MOK bu ölkənin olimpiya komitəsinin prezidentini ittiham etdi
“Amnesty International” beynəlxalq hüquq təşkilatı tərəfindən Avropa Oyunları ilə bağlı yaydığı qeyri-dəqiq və qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaydığı məlumatda qeyd olunub.
MOK hesab edir ki, bu hesabatda verilən məlumatlar və Isveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin Isveçin “Aftonbladet” qəzetinə verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq, I Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil.
MOK-un məlumatında qeyd olunur ki, Isveç Olimpiya Komitəsinin Azərbaycandakı repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır.
MOK-un məlumatında daha sonra deyilir: “Qeyd etmək istərdik ki, Azərbaycanda qanunlara və demokratiya ilə bağlı standartlara əməl olunması haqqında danışan Isveç dırnaqarası hüquq müdafiəçiləri unudurlar ki, 1986-cı ildə fevralın 28-də Isveçin paytaxtı Stokholm şəhərində Isveçin baş naziri Ulof Palmenin odlu silahdan açılan atəş nəticəsində öldürülməsi, 2003-cü ilin sentyabrın 11-də Isveçin Xarici Işlər naziri Anna Lindin qəddarcasına qətlə yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə törədilən hücumlara qarşı Isveç parlamentinin qarşısında təşkil olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni təmsil edirlər. Onların insan hüquqlarının və demokratik recimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır. Eyni zamanda söylənilənlərin əksinə olaraq, Azərbaycanda Kütləvi Informasiya Vasitələrinin söz azadlıqları qorunduğunu və indiyədək ölkəyə səfər etmiş əcnəbi curnalistlərin fikirlərinə hörmətlə yanaşıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı irəli sürülən fikirlər də həqiqətə uyğun deyildir.
Isveç Olimpiya Komitəsinin Bakıda keçiriləçək I Avropa Oyunlarında iştirakına və xərclərinin “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsinə gəldikdə isə qeyd etmək istərdik ki, bu təkcə Isveç komandasına aid deyil, bütün iştirakçı ölkələrin nəqliyyat, yaşayış və yemək məsrəfləri ödənilir. Bütün Olimpiya oyunlarında tətbiq edilən bu prinsip Avropa Olimpiya Komitəsinin qərarı ilə “Bakı 2015” I Avropa Oyunlarına da şamil edilir". Xat;rladaq ki, Isveçin Milli Olimpiya Komitəsinin rəhbəri Stefan Lindeberq Bakıda keçiriləcək Birinci Avropa Oyunları haqda danışarkən bildirib ki, turnirə ev sahibliyi edən Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunmur. Bu barədə o, Isveçin “Aftonbladet” qəzetinə açıqlamasında bildirib. “Azərbaycan hökuməti hüquq müdafiəçilərini həbsxanaya göndərir, isveçli idmançıların isə xərclərini ödəyir” başlıqlı məqalədə deyilir:
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətinin ən repressiv recimlərdən biri olduğunu bəyan edir. Isveç Olimpiya Komitəsi isə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına 74 idmançı göndərməyi planlaşdırır. Turnirdə iştirak edəcək idmançıların bütün xərclərini bu recimin Təşkilat Komitəsi öz üzərinə götürüb.
“Biz Azərbaycanla razı deyilik”, – deyə Isveç Olimpiya Komitəsinin rəhbəri Stefan Lindeberq bildirib.
Asiya Qitə Oyunları, Panamerika Oyunları, Afrika Oyunlarına bənzər bir turnir olan Avropa Oyunları ilk dəfə Azərbaycanda keçiriləcək.
Turnirin başlanmasına 100 gün qalmış “Amnesty International”ın yaydığı hesabatda bildirilirdi ki, Azərbaycanı idarə edən hakimiyyət ən repressiv recimlərdən biri olmaqla, bu ölkədə hökuməti tənqid edən şəxslərin həbsxanaya atılması, qorxudulması kifayət qədər realdır.
Stefan Lindeberq deyir ki, idmanla idarəçiliyi ayırmaq çətindir. Biz Azərbaycanla razı deyilik, o baxımdan ki, buradakı recim demokratik standartlara uyğun fəaliyyət göstərmir: “Lakin biz ona görə burada turnirin keçirilməsinin tərəfdarıyıq ki, qapıların bağlı yox, açılmalı olduğunu düşünürük”.
Lindeberq onu da qeyd edib ki, Isveç Olimpiya Komitəsi turnirdə iştirak xərclərini təkbaşına ödəyə bilməzdi: “Bizim üçün prioritet Rio De Caneyroda 2016-cı ildə keçiriləcək Olimpiada olmalıdır”.
Bu yaxınlarda hüquq müdafiəçilərinin Azərbaycandakı vəziyyətlə bağlı xəbərdarlığından sonra Isveç Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsilə əlaqə saxlayıb. Avropa Olimpiya Komitəsi bəyan edib ki, Avropa Oyunları zamanı ifadə və mətbuat azadlığının təmin olunmasına tam zəmanət verilir.
“Azərbaycanla bağlı çox pis siqnallar var. Bu vaxta qədər verilən bu tipli vədlərə əməl olunsaydı, bu zəmanətə də inanardım. Amma indiki halda, bunu görmürəm”, – deyə Stefan Lindeberq bildirib".