hələ tamam olmamış Fərəh Məhərrəmovanın meyiti dünən gecə ata evinə Xaçmaz şəhərinə gətirilib. Saat 12:00-da körpə Fərəh baba yurdu olan Quba şəhər qəbiristanlığında dəfn olunub. Balaca Fərəhin babası, ixtisasca hüquqşünas olan Şəvkət Məhərrəmov uşağın anası Günayın da hadisədən zərər çəkdiyini, hazırda Toksikologiya Mərkəzində ağır vəziyyətdə olduğunu deyib.
Yanğında həyatını itirənlərdən daha birinin meyiti Qubaya gətirilib. Elmira Yəhyayeva da Quba qəbiristanlığında dəfn olunub. Hadisə zamanı zəhərlənərək xəstəxanaya çatdırılan, 65 yaşlı Elmira Yəhyayeva dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib. Mərhumun cənazəsi dünən səhər saatlarında Quba şəhərinə gətirilib. Oğlu Murad Yəhyayev hadisə zamanı mənzildə anası, həyat yoldaşı, 2 uşağı, Qubadan onlara qonaq gəlmiş bacısı, 49 yaşlı Rəhimə Ələkbərovanın olduğunu deyir. Indi onlar Toksikologiya Mərkəzində müalicə olunurlar.
“Gördüm alov mətbəxi bürüyüb…”
Mayın 19-da Binəqədi rayonunda yanan binada anası və körpəsi ilə birlikdə qalan həmkarımız Sevinc Fədai hazırda ev şəraitində müalicə olunur. Onun baş verənlər barədə telegraf.com-a danışdıqlarını ixtisarla təqdim edirik: “Blokdan səs eşitdim, qapını açdım. Yuxarı mərtəbədən qonşu qışqırırdı ki, yanğınsöndürən çağırın. 102-yə zəng vurmaq üçün içəri keçdim. Gördüm alov mətbəxi bürüyüb. Tez Mövluda zəng vurdum ki, binamız yanır…
…Yanğının belə dəhşətli hal alacağını bilməzdim. Amma bircə dəqiqənin içində blokun tüstüləndiyini və mətbəxin yandığını görəndə məni dəhşətli qorxu bürüdü. Evdən çıxmaq imkanı yox idi. Şükür ki, özümü itirmədim. Tez işıqları söndürdüm. Bütün evi tüstü basmışdı. Anamla birgə yataq otağının qapısını örtüb orda gözlədik. Sağ olsunlar, dostlar zəng vurur, ürək-dirək verirdilər, xilasediciləri bizim yanımıza göndərdiklərini deyirdilər. Yaş dəsmalı ağzımıza tutub özümüzü boğulmaqdan qorumasaydıq, bəlkə də, o evdən sağ çıxmazdıq. Fikirləşirəm ki, göydə Allah, yerdə də anamla mənim özümüzü soyuqqanlı aparmağımız xilas elədi bizi.
… Evin hər iki tərəfi yanırdı. Amma ən çox ümid, xilas olacağımıza inam hiss edirdim. Ağlımda bircə şey var idi, Mövlud üçün sağ qalmalıyam. Həyəcanla dua edirdik, su içirdik, Ucalı qoruyurduq ki, tüstünü udmasın. Nə bilim… Anam məni və Ucalı yaşatmağa çalışırdı, mən onları. Bir tərəfdən də bayırda səni gözləyən sevdiklərin üçün sağ qalmaq üçün mübarizə aparmaq… Dəhşət idi".
Ölkəni dövlət kimi idarə etmək fikriniz varmı?
“Rəsmi məlumat yayıldı ki, yanğına səbəb olan (əslində yanğının sürətlə yayılmasına) ”bina üzlüyü" istehsal edən zavodun sahibi həbs edilib. Niyə? Niyə istehsalçı həbs olunmalıdır?" Bu fikirləri tanınmış hüquqşünas Qurban Məmmədov “Facebook” səhifəsində yazıb. O daha sonra bildirib: “Istehsalçı o vaxt məsuliyyət daşıya bilər ki, satdığı malın xüsusiyyətləri, keyfiyyəti barədə yalan məlumat versin, mal saxta olsun. ”Bəs o mala sertifikat verənlər, müxtəlif nəzarət orqanları, tikintiyə nəzarət edənlər, istismara qəbul komissiyaları? Bu keyfiyyətsiz və təhlükəli materialları gömrükdən buraxanları, rüşvət alaraq belə faciələrə yol açdıqları üçün, onlar bəs nə vaxt cəzalandırılacaqlar?
Bax budur monopoliyanın axırı, faciəli nəticələri. Iqtisadi azadlıqlar təmin edilsəydi, millətin seçim imkanı olardı. indi heç kim təminat verə bilməz ki, bütün Bakı bir gecənin içində od tutub yanmayacaq.
Artıq, məlumatlar yayılır ki, vətəndaşlar müstəqil olaraq öz binalarının üzlüklərini sökməyə, özlərini mümkün yanğınlardan sığortalamağa başlayıblar.
Ümumiyyətlə, sizin bu dövləti cinayətkar sindikat yox, dövlət kimi idarə etmək fikriniz varmı?
Yanaraq kül olan, tüstüdən zəhərlənib əzabla ölən o körpələrin yerinə sizin övladlarınız olsaydı necə olardı, nə edərdiniz? Bunu törədənləri, bundan pul qazananları od verib nəslini, yurd-yuvasını yandırmazdınızmı?"