Həyatda bütün qarmaqarışıqlıqlar insanların qanunları tapdamasından irəli gəlir. Ədaləti yalnız özünüz üçün istədiyiniz zaman bir gün haqsızlığa uğrayacağınız qaçılmazdır. Onda elə bir an gələr ki, illərlə göstərdiyiniz səylər, çəkdiyiniz əziyyətlər və çalışmalar boşa çıxar. Sarsılarsınız, qışqırarsınız, amma kimsə səsinizi eşitməz. Eləcə yumruğunuzu dizinizə-başınıza vurub oturarsınız. O gün Avropa Parlamentində ermənilərə qarşı saxta soyqırım iddiasını təsdiqləyən sənəd qəbul olunanda, bu fikirlər dolaşıb durdu ağlımda eləcə…
On illərdir türk dünyasının başında kabus kimi dolaşır bu uydurma ittihamlar. Tarixdə ermənilərlə bağlı nələr olduğunu hər kəs yaxşı bilir. Bunun ən acı örnəyi Xocalıdır. Amma Avropa Parlamenti kimi bir qurum da buna göz yumdu. Bu qərarı məzarları soyumamış minlərlə Qarabağ şəhidinin ruhuna hörmətsizlik sayaraq, lənətləyirəm. Bir də, insanlığa, barışa, inkişafa xidmət etməyən bu sənədi hansı normal düşüncəli adam alqışlaya bilər ki? Nə yazıq, dünyanın hər yerində müdrik, barışdırıcı və uzaqgörən insanların nəsli tükənir. Amma nə yaxşı, reallığı dəqiq görən və qiymətləndirən adamlar, az da olsa, var hələ. Bu məsələnin də ən doğru izahını belə intellektuallardan biri, “Guardian”ın məşhur köşə yazarı, professor Timothy Garton Ash Fransa Senatı bənzər sənədi qəbul edəndə vermişdi: “Məşhur Osmanlı tarixini araşdıran tədqiqatçı Bernard Levis ermənilərin çəkdiyi acıları da azaltmağa çalışmadan, tam da bu nöqtəyə(soyqırım iddiasına) qarşı çıxmışdı. Yaxşı, Fransa Parlamenti dünya tarixi və digər ölkələrin keçmişdə etdikləri ilə bağlı qərarlar verən bir məhkəmə kimi davranacaq imkana və səlahiyyətə sahibdirmi? Bu iki sualın da cavabı ”xeyr"dir".
Bütün bunlar öz yerində. Mən də hansısa ölkənin və ya qurumun özünü ədalət ilahəsi yerində görüb, belə nifrət yayan bir qətnaməyə xeyir-dua verməsini ağılsızlıq və qərəz hesab edirəm. Amma gəlin, məsələnin başqa bir tərəfini də gözdən qaçırmayaq. Tarixin elə bir məqamına gəlib çıxmışıq ki, qlobal anlamda kimsənin “daxili işi” deyə bir şey yoxdur. Amerikada bir qaradəriliyə qarşı edilən polis zorakılığına görə bütün dünya mediası susmadan haray çəkir hər gün. Almaniyada haqları pozulan hansısa bir qrupun dükan-bazarı dağıtması da həmçinin. Bəs Türk dünyasında nələr baş verir? Sadalandıqca bitməyən utanc dolu bir kitablıq şey. Korrupsiya qalmaqalları, söz azadlığına qarşı ağıl almaz zorakılıqlar, müxalif cəbhənin əzilib sıradan çıxarılması, yerli qanunları şəxsi maraqlara uyğunlaşdırıb, beynəlxalq qanunları qanundankənar elan etmək, hakimiyyət bayrağını on illər boyunca əldə saxlamaq üçün bütün saxtakarlıqları və haqsızlıqları məqbul saymaq. Siyahını uzatmağa ehtiyac varmı? Indi gəl, ölkəni sultanlıq və ya krallıq havasında idarə etmək hikkənlə bir də dünyaya meydan oxu! Bəli, avazın yaxşı gəlir, oxuduğun Quran olsa…
Amma oxuduğun hər şeyin içində bir saxtakarlıq, bir yalan var axı. Ölkənin varını-yoxunu yaxın çevrənə yedirib, ac xalqı aldada bilərsən bəlkə. Sözünün üstünə söz deyən inellektualları həbsxanalara doldurub susdura da bilərsən. Lakin səndən ən azı 50-100 il irəlidə olanlara “kafa tuta” bilməzsən. Öz insanının haqqını yeyib, dünyadan haqq tələb edə bilməzsən. Işinə gələndə, beynəlxalq qanun-qaydalarla bağlı öhdəlik götürüb, sonra arxasından qaça bilməzsən. Avropa markası geyinib, Avropa markası altında milyardlar bahasına reklam olunub, “daxili işimə qarışma” deməyin dərin bir hesabı var, əlbət. Nə yazıq ki, sizin yarıtmaz və vecsiz siyasətiniz sayəsində kəsilən o hesab zavallı xalqa ödədilir yenə sonunda. Nə yazıq…