Illərlə çeşidli parametrlər üzrə dünya ölkələrinin reytinq göstəriciləri yayılır. Əliyevlər Azərbaycanı bütün neqativ reytinq göstəriciləri üzrə lider ölkələrin, bütün pozitiv göstəricilər üzrə autsayder ölkələrin sırasında olur. YAP hakimiyyəti bütün bu göstəricilərə “qərəzli” damğası vurur. Bugünlərdə dünya ölkələrinin iki reytinq göstəricisi yayıldı. Biri “Uğursuz ölkələr göstəricisi”, o biri “Ən zəngin ölkələr”.
Birinci göstərici sosial, ekonomik, siyasi ölçülərə, ikinci adambaşına düşən illik gəlirə görə düzənlənir. Birincidə uğursuz ölkələr, ikincidə uğurlu-zəngin ölkələr daha çox bal toplayır. Azərbaycan birincidə daha çox, ikincidə daha az bal toplayanlar arasındadır. Uğursuz ölkələr göstəricisində AzTV-lərin, az qala hər gün batıb getdiyini bildirdiyi “Ermənistanın” bizdən üstün durumda olduğu göstərilir. Ikinci göstəricidə postsovet ölkələrindən altısının – Estoniya, Litva, Rusiya, Latviya, Belarus, Qazaxıstan bizdən üstün durumda göstərilir. Başqa postsovet ölkələri bir yana, hər iki göstəricidə “Ermənistanın” Azərbaycandan üstün durumda göstərilməyi əliyevçi hakimiyyətin Azərbaycanı nə günə qoyduğunun, necə bir bataqlığa batırdığının parlaq görsənişidir. Uğurlu ölkələrin reytinq göstəricisinə postsosializm ölkələrindən olan Finlandiya başçılıq eləyir. Zəngin ölkələrin göstəricisində yüksək yerləri neft ölkəsi olaraq tanınan Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri tutur. Baxın, prinsipcə, Azərbaycan hər iki reytinq göstəricisində üstün yer tuta bilərdi. Birincidə postsovet, postsosializm, ikincidə neft ölkəsi olaraq. Azərbaycan kimi sovet şinelindən çıxmış Baltik ölkələri çoxdan dünyanın demokratik ölkələri sırasına qatılıb. Sosializm sistemindən çıxmış Finlandiya bu gün dünyanın ən demokratik, ən yaşamalı ölkələrindən sayılır. 2007-ci ildə ortaya anormal, Kremldən gəlmə “suveren demokratiya” ideyasını atan administrator-filosof onda, 14 illik əliyevçi hakimiyyət dönəminin “çox uğurlu” sonucu olaraq ölkəmizin demokratiyaya keçid yoluna “qədəm” qoyduğunu bildirdi. R.Mehdiyevin H.Əliyevdən sürüb gələn bu yalanının ardınca ölkədə demokratiyadan uzaqlaşma prosesləri daha intensiv xarakter aldı. Bu yaramaz proseslərin ilkin göstəricilərindən biri iki demokratik qəzetin redaktoru Eynulla Fətullayevin tutulub dustaq edilməsi oldu. 16 illik antimilli, antidemokratik siyasətlərin sonucu olaraq, 2009-cu il referendumu ilə əliyevçi hakimiyyət diktaturanın magistral yoluna çıxdı. Bu, Heydər Əliyev-Ramiz Mehdiyev partiyasının Azərbaycan Xalqı, Azərbaycan Ölkəsi, Azərbaycan Dövləti üzərində triumfal-IŞĞALÇI uğuru idi!
YAP-ın “Ana vətən” adlı antivətən filialının başçısı Fəzail Ağamalı bugünlərdə bütün dünyaya belə bildirgə yaydı: “Azərbaycan 15 ildə gəlib Almaniya, Fransa, ABŞ-mı olmalıdır?”. Birincisi, 15 il deyil, 18 ildir; ikincisi, bizim qarşımızda yüz il öncə bir sıra parametrlər üzrə Avropa demokratiyasını qabaqlamış Məhəmməd Əmin demokratiyası var! Elə yüz il öncəki bu örnək demokratiya faktına görə (daha çox bu faktın özülündə dayanan böyük türklüyünə görə!) əliyevçi IŞĞAL rejiminin Məhəmməd Əminə, Məhəmməd Əmin dövlətçiliyinə antipatiyası sonsuzdur!
Dünya reytinq göstəricilərində “Ermənistanın” Azərbaycandan üstün yer tutması YAP komandasını çox “qıcıqlandırır”. Onlar “Ermənistana” verilən bu üstünlüyün Azərbaycana “qərəzdən” qaynaqlandığını bildirirlər. Burada gerçəkdən “qərəz” varsa, bu yalnız “Ermənistanın” bütün dünyada Azərbaycana qarşı ardıcıllıqla, prinsipiallıqla sürdürdüyü informasiya savaşından qaynaqlana bilər. Bu isə erməniliyin, eləcə də başqalarının suçu deyil, milyardlarla neft-qaz gəlirləri başda olmaqla, bir belə gəlirlə Azərbaycanı informasiya savaşında ermənilərə uduzduran əliyevçi korrupsioner rejimin suçudur.