Azərbaycanlı milyonerlər harada qırılıb ki?
Kiyev şəhərində ermənilərin asdığı bilbordlar Azərbaycanda haqlı suallar doğurdu. Niyə Kiyev Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycanı nəzərə almadı, amma Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyən, Rusiyanın yanında yer alan Ermənistana bu şəkildə jest edir?
Milli Şuranın üzvü, Ukraynadakı azərbaycanlıların təmsilçisi Yalçın Qəhrəmanoğluna bu məsələ ilə bağlı müraciət etdik. O, azadlıq.info-nun əməkdaşına bunları dedi:
«Bununla bağlı onu deyə bilərəm ki, birincisi, bu, Ukraynanın Ermənistana xüsusi jesti deyil. Hansısa erməni milyoner Kiyev şəhərinin bələdiyyəsi ilə müqavilə bağlayıb, şəhərin büdcəsinə pul keçirib və öz bilbordlarını asıb. İkincisi, Türkiyənin və elə Azərbaycan rəhbərliyinin də xüsusilə ilıq münasibətdə olduğu Rusiyadakı bilbordlarda Kiyevdəkiləri müqayisə etmək lazımdır. Rusiyadakı bilbordlarda «soyqırım» ifadəsi ilə yanaşı «Osmanlı imperiyası»nın adı qeyd edilir. Kiyevdəki lövhələrdə isə sadəcə olaraq, « Soyqırım qurbanları»nı anmaq çağırışı var.
Deyək ki, Ukrayna hökuməti ermənipərəstdir və bizim rəsmi təbliğat da bu ermənipərəstliyi dərhal qeydə alır. Amma bəs, axı Rusiyanın bu ermənipərəstliyi qarşı tərəfin adını xüsusi olaraq qeyd etməklə nümayiş etdirilir. «Osmanlı imperiyası» sözləri də yazılır. Həm də, onu nəzərər almaq lazımdır ki, Türkiyə hökuməti Krım münaqişəsi ərəfəsində birmənalı olaraq Rusiyanın yanında yer aldı və Krımın Rusiya ərazisi olduğunu təsdiq etdi.
Amma məni bir başqa məsələ də narahat edir. Hər dəfə Xocalı soyqırımı zamanı və ya 31 mart soyqırımının anım mərasimləri zamanı bizim diaspora təyinatı və məqsədi bəlli olmayan iri xərclər çəkərək effekti və heç bir təbliğat səmərəsi olmayan tədbirlər keçirirlər. Nəyə görə, bunların bir dəfə də ağlına gəlməyib ki, xarici ölkələrdə keçirilən bu tədbirlərdə hədəf qrupu olaraq hımin ölkələrdəki azərbaycanlıların deyil, yerli əhalinin ictimai rəyinə təsir edən tədbirlər keçirilsin ?
Konkret olaraq, Ukraynada,milyoner və ya milyarder azərbaycanlıların sayı belə ermənilərin sayından çoxdur. Bizim milyonerlər nə zaman belə aksiyalar təşkil etmək istədilər ki, kimsə onlara mane oldu? Olmayıb belə şeylər. Və təəssüf ki, bizimkilər soyqırım tədbirlərindən də pul silib yemək variantları axtarırlar».